Home / Aktual / Gömrük orqanlarının həyata keçirdiyi fiskal siyasət

Gömrük orqanlarının həyata keçirdiyi fiskal siyasət

Gömrük işi yüzilliklərdir ki, fəaliyyət göstərir və dünyanın istənilən dövlətində əsas struktur elementlərindən biri sayılır. Gömrük fəaliyyətinin nəticələrinə müxtəlif aspektlərdən yanaşmaq olar. Bunlardan ən mühümü gömrük orqanlarının həyata keçirdiyi fiskal siyasətdir. Fiskal siyasət sistemi dövlət xərcləri və vergilərin dərəcələrinə təsir etməklə ölkənin təsərrüfat fəaliyyətini tənzimləyən bir sistemdir. Fiskal siyasət xətti dövlətin iqtisadi siyasətinin, eyni zamanda həyata keçirdiyi tədbirlər sisteminin məntiqi nəticəsi kimi formalaşıb, dövlətin iqtisadi-siyasi həyatının ayrılmaz tərkib hissəsidir. Bu səbəbdən fiskal siyasət xətti milli iqtisadiyyatda iqtisadi artım, nisbi ümumi sabitlik, işgüzar fəallıq yaradaraq faydalı olduğu kimi, həm də tamamilə başqa nəticələrə gətirib çıxara bilər. Buna görə də, dövlətin maliyyə sisteminin sabit iqtisadi artımının yaradılmasında əhəmiyyətli rola malik olması fiskal siyasətin düzgün işlənib hazırlanmasını və sistemli həyata keçirilməsini tələb edir.

Kapitalist münasibətlərinin inkişafı ilə əlaqədar, xarici ticarətin həyata keçirilməsinin iki konsepsiyası formalaşmağa başladı. Bunlardan biri Proteksionizm (himayədarlıq) və xarici ticarət (fridtredizm) dir. Proteksionizm – daxili bazarın xarici rəqabətdən qorunması üçün dövlətin yürütdüyü iqtisadi siyasətdir. Daxili bazarı qorumaq üçün idxal rüsumlarının artırılmasının əsas səbəbi yerli malların rəqabət qabiliyyətinin aşağı olmasından irəli gəlir. Ölkəni xarici mallardan asılı vəziyyətə salmaq, nəinki iqtisadi təhlükəsizliyə, həm də milli təhlükəsizliyə ciddi problemlər yaradır. Həm də milli istehsalın hesabına dövlət xəzinəsinə daxilolmalar artdığına görə, dövlət onun inkişaf etməsində maraqlı olmağa və milli istesalı xarici rəqabətdən qorumağa çalışır. Odur ki, hər bir dövlət kimi Azərbaycan da öz təhlükəsizliyini təmin etmək üçün proteksionist siyasətdən yararlanmağa çalışır.

Sərbəst ticarət isə ölkələr arasında ticarət sahəsində olan maneələrin aradan qaldırılmasıdır. Bu halda bir dövlət başqa dövlətin daxili bazarını zəbt etməyə çalışmır. Buna dövlətlərin  “Açıq qapı” siyasəti də demək olar. Yəni bir çox dövlətlər öz daxili bazarındakı bəzi inkişaf etməyən sahələri , ölkənin inkişaf etməyən eksterimal ərazilərini inkişaf etdirmək üçün bu siyasətə əl atırlar. Necə ki XXI əsrin əvvəllərində Çin Xalq Respublikası bu siyasətdən istifadə etmişdi. Bunun nəticəsində daxili bazarı xarici kapital hesabına daha da inkişaf etdirmişdi. Azərbaycan Respublikası da XX əsrin sonlarında, yəni müstəqillik əldə etdikdən sonra neft sektorunda açıq qapı siyasəti elan etmiş və xarici ölkələrlə ticarət əməkdaşlığında mühüm mövqe əldə edib. Milli bazarın qorunması və yerli istehsalı inkişaf etdirmək üçün bəzi ölkələr “Dempinq siyasəti”ndən istifadə edirlər. İnkişaf etmiş ölkələr digər ölkələrin bazarına daxil olmaq üçün əvvəlcə əmtəələri öz maya dəyərinə  və ya ondan aşağı qiymətə verirlər. Bazarda yer tutduqdan sonra isə qiymətləri bərpa edirlər. Bu isə ölkənin milli məhsullarının satışını zəiflədir xarici malların daxili bazarda satılmasına şərait yaradır.

Dövlət özünün müvafiq hakimiyyət orqanlarının daxili və xarici vəzifələrini, bütün ölkələr üçün səciyyəvi xarakter daşıyan fiskal siyasət köməyilə yaradılan pul və maddi fondlar vasitəsilə həyata keçirir. Bu da ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasıdır. Bu təhlükəsizlik özünü milli iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsi üçün şəraitin yardılmasında, onun strukturunun təzələnməsində, yerli mal istehsalçılarının haqsız xarici rəqabətdən qorunmasında və s. məsələlərdə özünü göstərir.

Dövlət həmin vəzifələri həyata keçirərkən fiskal siyasətin iqtisadi artım sürətinin yüksəldilməsinə, iqtisadiyyatda dövri tərəddüdlərin hamarlaşdırılmasına, əhalinin tam məşğulluq səviyyəsinə və inflyasiyanın mülayim sürətinə nail olunması kimi ictimai məqsədləri əsas tutur. Dövlət fiskal siyasətini həyata keçirərkən qarşıya qoyduğu bu məqsədlərə müxtəlif növ vergi və vergi dərəcələri ilə, transfert ödənişləri və digər növ dövlət xərcləri alətləri vasitəsilə nail olur. Məlumdur ki, dövlət büdcəsinin doldurulmasında gömrük rüsumlarının toplanmasının təkmilləşdirilməsi, modernləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması məsələsi böyük əhəmiyyət kəsb edir. Son dövrdə bu istiqamətlərdə atılmış ən mühüm addımlardan biri yeni diferensiallaşdırılmış tarif sisteminə keçirilməsi oldu. Qeyd etmək lazımdır ki, 2015-ci ilin yanvar ayının 10-na qədər Azərbaycanda gömrük orqanlarının həyata keçirdiyi iqtisadi fəaliyyət birmənalı şəkildə yalnız dövlət büdcəsi gəlirlərinin dolduorulmasına xidmət edirdirsə, Respublikanın yeni gömrük-tarif istsemi qəbul edildi. Bu gömrük-tarif sistemi gömrük orqanları üçün yalnız fiskal funksiyaları deyil, qoruyucu funksiyaları da həyata keçirir.

Son illərdə Azərbaycanda mövcud olan siyasi sabitlik, həyata keçirilən iqtisadi islahatlar da öz bəhrəsini verir. Makroiqtisadi göstəricilər yüksələn xətlə artır. Nəticədə dövlət büdcəsinin ölkə üzrə artım tempi dünya üzrə orta göstəricini qabaqlayıb. Dövlət başçısı İlham Əliyevin gömrük orqanları və xüsusilə də, fiskal sahədə fəaliyyət göstərən digər qurumlar qarşısında qoyduğu tapşırıqların icrası Dövlət Gömrük Komitəsinın fəaliyyətindən də yan keçməyib. Bu sahədə islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi və xüsusilə sahibkarlara münbit şəraitin yaradılması, “kölgə iqtisadiyyatı” ilə mübarizədə bütün aidiyyəti qurumlarla birgə fəaliyyət göstərilməsi artıq öz bəhrəsini verir. Həyata keçirilən islahatların nəticəsi olaraq fiskal sahədə əhəmiyyətli irəliləyişlərə nail olunub, qaçaqmalçılıq hallarının qarşısının alınması daha da gücləndirilib, gömrük nəzarətinin səmərəli təşkili, şəffaflığın təmin olunması istiqamətində mühüm nailiyyətlər əldə edilib. Gömrük Komitəsinin əsas funksiyalarından biri olan fiskal siyasətin həyata keçirilməsi istiqamətində görülən tədbirlərin nəticəsi olaraq büdcə daxilolmalarının həcmində hər il artım qeydə alınır. Belə ki, 2018-ci ildə ölkə iqtisadiyyatının inkişafında və büdcənin gəlirlər hissəsinin formalaşmasında xüsusi rola malik olan Dövlət Gömrük Komitəsi idxal-ixrac əməliyyatları üzrə vergitutma bazasını düzgün müəyyənləşdirməklə dövlət büdcəsinə 3 milyard 434 milyon manat gömrük ödənişinin köçürülməsini təmin edib. İlin əvvəlində nəzərdə tutulan proqnozla müqayisədə 1 milyard 4 milyon manat və ya 141 faiz çox gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb.

“Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 21 dekabr tarixli prezidentin fərmanı ölkədə sahibkarlığın inkişafına, xüsusən qeyri-neft məhsullarının, o cümlədən kənd təsərrüfatı və tez xarab olan digər məhsulların ixracına yeni təkan verib və biznes mühitinin daha da şəffaflaşmasında inqilabi dönüş olaraq hökumət-biznes münasibətlərində “Könüllü riayət mədəniyyətinin” əsasını qoyub.

Tarixi təcrübə göstərir ki, gömrük sistemi iqtisadi qloballaşma şəraitində, dünya siyasətinin, iqtisadiyyatın, elmin və texnikanın sürətli inkişafından geridə qalmamalıdır. Gömrük işi cəmiyyətdə baş verən siyasi və sosialiqtisadi dəyişikliklərə yüksək transformasiya qabiliyyətinə malikdir. Buna görə də cəmiyyətin sonrakı inkişaf mərhələlərində dövlətin gömrük siyasətinin işlənilib hazırlanmasında bu tarixi təcrübənin nəzərə alınması, hərtərəfli öyrənilib tətbiq edilməsi son dərəcə zəruridir. Müasir dövrdə dövlətlərarası qarşılıqlı münasibətlər cəmiyyət həyatının bütün sahələrini, o cümlədən ictimai-siyasi və diplomatik, iqtisadiyyat, elmi texniki və mədəni əlaqələr sahəsinin əhatə edir. Bu mənada ayrı-ayrı dövlətlər arasında tarixən formalaşan ticarət əlaqələri ilə paralel olaraq gömrük münasibətlərinin ölkənin həm iqtisadi, həm də siyasi inkişafına təsir dairəsi artır. Buna görə də hər bir qabaqcıl dövlət öz milli qanunvericiliyində gömrük işinə və beynəlxalq gömrük münasibətlərinə mühüm əhəmiyyət verir. Azərbaycan Respublikası da bu mənada istisna təşkil etmir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən, zəngin dövlətçilik ənənələrinə söykənən uğurlu daxili və xarici siyasət xətti gömrük işinin inkişafına müsbət təsirini göstərir. Beləliklə yaxın perspektivdə daha çevik gömrük siyasəti həyata keçirməklə ölkənin iqtisadi və milli təhlükəsizliyinin möhkəmləndirilməsində gömrük sisteminin rolu artırılacaq, gömrük orqanlarının fəaliyyətində şəffaflıq və açıqlıq prinsipi rəhbər tutulacaq.

Yazı  “Gömrük orqanlarında aparılan islahatlar: müasir tələblər və çağırışlar” mövzusunda yazı müsabiqəsinə təqdim olunur 

Günəş Fərhadlı

DiasporNews

Check Also

Paytaxtda peydə olan saxta məmurlar

Paytaxtda özünü Azəriqaz İstehsalat Birliyinin əməkdaşı kimi təqdim edərək, insanları aldadan şəxslər peyda olub. Onlar …

160*600