Home / Aktual / İtaliyalı jurnalistlər məcburi köçkünlərlə görüşdü

İtaliyalı jurnalistlər məcburi köçkünlərlə görüşdü

İtaliyanın “İl Massaggero” qəzetinin, “Radio Radicale” radiosunun, “Askanews” və “Agenza Nova” informasiya agentliklərinin əməkdaşları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, öz doğma yurdlarından didərgin düşmüş məcburi köçkünlərin həyat şəraiti ilə yaxından tanış olmaq məqsədilə Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsinə səfər ediblər. Əvvəlcə Xocavənd Rayon İcra Hakimiyyətində olan media qurumlarının nümayəndələrinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları, erməni silahlılarının törədikləri qanlı cinayətlər, Azərbaycan dövləti tərəfindən məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətinə həyata keçirilən tədbirlər barədə məlumat verilib.

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirib ki, “böyük Ermənistan” ideyası ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarlarının köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara qarşı dəhşətli terror və soyqırımları həyata keçirməklə etnik təmizləmə siyasəti aparıblar. Azərbaycan xalqı son 200 ildə erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasətinə məruz qalaraq, öz tarixi torpaqlarından didərgin salınıb. XX əsrin 80-ci illərinin sonunda da Dağlıq Qarabağa dair ərazi iddiaları məhz Ermənistanın təhriki və təzyiqi ilə ortaya atılıb. Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azərbaycanın suverenliyini kobud surətdə pozaraq Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi haqqında Konstitusiyaya zidd qərar qəbul edib. Sovet rəhbərliyinin səhvləri və ermənipərəst siyasəti 1990-cı ilin sonu-1991-ci ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxarıb ki, bununla da Dağlıq Qarabağda və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü geniş miqyas alıb. Nəticədə, minlərlə azərbaycanlı SSRİ-nin hakim dairələri tərəfindən himayə edilən ermənilərin işğalçılıq siyasətinin qurbanı olub. SSRİ-nin süqutundan sonra ermənilər Dağlıq Qarabağda Ermənistandan göndərilən silahlı dəstələr və hərbi texnikanın köməyi ilə azərbaycanlılara qarşı daha qanlı cinayətlər törədiblər. 1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan ordusu bir-birinin ardınca Dağlıq Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal ediblər.

İtalyan jurnalistlərə Qaradağlı faciəsi, Xocalı soyqırımı haqqında da ətraflı məlumat verilib.

Qeyd olunub ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi torpaqları – Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon uzun illərdir Ermənistanın işğalı altındadır. Bir milyondan çox azərbaycanlı məcburi köçkün, qaçqın vəziyyətində yaşayır. İşğal edilmiş torpaqlarda azərbaycanlılara məxsus tarixi, dini abidələr məhv edilib.

Münaqişənin həlli üçün hüquqi əsasın olduğunu deyən Eyvaz Hüseynov BMT-nin qəbul etdiyi qətnamələri media nümayəndələrinə xatırladıb: “BMT Təhlükəsizlik Şurası 26 il bundan əvvəl 4 qətnamə qəbul edib. Bu qətnamələrdə göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələrin icrası təmin edilməlidir. Əfsuslar olsun ki, Ermənistan uzun illərdir bu qətnamələrə məhəl qoymur, öz işğalçı siyasətini davam etdirir və status-kvonu saxlamaq istəyir. Bu məsələ ilə birbaşa məşğul olan Minsk qrupunun həmsədr ölkələri prezidentlər səviyyəsində dəfələrlə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir”.

Görüş zamanı jurnalistlərin sualları cavablandırılıb. İtaliyalı media nümayəndələrinə Xocavənd Rayon İcra Hakimiyyəti tərəfindən çəkilmiş ingilis dilində “Qaradağlı faciəsi” və “Soyqırım: Qaradağlı davam edir” filmlərinin diskləri təqdim edilib. Qonaqlar səmimi qəbula və ətraflı məlumata görə minnətdarlıqlarını bildiriblər.

İtaliyalı jurnalistlər sonra Xocavənd rayonunun Qaradağlı kəndindən məcburi köçkün Sevil Əzizovanın mənzilinə baş çəkiblər.

DiasporNews

Check Also

Dünya rəssamları arasında yer alan azərbaycanlı

“Azərbaycan brendi” layihəsi çərçivəsində dünya söhrətli rəssamlar arasında yer alan azərbaycanlıdan-Sakit Məmmədovdan danışacağıq. Sakit Məmmədov …

160*600