Home / Aktual / Azərbaycanla bağlı məqalə “China Daily” qəzetində

Azərbaycanla bağlı məqalə “China Daily” qəzetində

Azərbaycan Şərqi Avropa və Qərbi Asiya arasındakı yolların kəsişməsində yerləşir. Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsündə iştirak edərək, bu yaxınlarda Şanxayda keçirilmiş 1–ci Çin Beynəlxalq İdxal Sərgisi də daxil olmaqla, Çin ilə müxtəlif layihələrdə əməkdaşlıq edir. Bu barədə Çinin nüfuzlu “China Daily” qəzetində dərc olunan “Azərbaycan Çinə gələndə…” başlıqlı məqalədə qeyd olunur.

Qəzet bu yaxınlarda Çinin Benbu şəhərində keçirilmiş 2-ci Çin ticarət və mədəni mübadilə beynəlxalq forumu, paralel olaraq Çin beynəlxalq musiqi alətləri sərgisi çərçivəsində təşkil edilmiş “Əsrarəngiz Azərbaycan musiqisi Benbu şəhərində” adlı konsertdən də söz açır. Bildirilir ki, Azərbaycan musiqi irsində xüsusi yeri olan muğam sevgi və hörməti tərənnüm edir. Özünəməxsus quruluşu olan muğam musiqiçilərin improvizasiyalı ifasına uyğun bir musiqi janrıdır. Çin ilə Azərbaycan musiqisi arasında böyük fərqlər olsa da, musiqi müxtəlif xalqlar arasında kommunikasiya üçün ən yaxşı vasitədir.

“China Daily” Çinin Benbu şəhərində tikilən “Memarlıq və mədəniyyət sərgisi parkı” layihəsini həyata keçirən “Shanghai Xiangjiang” sənaye şirkətinin rəhbəri Ma Quosiana istinadla yazır ki, həmin parkda Azərbaycanın mədəniyyət və incəsənət pavilyonu yaradılacaq.

Məqalədə Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallının Memarlıq və mədəniyyət sərgisi parkında açılacaq Azərbaycan pavilyonu ilə bağlı fikirlərinə də yer verilib. Səfir bildirib ki, pavilyon Azərbaycan-Çin ikitərəfli münasibətlərin inkişafına müsbət təsir etməklə yanaşı, xalqlarımız arasında dostluq körpüsü rolunu oynayacaq. Bu, Azərbaycanın Çində ilk mədəniyyət pavilyonu olaraq, ölkənin mədəni irsi, o cümlədən memarlığını, musiqisini, xalçaçılıq sənətini və digər incəsənət növlərinə aid işləri nümayiş etdirəcək. Pavilyon Çin xalqının Azərbaycan mədəniyyətini yaxından tanıması üçün yaxşı bir imkan olacaq.

DiasporNews

Check Also

Azərbaycanlı xanım Kamçatka gözəli seçilib

Rusiyanın Kamçatka diyarında ilk dəfə keçirilən “2018-ci ilin etno-gözəli” müsabiqəsinin qalibi azərbaycanlı Ruhiyyə Mustafayeva olub. …