Home / Diaspor / Billura Bernard: Afrika fürsətlər qitəsidir və ölkəmiz öz xarici siyasətində Afrikanın fürsətlərindən istifadə etmə şansını qaçırmamalıdır

Billura Bernard: Afrika fürsətlər qitəsidir və ölkəmiz öz xarici siyasətində Afrikanın fürsətlərindən istifadə etmə şansını qaçırmamalıdır

DiasporNews olaraq başlatdığımız layihəmiz uğurla davam edir. Layihəmiz boyunca aldığımız silsilə müsahibələri ilk dəfə oxuyanlar üçün qeyd edək ki, bu layihəmizdə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları haqqında məlumat, həmçinin həmin təşkilatların rəhbərlərindən aldığımız müsahibələrlə tanış olacaqsınız.

Layihəmizin dördüncü qonağı Azərbaycan diaspor təşkilatları sırasında xüsusi yerə sahib olan bir şəxsdir. O, uzaq Nigeriyada Azərbaycanın tanıtımı ilə məşğul olan fəal bir şəxsdir. Nigeriyada fəaliyyət göstərən “Azərbaycanın Dostları” adlı təşkilatının sədri Billura Bernardla olan müsahibəmizi sizlərə təqdim edirik:

– Əziz Billura xanım, xahiş edirik özünüzü oxucularımıza təqdim edin.

– Hər birinizi salamlayıram. Adım Billuradır. Azərbaycanın gözəl guşələrindən olan Lahıcda anadan olmuşam və 5 ildir ki, Nigeriyada həyat yoldaşım və üç övladımla yaşayıram.

– Nigeriyada Azərbaycan ilə əlaqədar təşkilat yaratmaq fikri ağlınıza necə gəldi?

– Bakıda olarkən Fransa vətəndaşı olan bir nəfərlə tanış oldum və bu şəxs həyatımda xüsusi yer tutdu, ailə qurmaq qərarına gəldik və Fransaya köçdük. Həyat yoldaşım neft və qaz mühəndisidir. Həyat sürprizlərlə doludur və mən səmimi desəm heç vaxt düşünməzdim ki, nə vaxtsa Afrikada yaşayacam.
Hər zaman öz ölkəmlə qürur duymuşam. Bizim mədəniyyətimiz, mətbəximiz qısaca demək lazımdırsa hər bir milli-mənəvi dəyərlərimiz xüsusidir, özəldir. Nigeriyada yaşadığım müddətdə qərara gəldim ki, Azərbaycanı tanıtmalıyam. Burada yerli əhali ilə əlaqələr qurduqca görürdüm ki, bizim ölkəmizdən elə də xəbərləri yoxdur. Hər görüşümüzdə mən öz mətbəximizi, mədəniyyətimizi buradakı insanlara tanıtmağa çalışdıqca görürdüm ki, yerli əhaliyə biz olduqca maraqlıyıq. Bu səbəbdən ilk öncə “Cuisine Chez Billura” adlı şəxsi şirkətimi qurmaq qərarına gəldim. Bu şirkət vasitəsi ilə Azərbaycan mətbəxini tanıdır və eləcə də xüsusi kurslar təşkil edirəm. Bundan sonra isə “Azərbaycanın Dostları” adlı diaspora təşkilatını yaratmaq qərarına gəldim. 2018-ci ilin mart ayından etibarən rəsmi olaraq fəaliyyətə başladıq.

– Qeyd etdiniz ki, cari ilin mart ayından etibarən “Azərbaycanın Dostları” diaspor təşkilatı fəaliyyət göstərir. Bu qısa müddət ərzində nə kimi layihələrə imza atmağı bacarmısınız?

– Bizim əsas məqsədimiz ölkəmizin təbliğatını layiqli səviyyədə aparmaqdır. Bu zamana kimi Nigeriyanın paytaxtı Laqos şəhərində müxtəlif tədbirlərdə Azərbaycan haqqında geniş məlumatlar paylaşmışıq. Bura Nigeriyanın ən böyük xeyriyyə tədbiri olan “Kiçik dünya” və həmçinin “Banan Mədəniyyət Festivalı” da daxildir. Bu iki böyük tədbirlərdə Azərbaycan haqqında stendlər qurub orada iştirak edən qonaqlara müxtəlif məlumatlar vermişik. Laqos şəhərində 25 milyon insan yaşayır, ümumi Nigeriyada isə 200 milyon əhali var. Düşünürəm ki, əhali sayının bu qədər böyük olan bir şəhər və ölkədə Azərbaycanın tanıdılması mütləqdir. Mən və komandamda olan 60 nəfərlə birgə üç böyük lahiyə hazırlamışıq. Bunlardan biri “Azərbaycanın ləzzətləri” adlı lahiyəmizdir, hansı ki, bu lahiyə boyunca jurnalist və proedüser olan Gina Ehikodi ilə Azərbaycanın mətbəxi haqqında film hazırladıq. Film çəkilişlərimiz üçün 10 gün vaxt sərf etdik və çəkiliş prosesi zamanı Bakı, Şəki və Lahıcda çəkilişlər etdik. Düşünürəm ki, bu lahiyəmiz olduqca səmərəli lahiyə oldu belə ki, bu çəkilişlər Nigeriyanın 10 fərqli televiziya kanallarında yayımlandı.
Kulinariya ilə bağlı bir neçə dəfə məni də Nigeriya televiziya kanallarına dəvət ediblər.
“Azərbaycanın Dostları” təşkilatı olaraq ikinci bir lahiyəmiz isə Nigeriya televiziya kanalları ilə olan lahiyəmizdir ki, təşkilatımız yerli telekanalların birində yayımlanan “Xaricilərin Nigeriyada diaspora fəaliyyəti” adlı verilişə dəvət edilmişdir. Bu veriliş isə jurnalist Cenifer Gentet tərəfindən təqdim edilir. Veriliş boyunca mən, ölkəmizin mədəniyyəti, tarixi və mətbəxi haqqında geniş məlumat verdim. Bu verilişdən sonra Ceniferlə bərabər Azərbaycana səfər etdik. Beləliklə Cenifer Azərbaycanda yaşayan Nigeriyalılarla tanış oldu.
Son olaraq Azərbaycan Demokratik Respublikasının quruluşunun 100 illiyi münasibəti ilə Laqos şəhərində yerləşən  “Muson Musiqi Mərkəzi”ndə “İpək yolu” adlı klassik musiqi konserti təşkil etdik. Tədbirin qeyri-rəsmi hissəsində qonaqlara şam yeməyi və sərgi təqdim edildi. Tədbirimizdə Azərbaycanın istedadlı pianoçusu Səidə Zülfüqarova və tarzən Sahib Paşazadə ifa etdilər. Onları nigeriyalı tenor Cozef Oparamanuike və isveçrəli soprano Teuta Nikolet dit Feliks müşaiət edirdi.

– Möhtəşəm tədbirlər keçirmisiniz Billura xanım. Mart ayından indiyənə kimi mövcud olan bu qısa zaman ərzində mükəmməl işlərə imza atmağı bacarmısınız. Sizləri təbrik etmək istəyirəm. Növbəti sualım isə Nigeriyada yaşayan azərbaycanlılar haqqında olacaq. Təqribi nə qədər azərbaycanlı yaşayır Nigeriyada? Orada yaşayan həmyerlilərimiz əsasən nə işlə məşğuldurlar?

– Biz burada gəldiyimiz zaman böyük ehtimal ancaq mən və uşaqlarım idik azərbaycanlı olaraq, amma zamanla bir neçə həmyerlimizlə tanış ola bildim. Bir şəxslə tanış olmuşdum burada, azərbaycanlı idi. O, artıq burada yaşamır. Eləcə də iki xanım tanıyıram, azərbaycanlıdırlar. Onlar buradadırlar və evlidirlər. Mən kiçik bir araşdırmam nəticəsində belə bir qənaətə gəlmişəm ki, Nigeriyada cəmi 11 azərbaycanlı yaşayır. Təəssüf ki, Nigeriyada Azərbaycan konsulluğu və ya səfirliyi olmadığı üçün dəqiq məlumatım yoxdur bu barədə.

– Nigeriyada yaşayan azərbaycanlıların əsas problemi nədir?

– Mənə elə gəlir ki, ən böyük problem burada konsulluğun və ya səfirliyin olmamasıdır. Nigeriyanın iqtisadi gücünə və potensiyalına baxdığımız zaman görürük ki, neft və qaz sahəsində Nigeriya dünya bazarlarında söz sahibi olmaq qüdrətindədir. Məncə Azərbaycan bu şansı qaçırmamalı və Nigeriya ilə sıx əməkdaşlıq qurmalıdır. Həmçinin də digər Afrika ölkələri ilə əlaqələr inkişaf etdirilməlidir. Bizlər, burada yaşayan azərbaycanlılar olaraq əlimizdən gələni etməyə hazırıq və daima dövlətimizin yanındayıq. Afrika fürsətlər qitəsidir və ölkəmiz öz xarici siyasətində Afrikanın fürsətlərindən istifadə etmə şansını qaçırmamalıdır.

– Nigeriya xalqı Azərbaycanın tarixi, mədəniyyəti və turizm potensialı haqqında məlumatlıdırmı?

– Təəssüflə qeyd etmək istəyirəm ki, bir çox nigeriyalı Azərbaycanı tanımır. Bizim təşkilatımız aktiv şəkildə fəaliyyət göstərir ki, Azərbaycanımızı burada geniş kütlələrə təqdim edək. Təbii ki, bizim təşkilat olaraq müəyyən limitlərimiz var hansı ki, o nöqtədən bir addım irəli keçə bilmirik. Ona görə yox ki, bunu bacarmırıq. Ona görə keçə bilmirik ki, əlimizdəki imkanlar buna imkan vermir. Nigeriya çox böyükdür və bir ölkəni burada lazımi dərəcədə tanıtmaq üçün böyük güc lazımdır. Buna baxmayaraq vətənizim Nigeriyada və eləcə də Afrikada tanınması üçün şəxsən mən əlimdən gələni etməyə hazıram.

– Səmimi cavablarınıza görə minnətdaram Billura xanım. Bəs gələcək planlarınız haqqında bizlərə nə deyə bilərsiniz?

– Ediləcək çox şey var. Təşkilatın dəstəyə də ehtiyacı var. Diaspora komitəsindən, digər təşkilatlardan və ya investorlardan dəstək lazımdır ki, Azərbaycanın tanıtımı üçün daha böyük lahiyələr gerçəkləşdirə bilək. Bizim böyük lahiyələrimizdən biri tezliklə gerçəkləşəcəkdir. Lahiyəmizə əsasən iki beynəlxalq yemək sevər və aşbaz ipək yolu üzərindəki ölkələrin mətbəxlərini kəşf edəcəklər. Biz Azərbaycandan başlayıb Şərqi Afrikaya kimi uzanan bir səyahətə çıxacayıq. Bu lahiyə eksklüziv və orjinal lahiyədir. Lahiyəyə Freda Muyambo başçılıq edir və mənim yəni Billura Bernardın tərəfindən təqdim edilir.

– Billura xanım, səmimi və dolğun cavablarınız üçün bir daha dərin minnətdarlığımı həm öz adımdan, həm rəhbərlik etdiyim Varşava Azərbaycanlılar Birliyi adından həm də DiasporNews kollektivi adından bildirirəm. Son olaraq Azərbaycanın diaspora təşkilatlarına ürək sözlərinizi eşitmək istərdik.

– Ümid və arzu edirəm ki, hər birimiz birgə çalışarıq. Bütün dünyada fəaliyyət göstərən diaspora təşkilatlarımız harada olmasından asılı olmayaraq daima birlikdə eyni məqsədlə hərəkət etməliyik. Biz birik, biz Azərbaycanıq!

Biz də öz növbəmizdə, DiasporNews olaraq hörmətli xanım Billura Bernarda öz fəaliyyətində uğurlar arzu edirik!

© Materiallardan istifadə edərkən mənbənin qeyd edilməsi zəruridir!

Müsahibəni aldı: Rəsul Məmmədov, xüsusi olaraq DiasporNews üçün.

DiasporNews
Rəsul Məmmədov

Check Also

Lüksemburqda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb

Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi və Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Mədəniyyət …