Home / Aktual / Dohada “Karabakh Perfume” fəaliyyətə başlayıb

Dohada “Karabakh Perfume” fəaliyyətə başlayıb

Qətərin paytaxtı Doha şəhərinin ən böyük ticarət mərkəzlərindən olan “Doha Festival City Mall”da “Product of Azerbaijan” brendi altında “Karabakh Perfume” adı ilə Azərbaycan parfümeriya məhsullarının satış mərkəzi fəaliyyətə başlayıb.

Ölkəmizin Qətərdəki səfirliyindən DiasporNews-a verilən məlumata görə, mərkəzdə “Shikasta”, “Natavan”, “Bayati Shiraz”, “Rast”, “Buta”, “Khankendi”, “Shusha”, “Sarvan”, “Panahalikhan”, “Jidir Duzu”, “Khari Bul Bul” və “Chelebi” olmaqla, ümumilikdə, 12 adda və çeşiddə Azərbaycan parfümeriya məhsulunun satışı həyata keçiriləcək.

Satış mərkəzinin açılışı münasibətilə keçirilmiş tədbirdə Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov, Dohada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri, Qətərin məşhur media mənsubları iştirak ediblər. Azərbaycan məhsulları alıcılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edilən satış mərkəzinin fəaliyyətinin təmini Azərbaycan Respublikası Prezidentinin “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 18 yanvar tarixli Sərəncamına uyğun olaraq, rəqabətqabiliyyətli qeyri-neft məhsullarının ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması istiqamətində görülmüş tədbirlər çərçivəsində həyata keçirilib.

Dohada satış mərkəzinin fəaliyyətə başlaması Azərbaycan məhsullarının satışı ilə yanaşı, ölkəmizin tarixi və ayrılmaz hissəsi olan Dağlıq Qarabağla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına, Azərbaycan tarixinin və mədəniyyətinin xaricdə təbliğinə xidmət edəcək.

DiasporNews

Check Also

Lüksemburqda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb

Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi və Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Mədəniyyət …