Home / Aktual / Özbəkistanda “Azərbaycan mədəniyyəti  və ədəbiyyati həftəsi” keçiriləcək

Özbəkistanda “Azərbaycan mədəniyyəti  və ədəbiyyati həftəsi” keçiriləcək

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə cari il 8-12 noyabr tarixlərində qardaş ölkədə “Azərbaycan mədəniyyəti və ədəbiyyati həftəsi” keçiriləcəkdir. Bununla əlaqədar həftə ərzində Daşkənddə Azərbaycan mədəniyyətinə, ədəbiyyatına həsr olunmuş silsilə tədbirlər keçiriləcəkdir. Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyindən DiasporNews-a verilən xəbərə görə, cari il 8 noyabr tarixində Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində Azərbaycan mədəniyyəti və ədəbiyyatı həftəsinin rəsmi açılış mərasimi keçiriləcəkdir.

İştirakçılar öncə Daşkənd Dövlət Pedaqoji Universitetinin qarşısında dahi Azərbaycan şairi Nizami Gəncəvinin büstünün qarşısına gül və çiçəklər qoyacaqlar. Dövlət Pedaqoji Universitetinin qarşısında “Azərbaycan mədəniyyəti  və  ədəbiyyati həftəsi”nin rəsmi açılışı olacaq, “Qürurumuz – yüz illik Cümhuriyyətimiz” adlı foto, rəsm, kitab, əl işləri sərgisi, habelə milli mədəniyyətimizə dair suvenirlər, tarixi geyimlər  iştirakçılara  nümayiş  olunacaqdır.

Universitetin geniş akt zalında iki xalq arasında əbədi və tarixi dostluğa həsr olunmuş, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanmış “Əzəli dostluq riştələri” adlı sənədli film iştirakçılara təqdim olunacaqdır.

Daha sonra Universitetin tədbirlər zalında Özbəkistanın tanınmış musiqilçilərinin iştirakı ilə Qala konsert keçiriləcəkdir. Konsertdə tanınmış Özbək musiqiçiləri Azərbaycan musiqilərini ifa edəcək, Azərbaycan milli rəqsləri təqdim olunacaqdır.

Cari ilin 9 noyabr tarixində isə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində “Hüseyn Cavid yaradıcılığı–dünya dramaturgiyasının zirvəsidir” adlı Beynəlxalq Elmi Konfrans keçiriləcəkdir. Universitetin, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycanın “Kaspi” qəzeti və Təhsil şirkətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə hər iki ölkə arasında ədəbi əlaqələr, Hüseyn Cavid yaradıcılığına dair onlarla məruzələr dinləniləcəkdir.

Qeyd edək ki, konfransın materialları artıq Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbək dilində Daşkənddə çap olunub. “Azərbaycan mədəniyyəti və ədəbiyyati həftəsi” çərçivəsində Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzində də  bir sıra tədbirlər keçiriləcəkdir.

Keçirilən tədbirlərin davamı olaraq Özbəkistanın çoxsaylı tarixi şəhərlərində lentə alınmış “Azərbaycan, Qarabağ, sülh üçün oxu” musiqi klipi Daşkənddə nümayiş etdiriləcəkdir.  Klipdə iştirak etmiş peşəkar və həvəskar musiqiçilərlə görüş keçiriləcəkdir.

Cari il 10 noyabr tarixində Azərbaycanın tarixi geyimlərindən ibarət moda sərgisi iştirakçılara təqdim olunacaqdır. Azərbaycan Mədəniyyət Mərkəzində keçiriləcək Moda sərgisində geyimlərimizi Özbəkistanın Mədəniyyət və Sənət İnstitutunun gənc modelyer qızları nümayiş etdirəcəklər. Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının yeni hazırladığı və bayraq gününə həsr etdiyi “Bayraq rəqs kompozisiyası”, “Nəlbəki”, “Uzundərə” və s.  milli rəqslərimiz ifa olunacaqdır.

“Azərbaycan mədəniyyəti və ədəbiyyati həftəsi” çərçivəsində cari il 12 noyabr tarixində Özbəkistanın bir sıra aparıcı kitabxanalarına tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız, ölkəmizin son illər əldə etdiyi nailiyyətlərə dair kitab kolleksiyaları, habelə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev haqqında nəşrlər, Heydər Əliyev Fondu tərəfindən çap olunmuş kitablar hədiyyə olunacaqdır. Özbəkistanın ən qədim kitabxanalarından olan və bu yaxınlarda 100 illik yubileyi geniş qeyd olunmuş “Turon” kitabxanası ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi arasında əməkdaşlığa dair Memorandum imzalanacaqdır.

Qeyd edək ki, keçirilən tədbirlər çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Özbəkistanda yenicə özbək dilinə tərcümə edilərək çap olunmuş dahi Azərbaycan şairi Nizami Gəncəvinin “İskəndərnamə” əsərinin “İqbalnamə” və “Şərəfnamə”, habelə dramaturq Hüseyn Cavidin “Seçilmiş əsərləri” kitabları ictimaiyyətə təqdim ediləcəkdir.

Cari il 13 noyabr tarixində isə Azərbaycan Mədəniyyət Mərkəzində İnternetin “Youtube.com” səhifəsində istifadəyə verilmiş və ölkəmizin tarixi, mədəniyyətinə dair yüzlərlə videomaterialın öz əksini tapdığı Mərkəzin video kanalının, habelə “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasında istifadəyə verilən Azıərbaycana dair Özbək dilində bölmənin təqdimatı keçiriləcəkdir. Qeyd edək ki, sözügedən bölmə “Wikipedia” könülüllüləri tərəfindən hazırlanmışdır.

Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyati həftəsi”nə yekun olaraq Mədəniyyət Mərkəzində  “Sən yaşa Azərbaycan” adlı foto və rəsm sərgisi təqdim olunacaq, sonda Mərkəzin akt zalında möhtəşəm konsert keçiriləcəkdir. Özbəkistan Xalq Çalğı Alətləri “SOQDİANA” Orkestrinin ifasında konsert proqramında dünya şöhrətli Azərbaycan bəstəkarlarının şedevr əsərləri ifa olunacqdır. Konsert Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə, Dövlət Bayraq gününə həsr olunacaqdır.

DiasporNews

Check Also

Vaşinqtonda Heydər Əliyevin xatirəsi anılıb – FOTOLAR

ABŞ paytaxtında Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbirlər keçirilib. Azərbaycanın ABŞ-dakı Səfirliyində …