Home / Aktual / Daşkənddə Azərbaycanla bağlı sərgisi açılıb – Fotolar

Daşkənddə Azərbaycanla bağlı sərgisi açılıb – Fotolar

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə bu ölkənin nüfuzlu ali təhsil ocağı olan Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində Məhəmməd Füzuli adına Azərbaycan mədəniyyət, təhsil və tədqiqatlar Mərkəzi yaradılmaqdadır.

Azərbaycanın Özbəkistandakı Səfirliyinin Heydər Əliyev adına Azərbaycan Mədəniyyət mərkəzindən DiasporNews-a verilən xəbərə görə, bununla əlaqədar, Azərbaycan mədəniyyət, təhsil və tədqiqatlar Mərkəzində ölkəmizə dair zəngin kitabxananın yaradılması işi həyata keçirilir. Kitabxanaya Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə son 5 ildə Daşkənddə Özbək dilində nəşr olunan kitablar hədiyyə olunacaqdır.

Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə yaradılacaq Mərkəzin kitabxanasının ölkəmizə dair Azərbaycan və başqa dillərdə nəşrlərlə zənginləşdirilməsi məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına və M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına müraciət edilmiş və hər iki müəssisə layihəyə dəstək nümayiş etdiriblər. Bununla əlaqədar, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası Özbəkistanda yaradılacaq Məhəmməd Füzuli adına Azərbaycan mədəniyyət, təhsil və tədqiqatlar Mərkəzi üçün zəngin kitab kolleksiyası göndərmişdir. Sözügedən kitabların Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində sərgisi açılıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirib ki, yaradılacaq Füzuli adına Azərbaycan mədəniyyət, təhsil və tədqiqatlar Mərkəzində Azərbaycan dilini öyrənmək istəyən tələbələr üçün Azərbaycan dili kursları, habelə ana dilimizi daha dərindən öyrənməsinə dəstək göstərilməsi məqsədi ilə kitabxana və kinozal fəaliyyət göstərəcəkdir. Diplomat rəhbərlik etdiyi müəssisənin müraciətinə qısa müddətdə reaksiya və dəstək verən, ölkəmizə dair unikal və nəfis şəkildə nəşr olunmuş kitabların Özbəkistana göndərilməsinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının rəhbərliyinə öz təşəkkürünü bildirib. Təşkil olunan sərgiyə marağın böyük olduğunu qeyd edən Samir Abbasov kitabların arasında tariximizə, milli mədəniyyətimizə, Azərbaycan ədəbiyyatına dair olduqca maraqlı nəşrlərin yer aldığını vurğulayıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən əldə olunan məlumata görə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası da Özbəkistanda Azərbaycan dilinin tədrisi, habelə yaradılacaq Mərkəzin kitabxanası üçün nəşr kolleksiyası hazırlayır. Yaxın günlərdə sözügedən kolleksiya Daşkəndə göndəriləcəkdir. Qeyd edək ki, Universitetdə yaradılacaq Məhəmməd Füzuli adına Azərbaycan mədəniyyət, təhsil və tədqiqatlar Mərkəzi daimi internetlə Azərbaycan kitabxanalarının Elektron kitabxanalarından istifadə etmək imkanı əldə edəcək və Mərkəzdə Azərbaycan alimləri, ədəbiyyatşünasları ilə görüşlər, seminarlar, açıq dərslər, mühazirələr təşkil ediləcəkdir. Azərbaycan ocağı Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində fəaliyyət göstərəcək “Türkologiya” kafedrasının nəzdində Türkdilli xalqların arasında zəngin ənənələrə və ədəbiyyata malik Azərbaycan dilini və ədəbiyyatını təbliğ edəcəkdir.

DiasporNews

Check Also

Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi …

160*600