Home / Aktual / Üç ölkədə Azərbaycanın Dövlət Bayrağı Günü qeyd edilib

Üç ölkədə Azərbaycanın Dövlət Bayrağı Günü qeyd edilib

“SAF” İsveç-Azərbaycan Birliyi Stokholm şəhərində 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayraq gününə həsr olunmuş tədbir keçirib. Tədbirdə Bakıdan gələn sənət adamları, diaspor nümayəndələri, soydaşlarımız, o cümlədən Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının üzvü yazıçı-filosof Eluca Atalı da iştirak edib.

Uşaqlar üçün nəzərdə tutulan tədbirdə Azərbaycanın Dövlət Bayrağı və onun tarixi haqqında çıxışlar edildi, bir dövlət atributu kimi bayrağın müqəddəs olduğu bildirildi. Tədbirin əsas məqsədi həm Azərbaycan Respublikasının Dövlət Bayraq gününü qeyd etmək, həm də İsveçdə yaşayan uşaqlara Azərbaycan bayrağını tanıtmaq, bayrağımızın üzərindəki rənglərin mənalarını izah etmək və uşaqlara Azərbaycan dövləti haqqında məlumat vermək olub.

Azərbaycan Respublikasının Dövlət Bayraq günü Ukraynanın Kiyev şəhərində də təntənəli şəkildə qeyd edilib. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun dəstəyi ilə Kiyev Opera Teatrında keçirilən tədbirdə soydaşlarımız, diaspor nümayəndələri, ukraynalılar və müxtəlif qonaqlar iştirak edib. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov və digərləri çıxış edərək Bayrağımızın tarixindən, Ukrayna Azərbaycan münasibətlərindən danışıb, Ukraynanın müxtəlif əyalətlərində və Kiyevdə yaşayan azərbaycanlıları Dövlət Bayrağı münasibətilə təbrik edib.

Tədbir konsert proqramı ilə davam edib. Proqramda Ukraynanın tanınmış müğənnisi, xalq artisti, dünya şöhrətli maestro Qrişko iştirak edib. Ukraynanın xalq artisti Qrişko Azərbaycanlıları bayraq günü münasibətilə təbrik edib və proqram M.Maqomayevin “Ey əziz anam Azərbaycan” musiqisi ilə başlayıb.

Qazaxıstanın Almatı şəhərində Əl-Farabi adına Qazaxıstan Milli Universitetinin Azərbaycan mədəniyyəti və tarixi mərkəzində 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə bağlı tədbir keçirilib. Tədbir Qazaxıstan Milli Universitetinin Azərbaycan mədəniyyəti və tarixi mərkəzinin, Azərbaycan səfirliyinin və tanınmış ziyalı Nasixa Kenjinanın birgə təşkilatçılığı ilə keçirilib.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş tədbirdə Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının sədri Əbülfəz Xamedov, Qazaxıstan Xalqlar Assosiasiyasının üzvü, qazax dili üzrə tanınmış azərbaycanlı filoloq Əsli Osman, yerli və xarici qonaqlar, tanınmış elm adamları, ziyalılar və tələbələr iştirak edib.

Mərasimdə çıxış edənlər üçrəngli bayrağımızın tarixindən, onun əhəmiyyətindən danışaraq, xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin tarixi köklərə söykəndiyi vurğulanıb. Tədbir Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın baş prodüseri olduğu “Əbədi ezamiyyət” sənədli filminin nümayişi ilə davam etdirilib.

DiasporNews

Check Also

Londonda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındaki səfirliyində ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı …