Home / Aktual / Laqodexidə 20 Yanvar şəhidləri anılıb

Laqodexidə 20 Yanvar şəhidləri anılıb

Azərbaycanın Gürcüstandakı səfirliyi 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Laqodexi rayonunda ilk dəfə anım mərasimi təşkil edib. Tədbir iştirakçıları əvvəlcə Laqodexi Rayon Bələdiyyəsinin inzibati binasında 20 Yanvar faciəsini əks etdirən fotosərgiyə baxıblar.

Laqodexi şəhərinin meri Condo Didioşvili tədbiri açaraq Azərbaycan ilə Gürcüstan arasındakı dostluq münasibətlərindən danışıb, 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin ilk dəfə rayon bələdiyyəsinin inzibati binasında anılmasını tarixi hadisə adlandırıb. Bildirib ki, bu, eyni zamanda, gürcü xalqının dost və qardaş Azərbaycan xalqına sevgisinin, hörmətinin, öz xalqının azadlığı uğrunda şəhid olan insanların xatirəsinə ehtiramının nümunəsidir.

Sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov tədbirdə çıxış edərək xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsindən söhbət açıb. Bildirib ki, Qanlı Yanvar hadisələri Azərbaycan tarixinin faciəli anı olduğu qədər də, qəhrəmanlıq və şərəfli səhifələrindən biridir. O, faciənin təməlinin hələ 1987-ci ildə ermənilərin Azərbaycana qarşı ərazi iddialarının həyata keçirilməsinə mane olan Heydər Əliyevin mərkəzi hakimiyyətdən uzaqlaşdırılması ilə qoyulduğunu vurğulayıb. Bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet silahlı qüvvələrinin çoxsaylı kontingenti heç bir xəbərdarlıq edilmədən Bakıya yeridilib. İmperiya ordusu həmin gecə dinc əhaliyə tank, pulemyot, avtomat və digər silahlardan atəş açaraq yüzdən çox dinc sakini, o cümlədən qadınları və uşaqları xüsusi qəddarlıqla qətlə yetirib.

Diplomat deyib: “20 Yanvar Azərbaycan xalqının milli azadlıq və demokratiya uğrunda mübarizəsini boğmaq, xalqa ağır mənəvi zərbə vurmaq məqsədilə qabaqcadan hazırlanmış təcavüzkar aksiya idi. Bu qanlı faciəni törədənlər Azərbaycanın dövlət müstəqilliyinin bərpasının qarşısını bütün vasitələrlə almaq istəyirdilər. Lakin xalqımızın əzmi və mübarizəsi nəticəsində buna nail ola bilmədilər”.

Qeyd olunub ki, həmin vaxt ümummilli lider Heydər Əliyev bütün maneə və təzyiqlərə baxmayaraq, özünün və ailə üzvlərinin həyatını təhlükə altında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi. Ulu öndər Heydər Əliyev mətbuat konfransı keçirərək Mixail Qorbaçov başda olmaqla Bakıda qanlı cinayətə rəvac verən hakimiyyət nümayəndələrini və hərbi rəhbərliyi ifşa etdi. Dahi rəhbərin siyasi iradəsi nəticəsində bu faciəyə siyasi-hüquqi qiymət verildi. Yanvarın 20-nin Ümumxalq Hüzn Günü elan edilməsi də məhz ümummilli lider Heydər Əliyevin xidmətidir.

Səfir vurğulayıb ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri bu qanlı faciə haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində mütəmadi iş aparır. Bu tədbirlərin nəticəsidir ki, dünya ictimaiyyəti faciə barədə daha çox məlumat əldə edib.

Azərbaycan və gürcü xalqlarının oxşar talelərindən bəhs edən D.Həsənov deyib ki, sovet imperiyası 1989-cu il aprelin 9-da dost və qardaş gürcü xalqına qarşı da qanlı cinayət törədib. Müstəqillik uğrunda canlarından keçən qəhrəmanların əziz xatirəsi daim ehtiramla yad olunur.

Sonra Laqodexi bələdiyyəsinin sədri Kaxa Camburiya, Qabal kənd icra hakimiyyəti nümayəndəliyinin rəhbəri Namaz Allahverdiyev və başqaları çıxış edərək sovet imperiyasının 1989-cu ilin aprelində Gürcüstanda, 1990-cı ilin yanvarında Azərbaycanda törətdiyi qırğınların səbəblərindən danışıblar. Qeyd edilib ki, bu qanlı hadisələr xalqlarımızın mübarizə əzmini nəinki qıra bilmədi, əksinə daha da möhkəmləndirdi. Tədbirdə “Qanlı yanvara aparan yol” sənədli filmi nümayiş etdirilib.

DiasporNews

Check Also

Turan Beynəlxalq Türk Uyğarlığı Təşkilatının başqanından Ermənistana mesaj

Dərviş Rəcəb Var: “Bir gün Qarabağı sizə məzar edəcəyik” “Turan Beynəlxalq Türk Uyğarlığı Təşkilatı olaraq …

160*600