Home / Aktual / Təbrizdə Qara Yanvar faciəsi ilə əlaqədar tədbir keçirilib

Təbrizdə Qara Yanvar faciəsi ilə əlaqədar tədbir keçirilib

Azərbaycanın Təbriz şəhərindəki baş konsulluğu tərəfindən 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə baş konsul Əliyənnağı Hüseynov Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olan 20 Yanvar tarixinin mahiyyəti barədə danışıb.

Qeyd olunub ki, 1990-cı ilin 20 Yanvar hadisələri keçmiş sovet dövlətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz və insanlığa qarşı törədilmiş ən ağır cinayət idi. Mərkəzi hökumətə arxalanan ermənilərin Dağlıq Qarabağa qarşı təcavüzünə etiraz edən dinc əhaliyə yönəldilmiş silahlı basqın nəticəsində yüzlərlə günahsız insan qətlə yetirilib. Bununla da totalitar sovet rejimi cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirib.

Baş konsul nəzərə çatdırdı ki, 1990-cı ilin yanvar ayında Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda hakimiyyətin təhlükədə olduğunu bəhanə edərək qoşun yeridilməsi üçün dezinformasiyalar yaydılar. Belə bəhanələrə əsasən 1990-cı il yanvarın 19-da M.Qorbaçov SSRİ Konstitusiyasını kobud şəkildə pozaraq, Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. SSRİ Dövlət Təhlükəsizlik Komitəsi yanvarın 19-da Azərbaycan televiziyasının enerji blokunu partlatdı. Respublika ictimaiyyəti tamamilə məlumatsız qaldı. Həmin gecə şəhərə yeridilən qoşun hissələri fövqəladə vəziyyətdən xəbərsiz əhaliyə amansız divan tutdu. M.Qorbaçovun fövqəladə vəziyyətin elan edilməsi haqqında fərmanı qüvvəyə minənədək – yanvarın 20-də saat 00-dək 9 nəfər qətlə yetirildi. Bakıda fövqəladə vəziyyətin elan edilməsinə dair məlumat əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də radio vasitəsi ilə bildirildi.

Bildirildi ki, 20 yanvar faciəsi nəticəsində 147 nəfər mülki şəxs amansızcasına qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs edildi, 200 ev və mənzil, 80 avtomobil, o cümlədən təcili yardım maşınları məhv edildi. Dövlət və şəxsi əmlaka külli miqdarda ziyan vuruldu. Dövlət səviyyəsində həyata keçirilən bu terror aksiyası ilə SSRİ rəhbərliyi xalqı qorxudub onu azadlıq və müstəqillik yolundan döndərmək, Dağlıq Qarabağın işğalına göz yummağa məcbur etmək istəyirdi. Lakin məqsədinə nail olmadı. 20 Yanvar faciəsi Azərbaycan xalqının daha inamla müstəqilliyə doğru addım atmasına səbəb oldu.

Ə.Hüseynov qeyd etdi ki, 20 Yanvar faciəsi dünyanın bir çox ölkələrində, o cümlədən İran İslam Respublikasında etirazla qarşılandı, İranın Milli Təhlükəsizlik Şurası bu barədə bəyanat qəbul etdi. İranın Ali Rəhbəri, prezidenti və İran parlamentinin 160-dan çox üzvü tərəfindən M.Qorbaçovun Azərbaycana silahlı təcavüzü kəskin tənqid edildi. İran mətbuatı isə bu hadisəni xalqa qarşı qırğın adlandırdı.

O zaman Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev güclü siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan Nümayəndəliyinə gəldi və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə tənqid etdi. Ulu Öndərin bu addımı o dövrdə çətin günlər yaşayan xalqımıza böyük dayaq və dəstək oldu. Məhz Heydər Əliyevin bəyanatından sonra Azərbaycan xalqı azadlıq uğrunda mübarizəsini davam etdirdi. Hadisələrdən az müddət sonra Heydər Əliyev kommunist partiyasının sıralarını tərk edib xalqının dar günündə Azərbaycana qayıtdı. O, doğulduğu Naxçıvana qayıdaraq 1990-cı ilin sentyabrında keçirilən seçkilərdə Naxçıvan Ali Sovetinin Sədri seçildi. Ali Sovetin ilk sessiyasında Heydər Əliyevin təşəbbüsü ilə 3 mühüm qərar qəbul olundu. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin 3 rəngli milli bayrağı dövlət bayrağı kimi qəbul edildi və ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən 1990-cı il noyabrın 21-də Qanlı Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi.

1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Azərbaycan rəhbərliyinə qayıdışından sonra isə Heydər Əliyevin müvafiq Sərəncamı ilə 20 Yanvar – Ümumxalq Hüzn Günü elan edildi, Şəhidlər xiyabanı yenidən quruldu, “Əbədi məşəl” abidə-kompleksi yaradıldı, “20 Yanvar” şəhidi fəxri adı təsis edildi.

Bu gün Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar hadisələrində əlil olmuş şəxsləri və şəhid ailələrini diqqət mərkəzində saxlayır.

Baş konsul dedi ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecədə həlak olan vətən oğulları Azərbaycan tarixinə parlaq səhifə yazaraq xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.

Çıxışdan sonra 20 Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş etdirildi. Mərasim iştirakçıları 20 Yanvar hadisələrinə aid fotostendə baxdılar, işğalçı Ermənistanın Azərbaycana qarşı törətdiyi terror aktlarını özündə əks etdirən kitab, jurnal, DVD filmlər, qəzet və bukletlərlə tanış oldular.

DiasporNews

Check Also

Turan Beynəlxalq Türk Uyğarlığı Təşkilatının başqanından Ermənistana mesaj

Dərviş Rəcəb Var: “Bir gün Qarabağı sizə məzar edəcəyik” “Turan Beynəlxalq Türk Uyğarlığı Təşkilatı olaraq …

160*600