Home / Aktual / Azərbaycan və Özbəkistan şəhərləri qardaşlaşır

Azərbaycan və Özbəkistan şəhərləri qardaşlaşır

Azərbaycanın İsmayıllı rayonu ilə Özbəkistanın Fərqanə Vilayətinin Riştan şəhəri arasında qardaşlaşmış şəhərlər statusu haqqında müqavilə imzalanacaqdır.

DiasporNews xəbər verir ki, sözügedən layihə Özbəkistandakı Azərbaycan Səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilir. İsmayıllı və Riştan şəhərləri arasında oxşarlıq və yaxın xüsusiyyələr mövcuddur. Hər iki rayon tarixən ticarət yollarının üzərində yerləşib, öz sənətkarlığı və əl işləri ilə dünyada tanınır.

“Azərbaycanın sənətkarlıq paytaxtı” elan edilmiş İsmayıllı özünün sənətkarlıq ənənələri, rəngarəng əl işləri, ipəkçilik sənəti, zəngin təbiəti, turizm ehtiyyatları, tarixi-mədəniyyət abidələri ilə şöhrət qazanmışdır. İsmayıllı Azərbaycan misgərlik sənətinin, habelə ipəkçilik sənətinin mərkəzidir. İsmayıllı rayonunun Lahıc qəsəbəsində ənənəvi xalq sənəti olan misdən qabların və müxtəlif məhsulların istehsalı həyata keçirilir. 2015-ci ildə Lahıc misgərlik sənəti YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

Özbəkistan Respublikasının şərqində yerləşən Rişton rayonu Böyük İpək Yolunun üzərində Ferqanə vadisinin ən qədim şəhərlərindən biridir. Qədim dövrlərdən bəri Orta Asiyadakı unikal şüşəli keramika istehsalı üçün ən böyük mərkəz kimi tanınan Riştanın tarixi bizim eranın II əsrinə təsadüf edir. 1899-cu ildə Parisdə keçirilən keramika sənəti üzrə Dünya Sərgisində Riştan keramika kolleksiyası birinci yerə layiq görülənlər arasında olub.

Riştan keramikaları tarixi və memarlıq abidələrinin müxtəlif çiçək bəzəklərinin mozaikasını bərpa etmək üçün geniş istifadə edilir, bu günə qədər keramika istehsalı, rənglənməsi ənənələri şəhərdə davam etdirilir. Hazırda şəhərdə 3000-dən çox keramika sənətkarı vardır. Riştan ustalarının əsərləri Özbəkistan Dövlət İncəsənət Muzeyinin, Moskva şəhərindəki Şərq İncəsənət Muzeyinin, Sankt-Peterbur Etnoqrafiya Muzeyi, Dövlət Ermitaj Muzeyinin, ABŞ, Böyük Britaniya və Yaponiya muzey kolleksiyalarını bəzəyir.

Cari il 3-4 dekabr tarixində Azərbaycanın İsmayıllı rayonundan olan nümayəndə heyəti Fərqanə vilayəti Riştan şəhərində səfərdə olacaqlar. Nümayəndə heyətinə İsmayıllı rayon İcra Hakimiyyətinin, müxtəli idarələrin rəhbərləri, habelə Azərbaycanın Özbəkistandakı Səfiri, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru və jurnalistlər daxil edilmişdir. Öncə nümayəndə heyətini Riştan və Fərqanə şəhər hakimiyyətinin rəhbərləri tərəfindən qəbul ediləcək, sonra Riştan və İsmayıllı şəhər rəhbərliyi arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Əməkdaşlıq sazişi imzalanacaqdır.

Sazişə əsasən tərəflər elm, təhsil, mədəniyyət, səhiyyə, idman, turizm və qarşılıqlı maraq doğuran digər məsələlərdə əməkdaşlıq münasibətlərinin qurulmasını razılaşdıracaqlar. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun mətbuata verdiyi məlumata görə Azərbaycan və Özbəkistan şəhərləri arasında “qardaşlaşmış şəhərlər” layihəsi ilk dəfə olaraq həyata keçirilir və hər iki şəhər öz zəngin mədəniyyəti, qədim tarixi, turizm gözəllikləri ilə ölkəmizə gələn turistləri valeh edir.

Diplomat qeyd edib ki, Azərbaycan və Özbək xalqlarının tarixini, gözəl təbiətini, xalqın istedadını, həyat və məişətini, geyim mədəniyyətini, gündəlik güzəranını nümayiş etdirən xalq sənəti ölkələrimiz haqqında tam təsəvvür yaratmağa geniş imkan verir. Hər iki ölkənin füsunkar diyarları olan İsmayıllı və Riştan milli mədəniyyətimizə daim öz töhvələrini vermiş və onu zənginləşdiriblər. O, vurğulayıb ki, sözügedən müqavilədən sonra İsmayıllı və Riştan arasında əlaqələr daha da dərinləşəcək, çoxsaylı mübadilə proqramları, birgə layihələr həyata keçiriləcəkdir.

Samir Abbasov səfər çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda ölkəmizə dair özbəkcə nəşr olunmuş kitab kolleksiyasının Fərqanə Vilayət Mərkəzi Kitabxanasına və Fərqanə Dövlət Universitetinin kitabxanasına hədiyyə ediləcəyini bildirib. Qeyd edək ki, qardaşlaşmış şəhərlər coğrafi olaraq bir-birindən uzaq olan yaşayış məskənlərinin, mədəni və ticari əlaqələri ilə ortaya gətirdikləri birlikdir.

DiasporNews

Check Also

Vaşinqtonda Parlamentin 100 illiyi qeyd edilib – FOTOLAR

ABŞ-ın paytaxtında məşhur Hərbi Dəniz Qüvvələrinin Mərkəzində Azərbaycan Parlamentinin 100-ci ildönümü ilə əlaqədar ziyafət təşkil …