Elmin İnkişafı Fondunun və Bakı Slavyan Universitetinin “Azərbaycan ədəbiyyatı” kafedrasının birgə təşkilatçılığı ilə keçirilən təqdimat mərasimini BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov açaraq kitabın elmi-siyasi əhəmiyyətindən ətraflı danışıb, alman dilində belə bir kitabın ərsəyə gəlməsini dünyanın Qarabağ həqiqətləri ilə tanış olmasında yeni bir addım kimi dəyərləndirib. BSU-nun “Azərbaycan ədəbiyyatı” kafedrasının müdiri, professor Rəhilə Qeybullayeva çıxış edərək bu əsərin dəyərli layihələrdən biri olduğunu bildirib.
Tədbirdə çıxış edən Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev vurğulayıb ki, bir neçə illik gərgin əməyin məhsulu olan kitab Qarabağın azərbaycanlı elitasının inkişaf tarixini bütün əhəmiyyəti ilə almandilli alim və oxucu auditoriyasına çatdırmağa xidmət edəcək. Kitabdakı məlumatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində Qarabağın Azərbaycana məxsusluğunun tarixi faktlarla sübutu baxımından da mühüm əhəmiyyətə malikdir. Kitab kollektiv bioqrafiyanın geniş analizi vasitəsi ilə almandilli ölkələrin ictimaiyyətinə, bütövlükdə beynəlxalq ictimaiyyətə Azərbaycanın mənəvi-mədəni mərkəzlərindən biri olan Qarabağda müsəlman azərbaycanlı elitasının milli düşüncənin və dövlətçiliyin təşəkkülündəki müstəsna rolunu faktlarla göstərir, Qarabağ regionundakı maariflənmə və milli hərəkatda fəalların rolu haqqında araşdırmaları da əhatə edir.
Qarabağın tarixinin və onun zəngin mədəni irsinin təbliği baxımından olduqca önəmli olan bu kitabdan, eyni zamanda Berlin Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrası üçün vacib tədris materialı kimi də istifadə olunacaq. O, kitabın tezliklə dünyanın digər dillərinə tərcüməsinin vacibliyini vurğulayıb. Elçin Babayev dəyərli məlumat bazası rolunu oynayan kitab üzrə tədqiqatların qrant layihələri yolu ilə davam etdirilməsi üçün alimlərə, xüsusilə gənc tədqiqatçılara çağırış edib.