Home / Diaspor / Əyyub Quliyev Smolenskdə çıxış edib

Əyyub Quliyev Smolenskdə çıxış edib

Rusiyanın Smolensk Dövlət Filarmoniyasında Smolensk Filarmonik kamera orkestri və Azərbaycanın Əməkdar artisti, Akademik Dövlət Opera və Balet Teatrının baş dirijoru Əyyub Quliyevin idarəsi altında Azərbaycan, rus və qərb bəstəkarlarının instrumental və vokal əsərləri dinləyicilərə təqdim olunub.

Tədbir Smolensk Dövlət Filarmoniyası, yerli Azərbaycan diasporu və Smolensk Milli Konqresi tərəfindən təşkil olunub. Konsertdə Azərbaycan və Rusiyanın tanınmış musiqiçiləri, beynəlxalq müsabiqələr laureatı – istedadlı pianoçu Səidə Tağızadə və Smolensk Filarmoniyasının solistləri Lyubov Kaşkova (soprano), Olqa Petrova (metso-soprano) və Aleksandr İlyuşenkov (tenor) iştirak ediblər.

Musiqili proqramda Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Vaqif Mustafazadə və Fərhad Bədəlbəylinin əsərləri dinləyicilər tərəfindən böyük rəğbət və maraqla qarşılanıb.

Konsertin sonunda Smolensk Filarmoniyasının bədii rəhbəri Sergey Filin və Smolensk Milli Konqresinin rəhbəri, Humanitar Universitetin rektoru, İctimai Palatanın deputatı Faiq Əliyev tədbir barədə fikirlərini bölüşüb və ifaçıların yüksək professionallığını qeyd edib.

Smolensk Dövlət Filarmoniyasının direktoru Olqa Saxarova və bədii rəhbəri Sergey Filin dirijor Əyyub Quliyev və pianoçu Səidə Tağızadəni gələn ilin iyununda keçiriləcək M.Qlinka adına Beynəlxalq musiqi festivalına dəvət edib.

DiasporNews

Check Also

Londonda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındaki səfirliyində ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı …