Home / Aktual / Azər Badamov: Növbəti paradımız qələbə paradı olacaq

Azər Badamov: Növbəti paradımız qələbə paradı olacaq

“Azərbaycan Xalq Cümhuriyyətinin, eləcə də Azərbaycan ordusunun 100 illiyi ilə bağlı təşkil olunmuş parad möhtəşəm idi. Paradda nümayiş olunan müasir hərbi texnika və canlı qüvvə onu göstərir ki, Azərbaycan ordusunu dünyanın ən inkişaf etmiş ölkələrinin ordusu ilə bir sıradadır”.

DiasporNews hafta.az-a istinadən xəbər verir ki, bunu öz açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. O, bildirib ki, Azərbaycanın ərazisinin 20 faizi uzun illərdir işğal altında olduğu üçün bu müddət ərzində biz ordumuzu gücləndirməli idik: “Belə vəziyyət həmişəlik davam edə bilməz. Torpaqlarımızı azad etmək üçün son ümid yeri milli ordumuzdur. Ona görə də dövlət büdcəsindən böyük vəsait orduya ayrılır və on illərdir ki, Azərbaycan Silahlı Qüvvələri böyük inkişaf yolu keçib. İndi isə göründüyü kimi, Azərbaycan Ordusu qarşısına qoyulan hər bir tapşırığı yerinə yetirmək iqtidarındadır.
İllərdir torpaqların azad olunması istiqamətində danışıqar gedir və nəticə yoxdur. Odur ki, bizim son ümidimiz ordumuzdur. Azərbaycan ordusunun bu səviyyəyə gəlib çatmasının kökündə iqtisadiyyatmız dayanır. Yalnız iqtisadiyyatı güclü olan dövlətlər güclü ordu yarada bilər. Bizim ordu işğalçı Ermənistan ordusu ilə heç vaxt müqayisə oluna bilməz. 26 iyun paradından sonra hətta düşmən mətbuatında da Azərbaycan ordusunun möhtəşəmliyi barədə məlumatlar oxuyuruq və bu parad onlara bir mesaj idi. Əgər biz doxsanıncı illərdə top-tüfənglə müharibə aparırdıqsa, bu gün müasir silahlarla, sputnikdən idarə olunan texnika ilə döyüşüb, qalib gələcəyik. Düşmən də artıq bunu anlayır və hərbi gücümüzə bələddir. Düşünürəm ki, növbəti paradımız qələbə paradı olacaq. Bu parad da, paradda dalğalanan bayraqlar da Qarabağda olacaq. Azərbaycanın gücü, iradəsi bunu deməyə əsas verir”.

Azər Badamov deyir ki, artıq ordumuz müasir texnika və texnologiyalarla təchiz olunub, əsgər və zabitlərimizin pəşəkarlığı dəfələrlə artıb: “Azərbaycan əsgəri və zabitləri ən müasir silahları idarəetmə bacarıqlarına yiyələnib, istənilən an qarşısına qoyulan tapşırığı yüksək səviyyədə icra etmək iqtidarındadır. Bunu 2016-cı ilin aprel hadisələri də sübut etdi. Azərbaycan ordusu bu gün ən müasir silahlarla və havadan müdafiə sistemləri ilə silahlanıb. Azərbaycan Hərbi Sənayesi Nazirliyi 1000-dən çox çeşiddə silah-sursat istehsal edir. Ordumuz müasir elmi nailiyyətlərlə idarə olunur. Sputnik xidmətlərindən hərbimiz yüksək bacarıqla istifadə edir. Beləliklə, beynəlxalq hərbi ekspertlərin rəyinə görə, Azərbaycanın Milli Ordusu dünyanın ən güclü 50 ordusu arasında yer alır.

Bugünkü hərbi parad həm də düşmənə bir mesaj idi. Yəni, bizim gücümüz var və hər zaman öz gücümüzdən istifadə edə bilərik. Əgər gücümüzdən istifadə etsək, düşmənin pis vəziyyətdə qalacağı bugünkü paradda bir daha sübut olundu. Çünki biz dünyada ayrı-ayrı ölkələrdə keçirilən hərbi paradları izləyirik. Bu gün Bakıda Azadlıq Meydanında keçirilən parad bir daha onu deməyə imkan verir ki, bizim paradımız hər bir paraddan üstün və dünyanın inkişaf etmiş ölkələrinin paradları ilə müqayisə oluna biləcək səviyyədə idi. Bu, Azərbaycan dövlətinin gücüdür. Təbii ki, torpaqlarımızın işğaldan azad edilməsində həlledici rol oynaya biləcək qüvvədir, həm də Azərbaycanın ərazi bütövlüyünün təminatçısıdır. Bu parad hər birimizdə qürur hiss oyadır, vətənpərvərlik hissini daha da möhkəmlənir.

Ordu bizim müstəqilliyimizin, təhlükəsizliyin təminatçısıdır. Ən əsası da odur ki, ordumuza yüksək iradəli, düzgün və lazımi anda qərar verən Ali Baş Komandan rəhbərlik edir. Belə Ali Baş Komandanı olan ordu gələcəkdə də daha da inkişaf etməli, öz gücünü daha da artırmalıdır”.

DiasporNews

Check Also

Almatıda Azərbaycan bədii filmi nümayiş etdiriləcək

Qazaxıstanın Almatı şəhərində “Şaken Aymanov” beynəlxalq film festivalı keçirilir. Bir sıra ölkələrdən qonaqların dəvət olunduğu …