Home / Aktual / Fransada Azərbaycan operasının 110 illiyi qeyd edilib

Fransada Azərbaycan operasının 110 illiyi qeyd edilib

Fransada Azərbaycanın Dostları Assosiasiyasının (FADA) təşkilatçılığı ilə Parisin ən möhtəşəm məhəllələrindən birində yerləşən tarixi San-Jermən-Lokserua (Saint-Germain-l’Auxerrois) kilsəsində Azərbaycan operasının yaradılmasının 110 illiyinə həsr edilmiş konsert keçirilib.

Tədbirdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, FADA prezidenti Jan-Fransua Mansel, Parisin 1-ci rayonunun merinin müavini Karla Ariqoni, fransalı jurnalistlər, mədəniyyət və incəsənət xadimləri və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev qonaqlara müsəlman şərqində ilk olan Azərbaycan operasının yaranma tarixi, 100 il bundan əvvəl müsəlman şərqində ilk olan Azərbaycan Demokratik Cumhuriyyəti tərəfindən əsası qoyulmuş parlamentimiz və bu parlament tərəfindən müsəlman şərqində ilk dəfə olaraq Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsi haqqında ətraflı məlumat çatdırıb.

FADA prezidenti Jan-Fransua Mansel Azərbaycan operasının möhtəşəm binasının simvolik məna daşıdığını və Azərbaycanın bugünkü inkişafını əks etdirdiyini bildirib. Jan-Fransua Mansel müsəlman şərqində ilk operanın beşiyi olan Azərbaycanın bu gün də regionda həm inkişafı baxımından, həm də proqressiv ideyaları ilə öz qabaqcıllığını əlində saxladığını vurğulayıb.

Konsertdə Səidə Zülfüqarovanın (piano), Timur Abdikiyev (bas), İrina Kopilovanın (soprano), Regina Rustamovanın (mezza-soprano) ifasında Azərbaycanın opera musiqiləri böyük alqışlarla qarşılanıb. Repertuara Üzeyir Hacıbəylinin “Arşın mal alan” filmindən Gülçöhrənin ariyası, Niyazinin “Arzu” melodiyası, Fikrət Əmirovun “Sevil” operasından Sevilin ariyası və digər musiqilərimiz daxil edilib.

DiasporNews

Check Also

Biz Bizdən nə istəyirik?

Son zamanlarda məni ən çox düşündürən suallardan biridir. Görəsən biz bizdən olanlardan nə istəyirik? neyi …

160*600