Home / Aktual / Azərbaycanda 6 minə yaxın xarici tələbə təhsil alır

Azərbaycanda 6 minə yaxın xarici tələbə təhsil alır

VI Bakı Beynəlxalq Humanitar Formu davam edir. DiasporNews xəbər verir ki, forumun ikinci günündə ADA Universitetində “Gələcəyimizə sərmayə: dayanıqlı və inklüziv inkişafa doğru” mövzusunda dəyirmi masa keçirilib. Əvvəlcə Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbərinin müavini Hikmət Hacıyev dəyirmi masa iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinmüraciətini oxuyub.  Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov çıxışında bildirib ki, müxtəlif illərdə Azərbaycan universitetlərində 90 ölkəni təmsil edən 15 mindən artıq əcnəbi təhsil alıb:

“Ölkəmizdə “Azərbaycanın Əcnəbi Məzunlarının Beynəlxalq Assosiasiyası”nın yaradılması çox vacib addımdır. Bu gün bir çox xarici ölkələrin tələbələri Azərbaycanda təhsil alır. Bu baxımdan xarici tələbələrin ADA Universitetində oxuması təsadüfi deyil. Çünki bu ali məktəb özünü artıq dünyaya tanıda bilib. Eyni sözü Azərbaycan Dövlət Neft və Sənaye Universiteti haqqında da deyə bilərəm”.

ADA Universitetinin rektoru Hafiz Paşayev bildirib ki, hazırda Ada Universitetində 40 ölkədən 99 tələbə oxuyur. ADA Universitetinin çox yaxşı akademik nailiyyətlər əldə etdiyini deyən rektor Azərbaycanda yaxşı kadrların olduğunu, ona görə də gələcəyə ümidlə baxdıqlarını söyləyib. Təhsil naziri Ceyhun Bayramov deyib ki, təhsilə qoyulan sərmayə sonralar hər il ölkəyə 10 faiz əlavə gəlir gətirir: “Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Son illərdə insanların ali təhsil almaq imkanları daha da yaxşılaşır. Azərbaycanda çox yaxşı təhsil islahatları aparılır”.

C.Bayramov bildirib ki, hazırda ölkəmizdə 6000-dən çox xarici tələbə təhsil alır. Onun sözlərinə görə, beynəlxalq təqaüdlərin sayının artması Azərbaycanda təhsil alan xarici tələbələrin sayını daha da artıracaq. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə isə çıxışında deyib ki, BakıHumanitar Forumuna dünya səviyyəsində yüksək maraq göstərilir: “İctimai tərəqqinin əsas təkanverici qüvvəsi elmdir. Elm cəmiyyətin problemlərinin həllinə çox kömək edə bilər. Ümumiyyətlə, 21-ci əsr fizika əsri adlandırılır. Lakin biologiya sahəsi getdikcə daha çox dəyər qazanmağa başlayıb. Biologiya sahəsində olan tədqiqatlar dəfələrlə çoxalıb.Yaxın illərdə molekulyar biologiya sahəsində də ciddi irəliləyişlər gözlənilir. Bu gün İKT-nın inkişafı bizim həyatımıza çox təsir edib. Bu gün bütün dünyada humanitar elmlərə daha az diqqət göstərilməyə başlanılıb. Texniki sahələrə isə diqqət artıb”.

Akif Əlizadə qeyd edib ki, Ermənistan 25 ildir Azərbaycan ərazilərinin 20 faizini işğal edib: “Ermənistanın Azərbaycana təcavüzü nəticəsində qaçqın və məcburi köçkünlərin sayı 1 milyondan artıqdır. Azərbaycan qaçqın və məcburi köçkünlər üçün son 15 ildə 6 milyard dollar pul xərcləyib. Bu məbləğ onların həyat səviyyəsinin, təhsil almalarına xərclənib.

Daha sonra Xarici Işlər Nazirliyinin Beynəlxalq Inkişafa Yardım Agentliyi tərəfindən “Azərbaycanın Əcnəbi Məzunlarının Beynəlxalq Assosiasiyası”nın təqdimatı keçirilib.

DiasporNews

Check Also

Difahi Fədailər hərəkatının nümayəndələri Keşikçidağda

14 iyul 2019-cu il tarixində Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini …

160*600