Home / Diaspor / Azərbaycanlı şagirdlər Bolqarıstanda medallar qazandı

Azərbaycanlı şagirdlər Bolqarıstanda medallar qazandı

Cari ilin 30 iyun-2 iyul tarixində Bolqarıstanın Nesebar şəhərində Nesebar şəhər bələdiyyəsinin himayəsi altında “Sərhədsiz riyaziyyat” V Beynəlxalq turnir keçirilib. Səfirlikdən DiasporNews-a verilən xəbərə görə, turnirdə 18 ölkədən (Azərbaycan, Avstraliya, Belarus, Bolqarıstan, Vyetnam, İran, Qazaxıstan, Qırğızıstan, Makedoniya, Çin, Malta, Rusiya, Rumıniya, Türkiyə, Özbəkistan, Meksika, Filippin, Honq Konq) 1-12 siniflərdən şagirdlər iştirak edib.

Fərdi yarışlar gedişində şagirdlər 60 dəqiqə ərzində 20 riyazi suala cavab tapmalı, komanda yarışlarında isə 3 nəfərdən ibarət qruplar 45 dəqiqə ərzində 5 məsələni həll etməli idilər.

“Sərhədsiz riyaziyyat” V Beynəlxalq turnirinin mətbuat buraxılışında Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev, Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova və Qazaxıstanın Bolqarıstandakı müvəqqəti işlər vəkili Temirtay İzbastinin turnir təşkilatçıları və iştirakçılarına ünvanlandığı məktublar yer alıb.

N.Qurbanova tərəfindən ünvanlanmış məktubda riyaziyyatın tədqiqi elmin digər sahələrinin inkişafına təkan verən fənn olduğu, onun iqtisadiyyat, fizika elmləri, texnologiya, biznes, maliyyə xidmətləri və informasiya və kommunikasiya texnologiyalarının bir çox sahələrinin əsasında durduğu qeyd olunur. Məktubda deyilir ki, riyaziyyat elmi və sənaye tədqiqatları və inkişafının əsasını formalaşdırır və müasir dünyada bir çox mürəkkəb sistemlər və strukturlar yalnız onun vasitəsilə dərk edilə bilər.

Məktubda həmçinin orta əsrlərdə Azərbaycanda riyaziyyat elminin yüksək inkişaf səviyyəsinə yüksəldiyi, 13-cü əsr Azərbaycanın məşhur alimi, filosofu və fiziki Məhəmməd Bin Həsən Nəsirəddin Tusinin bütün dövrlərin ən dahi riyaziyyatçı və astronomlarından biri kimi tanındığı bildirilir, onun nəinki Şərqdə, habelə Avropada həndəsə və triqonometriyanın inkişafına əvəzsiz töhfə verdiyi, müstəqil riyazi elm kimi triqonometriyanın banisi kimi qəbul olunduğu əlavə olunur.

Məktubda turnirə öz bilik və potensiallarını nümayiş etdirmək üçün Azərbaycandan da müxtəlif yaş kateqoriyalarında şagirdlərin qatıldığı barədə məlumat verilir, Azərbaycanlı şagirdlər də daxil olmaqla, bütün turnir iştirakçılarının adlarının gələcəkdə dünyada elm və texnologiyanın inkişafına töhfəsinə görə riyaziyyat sahəsində dünyanın məşhur simaları arasında sadalanacağına əminlik ifadə olunur.

Turnirdə ölkəmizi layiqincə təmsil edən 9 iştirakçının hər biri müxtəlif mükafatlarla təltif olunub. Turnirin ən uğurlu 20 iştirakçısı arasında Elitar Gimnaziyanın ikinci sinif şagirdi İmran Hidayətzadə “Turnirin riyazi ulduzu” titulu və turnirin gümüş kubokuna layiq görülüb.

Elitar Gimnaziyanın şagirdləri İmran Hidayətzadə, Sabir Əliyev, Yusif Hidayətzadə (qızıl), Nazilə Xudakərimli, Yasin Xudakərimli, Ayan İslamzadə (gümüş), Toğrul Ağamalı və Murad İsmayıl (bürünc) və Avropa Liseyinin şagirdi Oğuz İsayev (gümüş) medalçılar sırasında yer alıblar. Turnirin bədii hissəsində çıxış edən şagirdlərimizin ifaları izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

DiasporNews

Check Also

“Sabantuy Moskva” festivalına “Rusiya Azarbaycanlıları Platformu” da qatılıb

İyulun 6-da Rusiyanın paytaxtdı Moskva şəhərində “Sabantuy Moskva” beynəlxalq festivalı keçirilmişdir. “Rusiya Azarbaycanlilari Platformu” mətbuat …

160*600