Home / Diaspor / Azərbaycan və Latviyanın 100 illiyi Riqada qeyd edilib

Azərbaycan və Latviyanın 100 illiyi Riqada qeyd edilib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə Latviyanın paytaxtı Riqada “Birləşmiş Avropa layihəsinə yeni baxış” adlı konfrans keçirilir. Toplantıda Mərkəzin İdarə Heyətinin həmsədrləri – Vayra Vike-Frayberqa, İsmail Serageldin, Mərkəzin Qəyyumlar Şurasının sədri Nazim İbrahimov, sabiq dövlət başçıları Valdis Zatlers, Petar Stoyanov, İvo Yosipoviç, Hikmət Çətin, Ekmeleddin İhsanoğlu, həmçinin Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov və digərləri iştirak edirlər.

Konfransın ilk günü Azərbaycanın və Latviyanın müstəqilliklərinin 100-cü ildönümünə həsr olunmuş ziyafət təşkil olunub.

Ziyafətdə çıxış edən Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin idarə heyətinin həmsədri Vayra Vike-Frayderberqa hər iki ölkənin müstəqilliyə gedən çətin və şərəfli yolundan bəhs edib. O qeyd edib ki, hər iki ölkə ikinci dəfə müstəqilliklərini bərpa edəndən sonra sürətli inkişaf yoluna qədəm qoyub və bu gün beynəlxalq nüfuza sahibdirlər.

Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov tədbirdə çıxış edərək 2012-ci ildə yaradılan, dahi Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin adını daşıyan Mərkəzin öz fəaliyyətindən ətraflı bəhs edib. Qeyd edib ki, dünyanın tanınmış simalarını bir araya gətirən Mərkəz müasir dövrün qlobal çağırışları və bəşəriyyətin üzləşdiyi aktual məsələlərin müzakirə olunduğu mühüm platformadır.

Bu ilin həm Azərbaycan, həm də Latviya üçün əlamətdar olduğunu deyən səfir 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin də qeyd edildiyini diqqətə çatdırıb. Cavanşir Axundov Azərbaycan-Latviya münasibətlərinin strateji əhəmiyyət daşıdığını bildirib və əlaqələrimizin bütün sahələr üzrə inkişaf etdiyini məmnunluqla qeyd edib. Konfrans işini noyabrin 29-da yekunlaşdıracaq.

DiasporNews

Check Also

Azərbaycanlı xanım Kamçatka gözəli seçilib

Rusiyanın Kamçatka diyarında ilk dəfə keçirilən “2018-ci ilin etno-gözəli” müsabiqəsinin qalibi azərbaycanlı Ruhiyyə Mustafayeva olub. …