Home / Aktual / Dubayda Həmrəylik Gününə həsr edilən konsert olub

Dubayda Həmrəylik Gününə həsr edilən konsert olub

Dubayda Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş bayram konserti olub. Tədbir AZAL aviaşirkətinin dəstəyi ilə Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi, ölkəmizin Dubaydakı baş konsulluğu və “Baku Kafe Dubai” tərəfindən təşkil edilib.

Dubayın mərkəzindəki məşhur “SityWalk Dubai” meydanında açıq səma altında keçirilən bayram konsertində Azərbaycan estradasının parlaq nümayəndələri – tanınmış müğənni və bəstəkar, Azərbaycanın Əməkdar artisti Tünzalə Ağayeva və populyar estrada ifaçısı, milli mükafatlar laureatı Xəyyam Nisanov iştirak ediblər. Tamaşaçılar arasında Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov, Azərbaycanın Dubaydakı baş konsulu Cavidan Hüseynov, Azərbaycanın BƏƏ-dəki ticarət nümayəndəsi Elnur Əliyev, “BEAT Group” şirkətinin baş direktoru Murad Babayev, Azərbaycan diasporunun çoxsaylı nümayəndələri, Əmirlikdə akkreditə edilmiş müxtəlif diplomatik missiyaların təmsilçiləri, yerli ictimaiyyətin və KİV-lərin nümayəndələri var idi.

“Hicaz” qrupunun müşayiət etdiyi zəngin konsert proqramı çərçivəsində T.Ağayeva və X.Nisanovun ifasında populyar Azərbaycan xalq mahnıları, Azərbaycan haqqında kompozisiyalar, habelə populyar estrada mahnıları təqdim edilib. Çoxmillətli tamaşaçılar istedadlı artistlərin hər bir çıxışını gurultulu alqışlarla qarşılayıblar. Konsert proqramının sonunda artistlər hamının sevdiyi “Azərbaycan” mahnısını birgə ifa edərkən qonaqlar da əl-ələ verərək “Yallı” Azərbaycan xalq rəqsini ifa ediblər. Proqramı xüsusi maraqla izləyən əcnəbi qonaqlar da bu fürsəti əldən verməyiblər: onlar həmvətənlərimizə qoşularaq Azərbaycan melodiyasının sədaları altında rəqs ediblər.

Azərbaycan ulduzlarının konserti ölkəmizin musiqisi və mədəniyyəti ilə tanış olmaq üçün gözəl imkan əldə etmiş tamaşaçılara – Əmirliyin vətəndaşlarına və Dubayın qonaqlarına güclü təsir bağışlayıb.

Qeyd etmək lazımdır ki, “SityWalk” meydanı Dubayda ailəvi istirahət üçün çox münasib məkandır. Məşhur “Bakı” restoranının, çoxsaylı kafe və butiklərin yerləşdiyi bu meydanda parlaq əyləncə tədbirləri keçirilir.

DiasporNews

Check Also

“Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv iştirak” mövzusunda təlim keçirilib

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə …

160*600