Home / Aktual / “Azərbaycan alimləri diasporu” informasiya sistemi istifadəyə verilib

“Azərbaycan alimləri diasporu” informasiya sistemi istifadəyə verilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən yaradılan “Azərbaycan alimləri diasporu” informasiya sistemi – www.elmidiaspora.az saytı istifadəyə verilib.
Diasporla iş üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, AMEA-nın elmi müəssisə və təşkilatları, həmçinin ölkənin bir sıra təhsil müəssisələri ilə birgə əməkdaşlıq çərçivəsində ərsəyə gələn saytda xarici ölkələrdə yaşayan alimlər haqqında zəruri məlumatlar yerləşdirilib.
Saytın yaradılmasında əsas məqsəd xarici ölkələrdə yaşayan Azərbaycan alimləri haqqında vahid informasiya bazasının formalaşdırılması, onların əldə etdiyi elmi nailiyyətlərin ölkə və dünya ictimaiyyətinə tanıdılması, həmçinin əməkdaşlıq imkanlarının genişləndirilməsidir.
Statistik məlumatlara görə, Rusiyada 197, Türkiyədə 134, ABŞ-da 26 olmaqla, ümumilikdə, dünyanın 39 ölkəsində 500 azərbaycanlı alim fəaliyyət göstərir. Onlardan 440-ı kişi, 60-ı qadındır. Həmin alimlər, əsasən, riyaziyyat (91), tibb elmləri (54) və fizika (47) sahələrini təmsil edirlər.
Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən saytda müxtəlif göstərici üzrə axtarış imkanı da yaradılıb.
“Azərbaycan alimləri diasporu” informasiya sistemi açıq informasiya resursu olduğu üçün onun mütəmadi təkmilləşdirilməsi, müvafiq dəyişikliklərin həyata keçirilməsi və xarici ölkələrdə yaşayan azərbaycanlı alimlər haqqında yeni məlumatların əlavə edilməsi mümkündür.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2016-cı il 20 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” çərçivəsində diaspor fəaliyyəti ilə bağlı nəzərdə tutulan işlərə dəstək məqsədilə AMEA-nın Rəyasət Heyəti “Azərbaycan alimləri diasporu” informasiya sisteminin işlənməsi haqqında qərar qəbul edib, qərarın icrası İnformasiya Texnologiyaları İnstitutuna tapşırılıb.

Check Also

Hansı daşı daş üstünə qoymusan ki?

”Dəlib deşir ürəyi, dərt ürəkdə qalanda. Dərdləşmək gözəl işdi, dərdini duyan ola” Rəhmətlik Zəlmixan Yaqubun …

160*600