Home / Aktual / Bir çox ölkələrdə Heydər Əliyevin xatirəsi yad edilib

Bir çox ölkələrdə Heydər Əliyevin xatirəsi yad edilib

Azərbaycanın Kolumbiyadakı səfirliyində xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. Müvəqqəti işlər vəkili Həmid Zeynalov tədbirdə çıxış edərək görkəmli dövlət xadimi Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan bəhs edib. Qeyd edib ki, Azərbaycanın müstəqil dövlət kimi formalaşması bütün həyatını xalqının tərəqqisinə həsr edən Ümummilli Liderimizin əzmkar fəaliyyətinin nəticəsində mümkün olub, məhz ulu öndər Heydər Əliyevin sayəsində müstəqilliyimiz əbədi və dönməz xarakter alıb.

Ulu Öndərin əziz xatirəsinin ölkəmizdə və onun hüdudlarından kənarda ehtiramla yad edildiyini bildirən Həmid Zeynalov ümummilli lider Heydər Əliyevin müstəqil dövlətimizin hərtərəfli inkişafı yolundakı əvəzsiz tarixi xidmətlərindən danışıb. Diqqətə çatdırıb ki, Ümummilli Liderin müdrikliyi və apardığı düzgün siyasət sayəsində Azərbaycan qısa müddət ərzində bütün təhlükələrdən qurtularaq sabitlik, inkişaf dövrünə qədəm qoydu. Bu gün Azərbaycanın Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdiyini xüsusi qeyd edən diplomat son illər ölkəmizin qazandığı mühüm nailiyyətlər barədə ətraflı məlumat verib.

Tədbirdə çıxış edən Türkiyənin Kolumbiyadakı səfiri Ece Öztürk Çil Heydər Əliyevin türk dünyasının ən böyük liderlərindən biri olduğunu söyləyərək deyib: “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur. Türkiyə-Azərbaycan qardaşlığını möhkəm təməllər üzərində quran və inkişaf etdirən bu dahi şəxsiyyətdir”. Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.

Azərbaycanın Mərakeşdəki səfirliyində də ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib. Mərasimdə diplomatik nümayəndəlin əməkdaşları, yerli ictimai xadimlər, jurnalistlər, Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri iştirak ediblər. Azərbaycanın Mərakeşdəki səfiri Oktay Qurbanov müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin keçdiyi mənalı və zəngin həyat yolundan, Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edib, eləcə də ölkəmizdə bütün sahələrdə aparılan geniş və məqsədyönlü islahatlardan danışıb. Ulu Öndərin Mərakeş Kralı II Həsən ilə görüşünə toxunan səfir ümummilli lider Heydər Əliyevin Azərbaycan-Mərakeş münasibətlərinin formalaşmasında və inkişafındakı rolunu xüsusi vurğulayıb.

Diplomat tədbir iştirakçılarına Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycanda aparılan mütərəqqi islahatlar və əldə olunan nailiyyətlər barədə məlumat verib. Tədbirdə çıxış edən Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin baş katibi Məhəmməd Fəqiri Ulu Öndərin İslam dünyası və ərəb ölkələri ilə ikitərəfli əməkdaşlıq və dostluq münasibətlərinə xüsusi önəm verdiyini qeyd edib. Səfirliyin foyesində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən kitablardan ibarət sərgi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Azərbaycanın Aktaudakı baş konsulluğunun təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. Tədbirdə Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin, “Azərbaycanın Qazaxıstanda Biznes İnvestisiyası Assosiasiyası”nın (ABİA) üzvləri, Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin tələbələri iştirak ediblər.

Əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycanın Aktaudakı baş konsulluğunun rəhbəri Elxan Zeynalov çıxış edərək, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edib, Ulu Öndərin müstəqil Azərbaycan Respublikasının qurulmasında və möhkəmlənməsindəki əvəzsiz xidmətlərindən danışıb. Qeyd edib ki, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkəmiz bütün sahələrdə sürətlə inkişaf edib, ciddi nailiyyətlər qazanıb.

Daha sonra, Azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin sədri, şəhər maslixatının deputatı Şəmsəddin Hüseynov, professor Yusif Quliyev ulu öndərin ölkəmizdən kənarda yaşayan azərbaycanlılara göstərdiyi diqqət və qayğıdan bəhs ediblər. Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı Brüsseldə Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyinin, NATO yanında daimi nümayəndəliyinin və yerli diaspora təşkilatlarının təşəbbüsü ilə tədbir keçirilib. Anım tədbirində əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən səfir Fuad İsgəndərov Ulu Öndərin keçdiyi şərəfli ömür yolundan bəhs edib, ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi, iradəsi və əvəzsiz siyasi strategiyası sayəsində Azərbaycanın bu gün dünya ölkələri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edildiyini bildirib. Qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu öndər Heydər Əliyevin dünyanın görkəmli siyasi xadimləri arasında xüsusi yerinin və nüfuzunun olduğunu diqqətə çatdıran F.İsgəndərov deyib ki, Ümummilli Liderin əziz xatirəsi daim qədirbilən Azərbaycan xalqının qəlbində yaşayacaq.

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib. Tədbirdə Azərbaycanın Almaniyadakı diaspor təşkilatlarının nümayəndələri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar və səfirliyin əməkdaşları iştirak ediblər. Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir iştirakçıları tərəfindən Ümummilli Liderin büstü önünə güllər qoyulub.

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov tədbirdə çıxış edərək sovet dövründə və müstəqilliyimizi bərpa etdikdən sonra müasir Azərbaycan dövlətinin qurulmasında, möhkəmlənməsində və inkişafında Ulu Öndərin əvəzsiz xidmətləri barədə məlumat verib. Səfir 1993-cü ildə xalqın arzusu və təkidi ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyevin Azərbaycanı məhv olmaq təhlükəsi və parçalanmaqdan xilas etdiyini, yeni yaranmış dövlətin gələcək üçün siyasi-iqtisadi inkişaf strategiyasını müəyyənləşdirdiyini qeyd edib.

Ümummilli Liderin rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində “Əsrin müqaviləsi”nin imzalandığı, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi nəhəng transmilli layihələrin təməlinin qoyulduğu xatırladılıb. Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasətin, eləcə də strateji kursun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunub. Səfir bu siyasətin nəticəsində Azərbaycanın davamlı və dinamik inkişaf edən ölkəyə çevrildiyini, beynəlxalq aləmdə etibarlı tərəfdaş imici qazandığını nəzərə çatdırıb. O, dünyada gedən qlobal proseslər, iqtisadi, siyasi ziddiyyətlər, yer üzündə sülhə, əmin-amanlığa, dayanıqlı inkişafa mane olan regional, dini və etnik münaqişələr fonunda torpaqlarımızın Ermənistan tərəfindən işğalına və işğalın nəticələrinə toxunub. Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycanın sabit və davamlı tərəqqi yolunu davam etdirdiyini, ölkəmizin dünyada tolerantlıq və multikulturalizm mərkəzinə çevrildiyini vurğulayıb. Tədbirdə Almaniyada yaşayan azərbaycanlı tələbə Nigar İbrahimova çıxış edərək Ümummilli Liderlə bağlı xatirələrini bölüşüb.

Bundan başqa Azərbaycanın Latviyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar “Heydər Əliyev irsi və Azərbaycanın müasir inkişafı” adlı konfrans keçirilib. Konfransda Latviya ictimaiyyətinin nümayəndələri, siyasət, elm və mədəniyyət xadimləri, media təmsilçiləri, Ukrayna, Moldova, Gürcüstan və digər ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərləri iştirak ediblər. Konfransı açan səfir Cavanşir Axundov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, onun Azərbaycan xalqı qarşısında tarixi xidmətlərindən bəhs edib. Hər bir xalqın öz milli lideri və xilaskarının olduğunu deyən, bu nümunədə Şarl de Qoll, Avraam Linkoln, Mustafa Kamal Atatürk kimi tarixi şəxsiyyətlərin adlarını sadalayan səfir Azərbaycanda belə bir tarixi şəxsiyyətin Heydər Əliyev olduğunu söyləyib.

Heydər Əliyevin şərəfli və çətin ömür yolu keçdiyini qeyd edən səfir hələ 1990-cı ilin 20 yanvar tarixində sovet qoşunlarının Azərbaycana müdaxiləsi zamanı onun Kommunist partiyası sıralarını tərk edərək sovet hakimiyyətinə açıq və kəskin etirazlarını bildirməsinin o dövr üçün çox cəsarətli bir addım olduğunu vurğulayıb. O, bundan sonra Heydər Əliyevin öz xalqının yanında yer alaraq ölkəmizin xilaskarına çevrildiyini diqqətə çatdırıb.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsindən sonra onun böyük iqtisadi və demokratik islahatlara başlayaraq ölkəni faktiki dağılmaq təhlükəsindən xilas etdiyini qeyd edən diplomat o zaman mövcud ağır iqtisadi və siyasi böhran, habelə işğalçı Ermənistanla müharibə şəraitində bütün bunların heç də asan olmadığını və bununla da Heydər Əliyevin faktiki olaraq Azərbaycanda yeni bir dövlətin qurucusu olduğunu söyləyib.

Həmçinin Heydər Əliyevin Azərbaycanda həyata keçirdiyi aqrar islahatlar, yeni Konstitusiyanın qəbul edilməsi, ölüm hökmünün ləğvi, Ombudsman institutunun yaradılması, Ermənistanla atəşkəs razılaşmasının əldə edilməsi, “Əsrin müqaviləsi”nin imzalanması ilə yeni neft strategiyasının qurulması və s. bu kimi tarixi nailiyyətlərdən geniş bəhs edən səfir bütün bunların Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi və xalqımızın maddi rifahının yüksəldilməsinə səbəb olmaqla bütöv Avrasiya məkanında yeni bir siyasi və iqtisadi inqilab hadisəsi kimi yaddaşlara həkk olunduğunu bildirib. Sonra konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Heydər Əliyev – Rəsmi bioqrafiya” adlı sənədli filmə baxıblar.

Filmin nümayişindən sonra çıxış edən Latviya Universitetinin tarix elmləri doktoru Uldis Kreslinş Azərbaycan tarixinin son 25 ilini tədqiq etməklə “Əgər Heydər Əliyev olmasaydı, müasir Azərbaycan da olmazdı” kimi bir qənaətə gəldiyini bildirib. Tarixçi alim 1993-cü ildə Heydər Əliyevin ölkə rəhbərliyinə gəlməsindən sonra Azərbaycanda baş verən köklü dəyişikliklərin bu fikri söyləməyə əsas verdiyini diqqətə çatdırıb.

Ümumilikdə Heydər Əliyevin Azərbaycandakı fəaliyyəti dövrünü müasirləşmə dövrü kimi xarakterizə edən tarixçi bu dövrdə ölkədə həyata keçirilən geniş siyasi və iqtisadi islahatların Azərbaycanı müasir və sürətlə inkişaf edən bir dövlətə çevirdiyini söyləyib. Azərbaycanda rəhbərliyə gəlməsindən sonra Heydər Əliyevin həmin dövrdə ölkədə yaşanan siyasi qarşıdurmalara son qoyaraq sülh və sabitliyi bərqərar etdiyini, habelə Ermənistanla müharibəni dayandıraraq böyük insan tələfatına son qoyduğunu və iqtisadi resurslara qənaət etdiyini vurğulayan alim bütün bunların Azərbaycan iqtisadiyyatının bərpası və yenidən qurulmasına ilkin şərait yaratdığını qeyd edib. O, Heydər Əliyevin imza atdığı tarixi nailiyyətlər sırasında “Əsrin müqaviləsi”ndən geniş bəhs edərək bununla ölkəyə iri həcmdə xarici kapital axınının başlandığını və bu gün neft gəlirlərinin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, enerji təhlükəsizliyi və sosial-iqtisadi inkişafında böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Heydər Əliyevin apardığı siyasi və demokratik islahatlar sırasında Azərbaycanda yeni Konstitusiyanın qəbul edilməsinə diqqət çəkən alim bu ali qanunlar toplusunun təmin etdiyi hüquq və azadlıqlar və müasir demokratik institutlardan geniş bəhs edib. O, yeni Konstitusiyanın ölkədə hakimiyyətin bölgüsü, qanunun aliliyi, hüquqi dövlət quruculuğu və digər demokratik islahatlara xidmət etdiyini bildirib.

Daha sonra Latviya Respublikası Prezidentinin milli azlıqlar üzrə müşaviri və “Ocaq” Azərbaycan diaspor cəmiyyətinin sədri Roman Əliyev çıxış edərək milli liderlərə xas olan əsas keyfiyyətin həmin liderlərin öz xalqlarının tam etimadını qazanmasından ibarət olduğunu söyləyib. O, ümummilli lider Heydər Əliyevə xas olan əsas xüsusiyyəti onun Azərbaycan xalqının mütləq iradəsini ifadə etməsi və Azərbaycanın müstəqilliyinin qarantı olması ilə xarakterizə edib.

Latviyalı yazıçı Yanis Udris çıxışı zamanı Azərbaycana və Azərbaycan xalqına böyük rəğbətinin olduğunu qeyd edib, ölkəmizin tarixi inkişaf yolu keçdiyini söyləyib. O, yalnız Heydər Əliyevin rəhbərliyə gəlməsindən sonra Azərbaycanın ağır siyasi və sosial-iqtisadi böhrandan çıxa bildiyini söyləyib. Yazıçı ulu öndər Heydər Əliyevin xalqına bağlı bir şəxsiyyət olduğunu və daim öz xalqı ilə təmasda olduğunu qeyd edib. Latviyalı ziyalı bu gün Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib. Konfransın yekununda ümummilli lider Heydər Əliyevin xatirəsinə ehsan verilib.

DiasporNews

Check Also

Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi …

160*600