Home / Aktual / Azərbaycanlı alim Rusiyanın yubiley medalı ilə təltif edilib

Azərbaycanlı alim Rusiyanın yubiley medalı ilə təltif edilib

Rusiya Federasiyasının Hidrogen Energetikası üzrə Milli Assosiasiyası kimya elmləri doktoru, Mərkəzi Florida Universitetinin professoru Nazim Muradovu “Hidrogen texnologiyaları sahəsində xidmətlərinə görə və hidrogen energetikası sahəsində peşəkar fəaliyyətinin 40 illiyi münasibətilə” yubiley medalı ilə təltif edib.

Professor Muradov ABŞ Milli İxtiraçılar Akademiyasının üzvü, Hidrogen Energetikası üzrə Beynəlxalq Assosiasiyanın Direktorlar Şurasının üzvü və hidrogen energetikasına aid beynəlxalq jurnalın redaktorudur.

Əmək fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasında başlamış Nazim Muradov 1970-ci illərin axırlarında akademik Musa Rüstəmov ilə birlikdə hidrogen energetikasına aid elmi tədqiqat işlərinin proqramının əsasını yaradıb.

Professor Muradov 50 ixtiranın müəllifi və ya həmmüəllifidir. Bu ixtiraların bir qismi ABŞ-ın kosmik proqramında tətbiq edilib, onlara Amerika və Yaponiya şirkətləri tərəfindən lisenziya verilib. Onu da qeyd etməyə dəyər ki, bu il professor Muradov alternativ yanacaq və enerji mənbələrinin yeni növlərinin inkişafına verdiyi töhfəyə görə Beynəlxalq Jül Vern Mükafatı ilə təltif edilib. Bundan əlavə, o, elmi tədqiqat və ixtiraçılıq işində uğurlarına görə çoxsaylı təltiflərə və mükafatlara layiq görülüb.

DiasporNews

Check Also

Azərbaycanlı xanım Kamçatka gözəli seçilib

Rusiyanın Kamçatka diyarında ilk dəfə keçirilən “2018-ci ilin etno-gözəli” müsabiqəsinin qalibi azərbaycanlı Ruhiyyə Mustafayeva olub. …