Home / Aktual / 20 Yanvar qurbanlarının xatirəsi İsraildə yad edilib

20 Yanvar qurbanlarının xatirəsi İsraildə yad edilib

“Azİz” Beynəlxalq İsrail-Azərbaycan Assosiasiyası Azərbaycanın ictimai-siyasi və mədəni həyatında baş verən müxtəlif hadisələrlə əlaqədar tədbirlərdə fəal iştirak edir. DiasporNews Assosiasiyanın mətbuat xidmətinə istinadla xəbər verir ki, əslən Azərbaycandan olan, hazırda İsraildə yaşayanlar da 1990-cı il Qara yanvar günlərini unuda bilmirlər.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları xalqın etiraz çıxışlarını yatırmaq üçün Bakıya yeridildi. Nəticədə 147 insan həlak oldu, 744 nəfər gənc və ahıl, qadın və uşaq yaralandı. Həlak olanlar arasında yəhudilər də vardı. 22 yara almış Yan Meyeroviç, 17 yaşlı Vera Besantina və təcili tibbi yardım xidmətinin həkimi, əyninə ağ xalat geyib insanları xilas etməyə gəlmiş Aleksandr Marxevka milliyyətcə yəhudi idi.

2019-cu ildə 20 Yanvar Hüzn Günü ərəfəsində Yerusəlimdəki rus kitabxanasında “Qara Yanvar” qurbanlarının xatirəsinə həsr edilmiş anım gecəsi keçirilib. Zalda 20 Yanvar hadisələrinə həsr edilmiş plakatlar və fotoşəkillər qoyulmuşdu. Tədbirin qonaqları arasında Aleksandr Marxevkanın Beyer Şevadan gəlmiş qohumları –əmisi Yuri Marxevka, digər yaxın qohumları Mayya Speranskaya və Leonid Altşuller də vardı.

İsraildə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman və “Azİz” Assosiasiyasının Yerusəlim bölməsinin rəhbəri Aleksandr Aqranovski 1990-cı ilin yanvarında Bakıda baş vermiş hadisələr barədə danışıblar.

Yanvarın 21-də isə “Azİz” Assosiasiyasının Azərbaycan Mədəniyyət Mərkəzi “Qara Yanvar” qurbanlarının xatirə gecəsini təşkil edib. Mərkəzin direktoru Yeganə Salman tədbirə gələnlərə 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş faciə barəsində məlumat verib.

Sonra “Azİz” Assosiasiyasının baş direktoru Lev Spivak o dəhşətli gecənin şəxsən onun taleyinə göstərdiyi təsir barədə danışıb. Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə həlak olmuş Yan Meyeroviçin dul qadını Valentina Meyeroviçin söhbəti hamını riqqətə gətirib. “Azİz” Assosiasiyasının idarə heyətinin üzvləri Rauf Ağalarov, Mehman Quliyev, İsaak Press və əslən Azərbaycandan olan, həmin gün İsrailin bütün guşələrindən məxsusi bu tədbirdə iştirak etmək üçün gəlmiş bir çox başqaları Qanlı Yanvar hadisələri barədə xatirələrini bölüşüblər.

DiasporNews

Check Also

Paytaxtda peydə olan saxta məmurlar

Paytaxtda özünü Azəriqaz İstehsalat Birliyinin əməkdaşı kimi təqdim edərək, insanları aldadan şəxslər peyda olub. Onlar …

160*600