Home / Diaspor / Azərbaycanın çay mədəniyyəti Yunanıstanda təqdim edilib

Azərbaycanın çay mədəniyyəti Yunanıstanda təqdim edilib

Azərbaycanda çay mədəniyyəti qonaqpərvərlik və dostluq rəmzi hesab olunur. Hər kəs bilir ki, ölkəmizdə istənilən bir evə qonaq olsanız, ilk olaraq sizə çay təklif olunacaq. “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti də bu möhtəşəm ənənəmizi qoruyaraq, təşkilatın iqamətgahında Azərbaycan çayını yerli auditoriyaya təqdim edib. Çay təqdimatı məclisində çayın hazırlanması, çayiçmə mədəniyyəti haqqında məlumat verilməklə yanaşı, bu proses canlı olaraq, iştirakçılara nümayiş etdirilib. Təqdimatı keçirən və Azərbaycan mədəniyyəti ilə yaxından tanış olan Medeya xanım Damotsiadu bildirib ki, Azərbaycanda əsrlər boyu saraylardakı rəsmi qəbullardan tutmuş elçilik mərasimlərinədək qonaqlara çay təklifi adəti bu gün də davam etməkdədir. Eyni zamanda Medeya xanım Azərbaycan çayının müxtəlif ot və ədviyyatlarla içilməsinin faydaları haqqında məlumat verərək, zəfəran, mixək, nanə, itburnu və s. bitkilərlə müşaiyət olunan bir neçə növ çayı armudu stəkanlarda qonaqlara təqdim edib. 
Azərbaycan çayı zərif ətri və xoş rəngi ilə seçilir və süfrəyə, adətən, şirniyyat, mürəbbə, çərəz və limonla birlikdə verilir.
Tədbirdən sonra iştirakçıların bəzilərinə Azərbaycan çay nümunələri hədiyyə edilib. Korais Mədəniyyət Cəmiyyətinin sədri Stratos Tsixlas, “Gürcülər Salonikidə” Cəmiyyətin sədri Zaza Sulamanidze və jurnalist xanım Sofia Prokopidou da tədbirin qonaqları sırasında idilər. Qonaqlar tədbirdən çox məmnun ayrılıblar və belə mədəni məclislərin tez-tez keçirilməsinə olan arzularını ifadə ediblər.

Check Also

Növbəti “Diaspor dərsi” 178 saylı orta məktəbdə keçiriləcək

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi “Bakı məktəblərində diaspor dərslərinin keçirilməsi” layihəsinin icrasına başlayıb. Azərbaycan …

160*600