Home / Aktual / Rusiyada qıza kömək edən azərbaycanlı gənc suda boğuldu

Rusiyada qıza kömək edən azərbaycanlı gənc suda boğuldu

Tanımadığı qıza kömək etmək cəhdi 22 yaşlı azərbaycanlı Nazir Maksimov üçün faciə ilə bitib. DiasporNews Virtualaz.org-a istinadən xəbər verir ki, hadisə ötən istirahət günü Peterburqda baş verib. Həmin gün gənc oğlan dostunun işlədiyi “Priçal” kafesinə gəlib. Kafedə ondan başqa daha üç nəfər– iki qadın və bir cavan oğlan da olub. Müştərilər sifariş edib eyvana çıxıblar, amma bir neçə saniyə sonra Nazir küçədən qışqırıq səsi eşidib.
“Qaytarın çantamı – bütün sənədlərim, hər şey ordadır!”, – deyə qadınlardan biri ağlaya-ağlaya ətrafdakılara yalvarıb. Əvvəlcə buzlu suya yaşlı bir kişi girib. Ortaya qədər getdikdən sonra qüvvəsinin çatmadığını görüb sahilə qayıdıb. Şahidlərin dediyinə görə, qız yenə də ağlayaraq camaatdan kömək istəyib. Uzun illər üzgüçülüklə məşğul olmuş Nazir ona etiraz edə bilməyib.
“Nazir əla fiziki formada idi, o həmişə idmanla məşğul olurdu və öz gücünə arxayın idi. Buna görə də, qıza kömək etmək istədi. Axı bir insanı çətin vəziyyətdə qoyub getmək olmaz!”, – Nazirin dostu Samir mətbuata hadisə barəsində danışarkən deyib. Nazir köynəyini çıxararaq cəsarətlə suya atılıb. Çantanı götürüb başı üzərinə qaldırıb. Camaat onu alqışlamağa başlayıb. Lakin bir neçə saniyədən sonra nə isə olub və o suyun içinə gedib.
Şahidlərin dediyinə görə, əvvəlcə oradakı kişilər onu axtarmağa başlayıblar, xeyri olmayıb. Sonra hadisə yerinə gələn xilasedicilər onun cəsədini sahildən 25 metr məsafədə 2,5 metr dərinlikdən çıxarıblar. Məhkəmə tibbi ekspertizasının rəyinə görə, Nazirin bədənində soyuqdan qıcolma baş verib və o boğulub.
22 yaşlı Nazir Maksimov Sankt-Peterburqa cəmi yarım il əvvəl Azərbaycandan gəlib. Dostları onun cəsədini vətəninə göndərmək üçün pul toplayıblar. Qızın çantasına gəlincə isə, onu tapıb sahibinə qaytarıblar. Şahidlərin sözlərinə görə, o heç nə olmamış kimi çantasını götürərək hadisə yerindən uzaqlaşıb.

DiasporNews

Check Also

“Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv iştirak” mövzusunda təlim keçirilib

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə …

160*600