Home / Aktual / Avroparlament Avropa Birliyinə Azərbaycanla saziş qadağası qoydu

Avroparlament Avropa Birliyinə Azərbaycanla saziş qadağası qoydu

İyulun 4-də Avropa Parlamenti Avropa İttifaqı ilə Azərbaycanın yeni sazişi üçün şərtlər siyahısını qəbul edib. Məlumatda qeyd olunur ki, şərtlərə görə gələcək saziş əsas azadlıqları təmin etməli, həmçinin korrupsiya, çirkli pulların yuyulması və vergidən yayınmaya qarşı mübarizəni nəzərdə tutmalıdır.

“Avropa İttifaqının əsas dəyərlərinə və hüquqlara hörmətin təmin edilməsi Aİ və Azərbaycan arasında münasibətlərin dərinləşməsi şərtlərindən biridir” Avropa Parlamentinin deputatları bildiriblər.

Aİ və Azərbaycan arasında hərtərəfli saziş üzrə danışıqların iştirakçıları üçün parlamentin tövsiyəsi 564 səs “lehinə”, 69 “əleyhinə” olmaqla qəbul edilib, 47 nəfər bitərəf qalıb.

Avropa Komissiyasının və Aİ xarici siyasət idarəsinin rəhbərini çağırışda deyilir:

“Aİ və Azərbaycan arasında münasibətlərin demokratiya, qanunun aliliyi, yaxşı idarəçilik, insan hüquqları və əsas azadlıqlara əməl olunması ilə şərtləndirilməsi təmin edilsin;

Azərbaycan hakimiyyəti yadda saxlamalıdır ki, əgər Aİ əsas dəyərlərinə və hüquqlarına əməl etməsə, heç bir hərtərəfli saziş ratifikasiya edilməyəcək”. Bundan başqa, danışıqlar başa çatana qədər Azərbaycanın öz siyasi və vicdan məhbuslarını azad etməsinin vacibliyi, məhkəmə sistemində islahatlara, iqtisadi  cinayətlərə, korrupsiya, pulların yuyulması, vergidən yayınmaya qarşı mübarizəyə dair konkret tədbirlər görülməsinə çağırış edilib.

Sənəddə bildirilir ki, Avropa parlamentinin deputatları ümid edirlər ki, əgər əsas şərtlər yerinə yetirilərsə, 2019-cu ildə Aİ-Şərq Tərəfdaşlığı sammitinə qədər Azərbaycanla yeni saziş imzalana bilər.

Onlar həmçinin təkidlə Aİ-ni Avropa Parlamenti öz razılığını verməyincə yeni sazişin ilkin qaydada qüvvəyə minməməsini təmin etməyə çağırıblar.

Deputat Elman Nəsirov “Yeni Müsavat”a bildirib ki, 2017-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin Brüsselə Avropa Birliyinə səfərindən sonra hərtərəfli sazişin imzalanması ilə bağlı danışıqlar prosesinə start verilib. Aradan keçən müddətdə bu istiqamətdə xeyli məsafə qət edilib, xeyli işlər görülüb. Çoxsaylı görüşlər keçirilib. Belə bir məqamda Avropa Parlamentinin belə bir addım atması, şərtlər irəli sürməsi, xüsusilə siyasi məhbuslarla bağlı iddialar ortaya atması, onların siyasi məhbus hesab etdikləri şəxslərin azad olunmayacağı halda Avropa Birliyinə Azərbaycanla bağlı təzyiqlər göstərməsi müəyyən düşüncələrə əsas verir: “Bu gün Avropa Parlamenti belə bir addım atırsa, artıq həmin qurumun daxilində bu addımın atılması üçün iş aparıldığına şübhə yeri qoymur. İndi, sadəcə, nəticəni elan edirlər. Baxanda ki, bunlar nə istəyirlər, əsas iradları nədir, bizdən nə istəyirlər görürsən ki, onların qoyduğu məsələlərin böyük əksəriyyəti əslində Azərbaycanda həllini tapıb. Ona görə də yanaşmalar özü onu göstərir ki, kökündən yanlış mövqe sərgiləyirlər. Bir çox ölkələrlə müqayisə etsək görəcəyik ki, Azərbaycan demokratik prinsiplərə əməl edilməsi sahəsində kifayət qədər ciddi nəticələrə imza atıb. Məsələn, bir çox nəhəng dövlətlərdə belə ölüm hökmü ləğv edilmədiyi halda, Azərbaycan uzun illər öncə bu addımı atıb. Azərbaycanda senzura yoxdur. Ölkə əhalisinin 80 faizindən çoxunun azad internetdən istifadə imkanları var. Azad internetin olduğu ölkədə söz azadlığının olmadığını iddia etmək məntiqsizlikdir. Azərbaycanda şəffaf seçkilər keçirilir.

Ermənistan kimi korrupsiyaya uğramış, heç bir beynəlxalq hüquq normasına əməl etməyən  bir ölkə ilə Avropa Birliyi saziş imzalayır və Avropa Parlamenti buna etiraz etmir. Amma Azərbaycan kimi ölkə ilə saziş imzalanmasına əngəl yaradırlar. Bu, açıq-aşkar ikili standartların nəticəsidir. Bu, məqsədyönlü şəkildə Azərbaycana təzyiq elementlərindən biridir”.

E.Nəsirov qeyd etdi ki, Azərbaycana bu yolla təzyiq etmək istəyirlər. Çalışırlar ki, Azərbaycan hakimiyyəti müstəqil daxili və xarici siyasət kursuna yenidən baxsın, Avropa Parlamentinin və digər bu kimi beynəlxalq təşkilatların diksiyası ilə fəaliyyət göstərsin: “Yəni öz xalqının mənafeyindən deyil, o təşkilatların maraqlarından fəaliyyət göstərsin. Belə yanaşmalarla Azərbaycana təzyiq göstərib onu seçdiyi haqq yolundan döndərmək mümkün deyil. Bizim öz yolumuz var”.

Deputat hesab edir ki, Avropa Parlamentinin qadağa xarakterli şərtlərini irəli sürməsi o demək deyil ki, saziş məsələsinə birdəfəlik nöqtə qoyuldu: “Bu, hansısa mərhələ üçün bir təzyiqdir. Danışıqlar prosesində mövqe üstünlüyü əldə etmək istəyirlər. Yəni məsələyə nöqtə qoyulması demək deyil. Sazişin mətnini Avropa Parlamenti hazırlamayıb. Məhz biz hazırlamışıq. Azərbaycanın hazırladığı saziş layihəsinə Avropa İttifaqının baxıb müəyyən düzəlişlər eləməsi mümkündür. Sadəcə olaraq, Avropa Parlamenti suyu bulandırır və bulanıq suda balıq tutmaq siyasətini həyata keçirir. Təbii ki, Avropa Parlamenti dərk edir ki, Azərbaycanın Avropa İttifaqı üçün hansı böyük dəyəri var. Azərbaycan kimi müttəfiqi itirmək Avropa İttifaqının mənafeyinə uyğun deyil”.

DiasporNews

Check Also

“Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv iştirak” mövzusunda təlim keçirilib

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə …

160*600