Home / Aktual / Fransada Azərbaycan iqtisadiyyatının inkişafından danışılıb

Fransada Azərbaycan iqtisadiyyatının inkişafından danışılıb

Azərbaycan nümayəndə heyəti Fransa hökumətinin YUNESKO-nun baş qərargahında təşkil etdiyi İnternet İdarəçilik Forumunun (İİF) 13-cü illik yığıncağında iştirak edib.  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizovun rəhbərlik etdiyi  nümayəndə heyətinə nazirliyin və  BMT-nin İnkişaf Proqramının əməkdaşları daxil olub.

Tədbirdə müxtəlif ölkələrin  hökumət, biznes nümayəndələri, elm və vətəndaş cəmiyyətinin təmsilçiləri internetlə bağlı aktual problemləri müzakirə ediblər.

Forumun əsas məqsədi internet idarəçiliyinə dair bir sıra məsələlərin müzakirəsindən əldə edilən nəticələrlə bağlı ictimaiyyətə tövsiyələr verməkdən ibarətdir.

Fransa Respublikasının Prezidenti Emmanuel Makron və BMT-nin Baş katibi Antonio Quttereş İnternet İdarəçilik Forumunda açılış nitqi ilə çıxış  ediblər. Tədbirdə eyni zamanda “TechAfganistan” şirkətinin prezidenti Omar Mansur Ansari, “APLTD” şirkətinin rəhbəri Leyonid Tadorov və digər səlahiyyətli şəxslər də iştirak edib.

İclasda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin  internet idarəçiliyi istiqamətində həyata keçirdiyi işlər və gələn il Azərbaycanda keçirilməsi nəzərdə tutulan “Gənclər üçün İnternet İdarəçiliyi Forumu” barədə məlumat verilib. Bildirilib ki, tədbirin keçirilməsində  əsas məqsəd innovativ iqtisadiyyatın genişləndirilməsi və elektron iştirakda Azərbaycanın potensialının artırılmasıdır. Eyni zamanda, əsas hədəf Azərbaycanı regional İKT inkişaf  mərkəzinə çevirmək, İKT sənayesinin yerli iştirakçılarının beynəlxalq mütəxəssislərlə birgə təcrübə mübadiləsi  və əməkdaşlıq imkanlarını genişləndirmək, regionların milli internet idarəçiliyi prosesinə cəlb edilməsidir.

Tədbirdə qeyd edilib ki, Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının və internetin inkişafına xüsusi diqqət yetirilir. Belə ki, internet informasiya məkanı olmaqla yanaşı, həm də dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələri əhatə edən mühit rolunu oynayır. Eyni zamanda bildirilib ki, Azərbaycanda internet bir qlobal şəbəkə kimi fikir və söz azadlığının yaranmasında, sosial şəbəkələrin genişlənməsində, vətəndaşların idarəçilik proseslərinə cəlb olunmasında yeni imkanlar yaradır.

DiasporNews

Check Also

Ukraynada Azərbaycan diasporunun birgə fəaliyyəti müzakirə edilib

Ukraynada Azərbaycanın diaspor təşkilatlarının birgə fəaliyyətinin təşkili məqsədilə yaradılmış İşçi qrupun növbəti iclası keçirilib. Diasporla …