Home / Aktual / Azərbaycanlı əsirlərdən Peterburq bazarına məktub gedib? – Konsulluqdan açıqlama

Azərbaycanlı əsirlərdən Peterburq bazarına məktub gedib? – Konsulluqdan açıqlama

Bu günlərdə sosial şəbəkələrdə bloqqerlərdən biri Sankt-Peterburqda yaşayan və “Sofiysk” meyvə-tərəvəz bazasında işləyən azərbaycanlının ona göndərdiyi səs yazısını yayıb. Həmin səs yazısında iddia edilirdi ki, bazarda alver edən azərbaycanlılardan biri Ermənistandan göndərilən ərik yeşiklərindən birində məktub tapıb. Həmin məktub iddiaya görə Ermənistanda uzun illərdir saxlanılan və ərik bağlarında qul kimi işlədilən azərbaycanlı əsirlər tərəfindən yazılıb. Və məktubu yazanlar Azərbaycandan kömək istəyiblər və onları xilas etmək üçün yalvarıblar. Səs yazısını göndərən bildirir ki, həmin məktubu tapan azərbaycanlı onu Sankt-Peterburqdakı Azərbaycan konsulluğuna təqdim edib.

Ermənistanda azərbaycanlı hərbi əsirlərin və mülki şəxslərin saxlanıldığı, qul kimi istismar edildiyi, öldürüldüyü və daxili orqanlarının satıldığı barədə əslində çoxdan məlumdur. Rəsmi məlumata görə hələ də 4 minə yaxın azərbaycanlı erməni əsirliyində saxlanılır, yaxud onların sağ olub-olmadığı məlum deyil. Bu baxımdan iddia edilən məktub Ermənistanda saxlanılan azərbaycanlı əsirlərin izinə düşmək üçün ciddi dəlil ola bilərdi.

Lakin Sankt-Peterburqdakı baş konsulumuz Sultan Qasımov virtualaz.org-a bildirib ki, sosial şəbəkələrdə Ermənistanda olan azərbaycanlı əsirin məktubunun konsulluğa təqdim edilməsi ilə bağlı yayılan məlumat kökündən yalandır. Konsulun sözlərinə görə, belə bir hadisə baş verməyib, yəni azərbaycanlı əsirlərdən göndərildiyi iddia olunan hansısa məktub konsulluğa verilməyib.

“Yayılan səs yazısında deyilənlərin hamısı yalandır.Qeyd olunur ki, guya Ermənistanda əsirlikdə olan azərbaycanlının meyvə yeşiyinin içində göndərdiyi məktub baş konsulluğa təqdim olunub. Baş konsulluqda 4-5 diplomat çalışır. Bunlardan 3 nəfər konsul, bir nəfər baş konsuldur. Məktub verilibsə, kimə təqdim olunub?”-S.Qasımov deyib.

Diplomatın bildirdiyinə görə konsulluqda  24 saat videoçəkiliş gedir. Konsulluğa təqdim olunan bütün məktublar qeydə alınır. Məktubu təqdim edən şəxs videoya düşür.

“Bu, o qədər uydurma, yalan, təxribat xarakterli bir məlumatdır ki, adam buna reaksiya verməyə belə çətinlik çəkir. İddia edənin adı, soyadı da yoxdur ki, ona müraciət edək. Mən, baş konsul kimi fürsətdən istifadə edib, məktubu baş konsulluğa təqdim etdiyini iddia edən şəxsə səslənirəm. Qoy, gəlsin baş konsulluğa. Biz burada 5-6 diplomat işləyirik. Gəlsin, girsin içəri, baxsın üzümüzə və desin ki, məktubu kimə verib. Axı, əgər məktub verilibsə, biz onu niyə gizlədək?! Əksinə, belə məktub varsa, bunu yayardıq, Ermənistanın əsirlikdə olan həmyerlilərimizin çəkdiyi iztirabları göstərərdik”-diplomat bildirib.

Sultan Qasımov  Peterburqda yerləşən Sofiyskaya meyvə-tərəvəz bazasında çalışan həmyerlilərimizə də müraciət etdiklərini deyib: “Həmin meyvə-tərəvəz bazasında çoxlu sayda həmyerlilərimiz çalışır. Biz onlarla danışdıq. Onlar bildirdilər ki, əgər belə bir məktub olsaydı, biz azərbaycanlılar bundan dərhal xəbər tutardıq və bu məlumatı tez yayardıq. Bilinmir ki, məktub nə vaxt çıxıb, kim gətirib və kimə verib. Yenə deyirəm, məktubu gətirdiyini iddia edən adam gəlsin baş konsulluğa, məktubu kimə verdiyini desin. Belə bir məktubla insan bura gəlməyib”.

 

DiasporNews

Check Also

“MeqaFon-un Qarabağı müstəqil dövlət sayması Rusiya-Azərbaycan münasibətlərinə təhlükədir”

Rusiya Azərbaycanlılar İttifaqı MeqaFon mobil operatorundan qərarın dərhal dəyişdirilməsini tələb edir “Rusiyanın ikinci böyük mobil …

160*600