Home / Analitika / Azərbaycan Xalq Cümhuriyyəti iqtisadi təhlükəsizliyi necə qoruyub -ARAŞDIRMA

Azərbaycan Xalq Cümhuriyyəti iqtisadi təhlükəsizliyi necə qoruyub -ARAŞDIRMA

23 ay ərzində AXC ərzaq təhlükəsizliyinin təmin edilməsi, idxal-ixrac əməliyyatları üzərində dövlət nəzarətinin hüquqi əsaslarının yaradılması istiqamətində əhəmiyyətli işlər görüb

 

Türk müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) xalqımızın çoxəsrlik dövlətçilik tarixində əbədi iz qoydu. Azərbaycan Parlamenti və hökumətinin gərgin dövlətçilik fəaliyyətinin nəticəsi olaraq iqtisadi, maliyyə və gömrük tənzimlənməsinə aid qanunların qəbulu, milli valyutanın tətbiq edilməsi və s. tədbirlər ölkənin sosialyönümlü iqtisadi quruluşunu daha da möhkəmləndirməsinə xidmət edirdi. Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərləri əvvəlki dövrdən miras qalmış təsərrüfat dağınıqlığı şəraitindən xilas yolunu xarici iqtisadi-ticarət əlaqələrinin normal məcraya yönəldilməsi, sənayenin aparıcı sahələrində istehsalın bərpa edilməsində görürdülər. 1918-1920-ci illərdə iqtisadi siyasət kursunun müəyyənləşməsində və xarici dövlətlərlə ticarət əlaqələrinin genişlənməsində Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Məmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Məhəmmədhəsən Hacınski, Həsən bəy Ağayev, Məhəmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Əli ağa Həsənov, Ağa Əminov, İvan Protasov, Xəlil bəy Xasməmmədov, Mirzə Əsədullayev, Əhməd Cövdət Pepinov kimi dövlət xadimlərinin böyük əməyi olmuşdur.

AMEA-nın Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Röfət Quliyevin fikrincə, AXC-nin yürütdüyü sosial-iqtisadi siyasətin nəzəri əsasında mütərəqqi ideyalar dururdu: “Hökumətinin iqtisadi platforması mülkiyyət plüralizmini nəzərdə tutur, dövlət, xüsusi, şəxsi, səhmdar və bələdiyyə mülkiyyətinin inkişafı üçün bərabər imkanlar yaradırdı. Milli iqtisadiyyatın yaradılması sahəsində fəaliyyət çoxşaxəli idi: 1918-ci il oktyabrında neft sənayesi müəssisələrini sahiblərinə qaytarılması haqqında qərar verilməsi, neft mədənləri və zavodlarının, Xəzər ticarət donanması gəmilərinin sahibkarlara qaytarılmasını nəzərdə tutan dekretin nəşr edilməsi Azərbaycan hökumətinin ilk iqtisadi tədbirləri sırasında idi. 1919-cu ilin sentyabrın 16-da Azərbaycan Dövlət Bankının açılması, Bank Şurası tərəfindən banklarda valyuta qəbuluna icazə verilməsi, neft sənayeçilərinə və kapital ixrac etmək istəyən sərmayəçilərə bir sıra güzəştlər edilməsi gömrük yığımlarından əldə edilən vəsaitin dövlət xəzinəsinə daxil olmasını sürətləndirirdi. 1920-ci il mayın 1-i vəziyyətinə görə, Dövlət Bankının ümumi dövriyyəsi 1 mlrd. 354 mln. manatı ötüb keçmişdi”.

 

Yaranmış vəziyyət ən ciddi tədbirlərin görülməsini tələb edirdi

 

Onun sözlərinə görə, ilk gündən başlayaraq AXC-nin fəaliyyətinin üstün istiqamətlərindən birini iqtisadi siyasət təşkil etmişdir: “Azərbaycanın iqtisadi təhlükəsizliyinin qorunmasına, strateji malların kənara çıxarılmasının qarşısını almaq üçün müvafiq tədbirlərin həyata keçirilməsinə başlanıldı. Ölkənin qərb və cənub qərb sərhədlərində ərzaq mallarının qaçaqmalçılığı geniş vüsət almışdı. Yaranmış vəziyyət ən ciddi tədbirlərin görülməsini tələb edirdi. Azərbaycanla müharibə vəziyyətində olan Ermənistana qeyri-qanuni olaraq Azərbaycan dövlətçiliyi tarixində gömrük işi 244 ərzaq malları və on min pudlarla neft məhsulları keçirilirdi. Pambıq, taxıl, tütün və digər məhsulların nəzarətsiz ixracı daxili bazarın məhdudlaşmasına, daha doğrusu, əhalinin ərzaqla təminatına mənfi təsir göstərirdi. İqtisadi təhlükəsizliyi təmin etməyə qabil, strateji məhsulların ixracını, bütövlükdə xarici ticarət əlaqələrini tam nəzarətə götürən bir qurumun yaradılması zəruri idi”.

Azərbaycanın müstəqilliyi elan edildikdən sonra yeni yaranan dövlətin maliyyə vəziyyətinin yaxşılaşdırılması hökumətin qarşısında duran mühüm vəzifələrdən biri idi. Azərbaycan hökuməti ilk mərhələdə daxili ehtiyatları qorumaq məqsədilə bir sıra strateji malların – neft, pambıq, yun, ipək, tütün və başqa xammalın ixracına yalnız ölkə üçün zəruri məhsulların bərabər qiymət və miqdarda gətiriləcəyi təqdirdə razılıq verirdi. İxrac məhdudiyyətləri və bir çox hallarda isə daşımalar sahəsində yaranan çətinliklər xarici ticarətin genişlənməsinə və müvafiq olaraq gömrük gəlirlərinin artımına mane olurdu. Dövlət büdcəsi aşağıdakı vergi növləri hesabına formalaşırdı: 1) müstəqim vergilər, o cümlədən torpaq, daşınmaz əmlak, sənaye, kapital qoyuluşu, hərbi mükəlləfiyyət, notarial və dövlət gəlir vergiləri; 2) qeyri-müstəqim vergilər, o cümlədən neft və neft məhsullarından, tütün, şəkər və çay istehsalı gəlirlərindən tutulan vergilər, gömrük vergisi və ödənişləri; 3) möhür haqqı (kargüzarlıq və sənəd yazışmalarından gəlirlər); 4) dövlət inhisarına aid vergilər, o cümlədən mədən gəliri, poçt-teleqraf xidmətindən, balıqçılıq, pambıqçılıq və meşə təsərrüfatından gələn gəlirlərdən daxil olan vergilər; 5) yük daşımalarından daxil olan vergilər, o cümlədən dəmiryolu daşımalarından daxil olan vergilər. Bütövlükdə, 1919-cu ilin sonu – 1920-ci ilin əvvəllərinə gömrük yığımlarının həcmi dövlət büdcəsinin gəlirlər hissəsinin təqribən 12-14 faizini təşkil edirdi.

 

AXC hökumətinin əsas vəzifələrindən biri maliyyə aparatının möhkəmləndirilməsi idi

 

AXC hökumətinin maliyyə siyasətində gömrükdən daxil olan gəlirlərin artırılması əsas istiqamətlərindən birini təşkil edirdi. Normal pul dövriyyəsinin təmin edilməsi bir çox cəhətdən xarici ticarətin gömrük tənzimlənməsindən xeyli dərəcədə asılı idi. Azərbaycan hökuməti xarici ticarət əlaqələri yaradarkən dünya bazarında xammal və sənaye mallarının çatışmazlığını nəzərə almalı idi. Əsas vəzifələrdən biri həvəsləndirmə tədbirləri tətbiq etməklə ticarət dövriyyəsində ixracın həcminin idxala nisbətən üstünlüyünə nail olmaq idi.

Azərbaycan hökumətinin əsas vəzifələrindən biri maliyyə aparatının möhkəmləndirilməsi, xüsusilə dövlət gəlirlərinin artırılması, xərclərin mümkün qədər azaldılması və pul dövriyyəsinin tənzimlənməsi idi. Qeyd edilməlidir ki, AXC-nin bütün fəaliyyəti ərzində tədavülə 2 mlrd. 134 mln. manatdan çox pul buraxılmışdı. Maliyyə siyasətində mütərəqqi gəlir vergisinin tətbiq edilməsi əsas istiqamətlərdən birini təşkil edirdi. Cənubi Qafqaz Seymi buraxıldıqdan sonra Azərbaycanın öz qonşuları ilə sərhədlərini müəyyənləşdirməsi də ön planda dayanırdı. Məlum olduğu kimi, Birinci Dünya müharibəsi nəticəsində baş verən hadisələr beynəlxalq ticarət münasibətlərində və gömrük siyasətində köklü dəyişikliklərə səbəb olmuşdu. Həmin dövrdə yenicə müstəqilliyini əldə etmiş Azərbaycanın beynəlxalq ticarət və gömrük sisteminə qoşulması asan proses deyildi və hökumət idarəetmə, qanunvericilik, gömrük tənzimlənməsi, nəqliyyat və s. sahələrdə müxtəlif problemləri həll etməli idi. Bu çətinliklərə baxmayaraq, Cümhuriyyət qısa müddət ərzində dünyanın bir sıra ölkələri, o cümlədən Osmanlı dövləti, İran, İngiltərə, ABŞ, Fransa, İtaliya, Gürcüstan, Dağıstan və Orta Asiya ilə iqtisadi əlaqələr qurmağa nail olmuş, bir sıra dövlətlərlə ticarət müqavilələrinin bağlanması barədə razılıq əldə etmişdi. Müstəqil gömrük xidmətinin təşkili işinə sadəcə ölkə əhalisinin iqtisadi təhlükəsizliyini, daxili bazarın müdafiəsini və iqtisadiyyatın gücləndirilməsini təmin etməli olan bir qurumun yaradılması kimi deyil, ümumən dövlət quruculuğunun mühüm tərkib hissəsi kimi baxılırdı. 1920-ci ilin əvvəllərində ölkənin daxili siyasi həyatı xeyli sabitləşdi. Qısa müddət ərzində və böyük səylər hesabına yaradılan dövlət idarəetmə aparatı, o cümlədən maliyyə, gömrük, aksiz nəzarəti daha da təkmilləşdirildi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti nəinki ölkəmizin, eyni zamanda bütün Şərq aləminin dövlətçilik və demokratiya tarixində ilk böyük hadisə idi. Mövcud olduğu 23 ay ərzində müstəqil Azərbaycan Cümhuriyyəti həmin dövrdə dövlət idarəçiliyinin təşkili və idarəetmə orqanlarının formalaşdırılması sahəsində müəyyən işlər görmüşdür. Ən əhəmiyyətlisi budur ki, iqtisadi təhlükəsizliyin, o cümlədən ərzaq təhlükəsizliyinin təmin edilməsi, idxal-ixrac əməliyyatları üzərində dövlət nəzarətinin hüquqi əsaslarının yaradılması kimi xüsusi əhəmiyyətə malik məsələlərin həllində milli maraqlar prioritet təşkil etmişdir.

 

Nail Məmmədzadə

Məqalə İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı” mövzusunda müsabiqəyə təqdim edilir.

Check Also

Diaspor işində yeni yol xəritəsi – gələcək uğurların başlanğıcı…

2002-ci il iyulun 5-də Azərbaycanın mərhum dövlət başçısı Heydər Əliyevin fərmanı ilə yaradılan Xaricdə Yaşayan …

160*600