Home / Aktual / Fransa radiosu Azərbaycan haqqında veriliş yayımlayıb

Fransa radiosu Azərbaycan haqqında veriliş yayımlayıb

Fransanın “Radio Grand Ciel” radiosu Azərbaycan haqqında veriliş yayımlayıb. Verilişin aparıcısı Alain Romestainq qədim İpək Yolu üzərində yerləşən Azərbaycanın Avropa ilə Asiya arasında körpü rolu oynamasından söz açıb. Bildirib ki, enerji resursları ilə zəngin olan Azərbaycan iqtisadiyyatın şaxələndirilməsinə, turizmin inkişafına xüsusi diqqət yetirir. Aparıcı ölkəmizin iqtisadi göstəriciləri barədə ətraflı məlumat verib.

Verilişdə böyük beynəlxalq tədbirlərə ev sahibliyi edən Bakıda 2020-ci ildə futbol üzrə Avropa çempionatının final oyunlarının keçiriləcəyi diqqətə çatdırılıb. Dünyəvi ölkə olan Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin mehriban yaşamalarından danışılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyevanın, Milli Məclisin deputatı Sevinc Fətəliyevanın və başqalarının müsahibələrinin yer aldığı verilişdə ölkəmizdə gender bərabərliyi, qadınların cəmiyyətdə yeri və rolu, təhsilin, elmin və mədəniyyətin inkişafına verdikləri töhfələr, onlara göstərilən dövlət qayğısı haqqında məlumat verilib. Azərbaycanda qadın hüquqlarının inkişafı tarixindən danışılarkən onlara hələ 1918-ci ildə səsvermə hüququnun verildiyi diqqətə çatdırılıb. Bildirilib ki, bu gün Azərbaycanda qadınlar ictimai, siyasi, iqtisadi, mədəni və digər sahələrdə uğurla fəaliyyət göstərirlər.

Verilişdə, həmçinin Azərbaycan mətbuatının keçdiyi yol, jurnalistika sahəsində qadınların kişilərlə çiyin-çiyinə çalışmaları barədə fikirlərə yer verilib. Bundan başqa, verilişdə Azərbaycan-Fransız Universitetinin baş katibi Şarlot Payenin Azərbaycan qadınının cəmiyyətdə rolu və nüfuzu barədə fikirləri də əksini tapıb.

Aparıcı gələn ay yayımlanacaq növbəti verilişdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, bu münaqişə nəticəsində doğma yurdlarından didərgin düşmüş bir milyon azərbaycanlı qaçqın və məcburi köçkündən danışılacağını bildirib. Bir saat davam edən verilişdə Azərbaycan musiqiləri də səsləndirilib.

DiasporNews

Check Also

Londonda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındaki səfirliyində ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı …