Home / Aktual / “Özümü təqdim etdikdən sonra, Nalbandyan artıq onu nə gözlədiyini başa düşmüşdü”

“Özümü təqdim etdikdən sonra, Nalbandyan artıq onu nə gözlədiyini başa düşmüşdü”

Ötən il Ermənistanın ozamankı xarici işlər naziri Edvard Nalbandyan İtaliyaya səfəri zamanı SIOI-İtaliya Beynəlxalq Təşkilat Cəmiyyətində təşkil olunmuş görüşdə gözlənilməz situasiya ilə üzləşmişdi. Onu bu çətin vəziyyətə Roma Sapienza Universitetinin Siyasi elmlər və Avropa tarixi üzrə doktorantı, Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının (AİGA) həmsədri Emin Rüstəmovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualı salmışdı. Elə müsahibim də həmin gəncimiz- Emin Rüstəmovdur.

– Öncə sizi tanımaq istərdik…

– Bakalavr təhsilimi Xəzər Universitetində almışam. Həmin universitetin Beynəlxalq münasibətlər ixtisasını fərqlənmə diplomu ilə bitirmişəm. Tələbəlik illərində bir neçə qeyri-hökumət təşkilatında çalışmışam. Eyni zamanda universitetin TGT-nin departament rəhbəri kimi, aktiv tələbələrdən olmuşam. Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan Respublika siyasət olimpiadasının ikincisiyəm. Bakalavr illərində XİN-də təcrübə proqramı keçmişəm. Prezident və parlament seçkilərində Avropa Şurası və ATƏT nümayəndə heyəti yanında tərcüməçi kimi çalışmışam. Daha sonra Naxçıvan MR-də hərbi xidmətdə olmuşam. Geri döndükdən sonra yerli şirkətlərin birində auditor kimi çalışmışam. Şirkətdən ayrıldıqdan sonra Xəzər Universitetinin Hazırlıq Mərkəzinin Direktoru vəzifəsində çalışmışam. Universitetdə çalışdığım zamanlarda Təhsil Nazirliyinin xətti ilə 6 rayonda təhsilin rəhbər işçilərinə – məktəb direktorları, direktor müavinləri, metodkabinetin əməkdaşlarına təlimlər keçmişəm. Universitetlə yollarım ayrıldıqdan sonra, yerli və xarici təhsil şirkətlərində direktor və icraçı direktor vəzifələrində işləmişəm.

– Bəs nə zamandan İtaliyadasınız? 

– 2015-ci ildə İtaliyanın paytaxtı Roma şəhərinə gəldim. Bu vaxta kimi iki dəfə xaricdə təhsil almaq şansım olsa da, müəyyən səbəblərə görə bu arzumu reallaşdıra bilmədim. Bu 2015-ci ildə qismət oldu. Düşünmədən Romaya gəldim. Roma Sapienza Universitetinin Beynəlxalq əməkdaşlıq və inkişaf ixtisasına qəbul oldum və 2017-ci ildə həmin ixtisası da fərqlənmə ilə bitirərək magistr dərəcəsini aldım. Elə həmin il sənədlərimi həmin universitetin Phd – doktorantura dərəcəsinə qəbul olmaq üçün təqdim etdim. Nə qədər çətin olmasına baxmayaraq, Siyasi elmlər və Avropa tarixi ixtisası üzrə Sapienza Universitetinə doktorantura pilləsi üzrə qəbul oldum. Qrupda 12 nəfərik, onlardan 11-i italyandır, yeganə xarici vətəndaş mənəm. Hazırda Phd-nin ikinci kursundayam. Araşdırma mövzum üzrə çalışıram. Eyni zamanda Azərbaycanın təbliğatı, diaspor fəaliyyəti ilə də məşğulam. Belə ki, 2015-ci ildən İtaliyada fəaliyyət göstərən AİGA-nın həmsədriyəm. Geridə qalan 3-4 il ərzində, hesab edirəm ki, bir çox önəmli uğurlara imza atmağı bacarmışıq.

– Siz 2017-ci ildə Nalbandyanı şoka salan sualla yadda qalıbsınız. Siz əvvəldən ona bu sualı planlamışdınız, yoxsa onun yalanlarına dözə bilməyib bu sualı verdiniz? 

– Ümumiyyətlə, belə düşünürəm ki, istənilən görüş, konfrans olsun, hər zaman hazırlıqlı olmaq lazımdır, xüsusilə də qarşındakı sənin düşmənindirsə və düşmən ölkənin xarici siyasət idarəsinin rəhbəridirsə, ehtiyatı əldən vermək olmazdı. Amma mövzu Qarabağdırsa, erməni işğalıdırsa və bu kontekstdə sonuna qədər haqlı olduğumuz nəzərə alaraq istənilən sualla Nalbandyanı çətin vəziyyətə salmaq olardı. Həmçinin onun görüşdə söylədiyi cəfəngiyat fikirlər bir azərbaycanlı olaraq məni hiddətləndirməyə bilməzdi. Nalbandyan orada hər hansı bir azərbaycanlının iştirak edəcəyini də gözləmirdi. Bütün bunların fonunda bu sual ortaya çıxdı, elə özümü təqdim etdikdən sonra, o artıq onu nə gözlədiyini başa düşmüşdü.

– Maraqlıdır, həmin görüşdən sonra italyanların sizə reaksiyası necə oldu?

– Görüş İtaliyanın qədim və nüfuzlu beyin mərkəzlərindən olan, SIOI- İtaliya Beynəlxalq Təşkilat Cəmiyyətində təşkil olunmuşdu. Amma Azərbaycanın bəzi yerli mətbuat orqanları tədbirin Roma Sapienza Universitetində təşkil olunduğu barədə yazmışdılar. Bu belə deyildi. Görüşü İtaliyanın sabiq xarici işlər naziri və SIOI-nin prezidenti Franko Frattini açıq elan etmişdir. Ona görə də universitetlə tədbirin heç bir əlaqəsi yox idi. Amma sual zalda əyləşənlərdə maraqlı və gözlənilməz reaksiya doğurmuşdur, deyə bilərəm.

– Ümumiyyətlə, Qarabağ mövzusunu İtaliya ictimaiyyəti arasında necə qabarda bilirsiz?

– Bilirsiz, belə bir deyim var ki, hər bir sıravi vətəndaş xarici ölkədə öz ölkəsinin təmsilçisi və ya səfiridir. Mən də bu yanaşma ilə tamamilə razıyam. Bildiyiniz kimi, bu gün İtaliyaya təhsil almaq üçün üz tutan azərbaycanlıların sayı durmadan artmaqdadır. Təmsilçilik və təbliğat nöqteyi-nəzərindən bizim buna ehtiyacımız var. Eyni zamanda bir acı həqiqət də mövcuddur ki, gələnlərin hamısı ictimai fəal gənclər deyil, sadəcə, müəyyən bir qisim tələbələr var ki, daimi olaraq bizim yanımızdadırlar. Əsas məqsəd onların hər birini bu işə cəlb etməklə, daha böyük işlər görməkdir. Hədəflərimizdən ən böyüklərdən biri Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri yerli ictimaiyyətə çatdırmaq, eyni zamanda Azərbaycanın gözəl məmləkət olduğunu onlara aşılamaqla italyanların ölkəmizə turist kimi axınına töhfə verməkdir. Qarabağ həqiqətlərinin çatdırılması istiqamətində mütəmadi olaraq işlər görülür, həm İtaliyadakı səfirliyimiz tərəfindən, eyni zamanda bizim təşkilat tərəfindən lazımi addımlar atılır. Bu cür əməli işlər hər zaman bizim fəaliyyət prinsipimiz olaraq qalacaqdır.

– Sizin araşdırma mövzunuz nədir?

– Bildiyiniz kimi, hazırda Roma Sapienza Universitetində Doktorantura pilləsi üzrə təhsil alıram. Doktoranturaya qəbul olanda italyan professorlarla mənim araşdırma mövzumla bağlı xeyli müzakirələr apardıq. Onların da tövsiyələri oldu ki, mən Azərbaycanla bağlı mövzu üzərində işləyim. Çünki Avropada, xüsusilə də İtaliyada Azərbaycanla bağlı çox az araşdırma mövzuları mövcuddur. Bu səbəbdən də qürur və böyük həvəslə mövzunu öz üzərimə götürdüm. Mövzum, siyasət və tarix tandeminin yer aldığı Sovet liderlərinin Azərbaycan siyasəti ilə bağlıdır. Olduqca maraqlı, məsuliyyətli və çətin bir araşdırma mövzusudur. Daha konkret desək, 1953-1991-ci illər Nikita Xruşovdan Mixail Qorbaçova qədər sovetin Azərbaycan siyasətini araşdırıram.

– İtaliyada gənclərimiz nə kimi ilklərə imza atıblar?

– Hesab edirəm ki, ilkə imza atmaq o qədər də asan məsələ deyil. Biz İtaliyada yeniyik, önəmli imza atmaq üçün daha çox vaxt lazımdır. İtaliyada bir çox xalqlar, millətlər yaşayır, eyni zamanda müxtəlif ölkələrdən tələbələr təhsil alırlar. Düşünürəm ki, bu müxtəlifliyə baxmayaraq, İtaliyadakı azərbaycanlılar arasında yaxşı münasibət mövcuddur, yeni nəsil üçün bunu uğur hesab etmək olar. Bundan əlavə, ilklərin qığılcımları artıq özünü göstərməkdədir. Belə ki, bir neçə gün bundan öncə azərbaycanlı gənclər Romada ilk şirkətlərinin açılışını etdilər. Bunu da bir ilk adlandırmaq olar.

– Siz AİGA olaraq nə dərəcədə gəncləri bir araya gətirə bilirsiniz?

– AİGA 2013-cü ildə yaradılıb, bu il təşkilatın yaranmasının 5 ilini qeyd etdik. Arxada qalan 5 il ərzində AİGA bir çox uğurlara imza atıb. İstər bayram günlərində, istər matəm günlərində, istərsə də dövlət əhəmiyyətli tədbirlərdə, azərbaycanlıları bir araya gətiririk, onlar arasında münasibətlərin daha da möhkəmlənməsinə çalışırıq. Heç təsadüfi deyil ki, mart ayı boyunca Romada yaşayan 80 nəfər tələbənin iştirakı ilə, “Azərbaycanlı gənclərin İtaliya cəmiyyətinə və siyasi dairələrinə inteqrasiyası” layihəsini uğurla başa vurduq. Gələcəkdə də bu cür layihə və tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Sonda fürsətdən istifadə edib müsahibə üçün sizlərə təşəkkür edirəm.

DiasporNews

Check Also

Vaşinqtonda Heydər Əliyevin xatirəsi anılıb – FOTOLAR

ABŞ paytaxtında Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbirlər keçirilib. Azərbaycanın ABŞ-dakı Səfirliyində …