Home / Diaspor / Çingiz Əliyev:”Tuvada diasporumuz bütün rəsmi tədbirlərdə təmsil olunur”

Çingiz Əliyev:”Tuvada diasporumuz bütün rəsmi tədbirlərdə təmsil olunur”

Ucsuz-bucaqsız Rusiyanın regionlarında azərbaycanlı gənclərin aktivliyi və deputat olaraq fəaliyyət göstərmələri qürurvericidir. Rusiyanın Tuva Xalq Respublikasında yaşayan Çingiz Əliyev buna misal olan gənclərimizdəndir. Çingiz Əliyev Tuva Xalq Respublikasının Karate Federasiyasının sədri, respublikanın yığma komandasının baş məşqçisi və tanınmış ictimai xadim, diaspor fəalı və paytaxt Kızıl şəhər şurasının deputatıdır. O, bu gün gənc deputat olaraq, azərbaycanlıların hüquqlarını Tuvada layiqincə qoruyur. Xatırladaq ki, Çingiz İsaxan oğlu Əliyev 1982-ci ildə Gürcüstanın Qardabani rayonunda doğulub, 1999-cu ildən isə Tuva Xalq Respublikasında yaşayır. Müasir Humanitar Akademiyada hüquqşünaslıq ixtisası üzrə təhsil alıb. Dəfələrlə Rusiya, dünya və Avropada keçirilən karate yarışlarında çempion olub və mükafatlar qazanıb, qara kəmər ustasıdır, Tuva Xalq Respublikasında Karate Federasiyasının banisidir. Dünya və Avropa səviyyəsində bir çox Rusiya çempionu yetişdirib. Karate üzrə beynəlxalq dərəcəli idman ustası olan həmyerlimiz Rusiya Federasiyasında keçirilən bir sıra ictimai tədbirlərin təşəbbüskarı və təşkilatçısıdır. O, Tuva Xalq Respublikasının 100 illiyi və Kızılın yaranmasının 100 illiyi medalları ilə təltif edilib. Həmçinin çoxlu sayda təşəkkür məktubu, diplom və fəxri fərmanlara layiq görülüb.

– Tuvada Karate Federasiyası nə vaxt yaradılıb?
-Bütün SSRİ-də olduğu kimi, Tuvada da karatenin inkişafı 70-ci illərin ortalarında başladı. Lakin 80-ci illərin əvvəllərində təqiblər baş qaldırdı və bütün karateçilər SSRİ-nin digər yerlərində olduğu kimi, Tuvada da gizli fəaliyyət göstərdilər. Nəhayət məşqçilər gizlənməkdən yoruldular və çox sayda Tuva karateçiləri Uşu-Sanda idman növü adı altında məşq etməyə başladılar. Amma 1999-cu ildə mən Tuvaya gələndə, demək olar ki, burada karate zəif idi və Rusiyada Sibir səviyyəsində çıxış edən idmançılar da yox idi. Az sonra idman ustası oldum və mən xeyli idmançı ilə karate üzrə məşqləri davam etdirməyə qərar verdim. Daha sonra tədbirlər, yarışlar keçirməyə başladıq. Rəqabət gücləndi və bizi tanıdılar. Daha sonra dövlət rəsmiləri bizimlə maraqlanmağa başladılar. Beləcə, 1999-cu ildə Tuvada Karate Federasiyasını yaratdıq. Bundan sonra Tuvada karateyə maraq daha da artıdı. 
Hazırda bir çox karate yarışları yalnız Kızıl şəhərində aparılır. Mərkəzi respublika federasiyasında 5 klubumuz var. Burada 700-ə yaxın uşaq məşq keçir. Onlar Rusiya səviyyəsində yarışlarda iştirak edirlər və saysız qələbələr qazanıblar. Artıq Tuvada həm Rusiya, həm Avropa, həm də dünya üzrə keçirilən yarışlarda medal qazanan bir çox çempionumuz var. Respublikanın bütün şəhərlərində karate idmanını inkişaf etdiririk. Əminəm ki, bir gün şagirdlərimiz olimpiaçı olacaqlar. Bizim əsas məqsədimiz budur. Qeyd edim ki, Tuva Xalq Respublikasının başçısı Şolban Kara-ool da keçmiş karateçi olub. O, hər zaman Tuvada karatenin inkişafına diqqət göstərib. Məhz buna görə də Tuvada karate ildən-ilə inkişaf edir. 
-Orada azərbaycanlı gənclərin idmana marağı necədir?
-Tuvada, ümumiyyətlə, uşaq və gənclərin karateyə böyük marağı var. Bunların arasında azərbaycanlı gənclər də çoxluq təşkil edirlər. Azərbaycanlı gənclər müxtəlif idman növləri ilə məşğul olurlar. Onlar mütəmadi olaraq yarışlarda uğurlu çıxışlar edirlər.
-Azərbaycandakı idman təşkilatları ilə əlaqəniz varmı?
-Bəli, mən Azərbaycan idmanının inkişafını izləyirəm və orada keçən əsrlə müqayisədə dinamik inkişaf edən idmana heyranam. Bu gün Bakıda və ümumiyyətlə respublikada, dövlətin dəstəyilə idmanın inkişafı üçün çox geniş şərait yaradılıb. Eyni zamanda, Azərbaycanda ən yüksək səviyyədə keçirilən tədbirlər mənə məmnunluq hissi verir. Əminəm ki, hər bir azərbaycanlı Azərbaycanın bu inkişafına görə fəxr edir. Digər tərəfdən, Azərbaycan idmançıları ilə çox yaxşı münasibətlərim var. Məsələn, Azərbaycan Karate Federasiyası ilə çox sıx əlaqə qururam və oradan izləyicilərim də var. Mən Bakıdakı əksər karateçilərlə dostam. Həmçinin MMA döyüşçüsü, “Azerbaijan Fight Club”un prezidenti Şəhriyar Abbasovla yaxşı münasibətimiz var. Onun idman klubunda məşq etmişəm və idman səviyyəmi artırmışam. Oradakı bütün idmançılarla dostluq edirəm. Onu da əlavə edim ki, bugünlərdə müstəqil Azərbaycanın karate üzrə ilk çempionu İlyas Xəlilov, karate üzrə beşqat dünya çempionu Rafael Ağayev və güləş üzrə üçqat dünya çempionu Hacı Əliyev Tuvada qonağımız oldular. Onlar respublikanın başçısı Şolban Kara-oolun ad günündə iştirak etmək üçün Tuvaya gəlmişdilər. Səfər müddətində idmançılar gənclərimiz üçün burada karate və sərbəst güləş üzrə açıq məşq də keçdilər. Yəni Azərbaycan idmançıları ilə daimi əlaqədəyəm. Digər idman növlərində yarışan həmvətənlərimlə də tanış olmuşam və münasibətlərimiz gündən-günə daha da sıxlaşır. 

– Siz, ölkəmizin tarixinin və mədəniyyətinin təbliği istiqamətində hansı işlər görürsünüz?
-Bəli, Tuvada diasporumuz bütün rəsmi tədbirlərdə təmsil olunur. Yerli əhali bizə böyük hörmətlə yanaşır. Biz digər türk xalqları ilə birgə hər zaman Novruz və başqa bayramları respublika səviyyəsində keçiririk.
Vətəndən uzaqda yaşamağımıza baxmayaraq mədəniyyətimizi və tariximizi çox sevirəm. Biz Tuvada mədəniyyətimizi yüksək səviyyədə tanıdırıq. Mən Tuva Dövlət Universitetində bir neçə dəfə Azərbaycan mədəniyyəti və türklərin tarixi haqqında mühazirə oxumuşam. Buradakı işimiz sayəsində bir çox tələbə Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, eləcə də “Kitabi-Dədə Qorqud” dastanı və s. haqqında məlumat əldə edib. Həmçinin 20 Yanvar faciəsi, Dağlıq Qarabağ münaqişəsi haqqında da mütəmadi olaraq tədbirlərdə çıxışlar edirəm. 

“Azərbaycanda ən yüksək səviyyədə keçirilən tədbirlər mənə məmnunluq hissi verir. Əminəm ki, hər bir azərbaycanlı Azərbaycanın bu inkişafına görə fəxr edir”

Tuvada yerli mədəniyyətə çox hörmət edirəm. Yeri gəlmişkən, Tuva mədəniyyəti, əsas etibarilə, Azərbaycan mədəniyyətinə bənzəyir. Mədəniyyətimizi və tariximizi unuda bilmərik. Mən daimi olaraq xaricdə Azərbaycan dövlətini və xalqını təbliğ edirəm. Türklərin tarixi çox qədim və zəngindir və bununla qürur duyuram. Yerli xalqlarla mədəniyyət və tarixlə bağlı qarşılıqlı informasiya mübadiləsi çoxmillətli Rusiyada dostluq və bir-birindən razılığı möhkəmləndirir. Hətta ortaq tariximiz və Azərbaycanla Tuva arasındakı oxşar mədəniyyətə dair bir kitab yazmağı təklif etdilər. Çünki dil və mədəniyyət baxımından oxşarıq. Onlar da qədim tarixə malik xalqdır.

– Rusiyadakı diaspor təşkilatlarımızla əməkdaşlıq edirsizmi?
-Rusiyada çox sayda müxtəlif Azərbaycan diaspor və mədəni təşkilatları var. Bu gün onların birləşib əməkdaşlıq çərçivəsində iş aparması diasporumuzu daha da gücləndirər. Bu həm də diasporumuzu inkişafa doğru aparar. Birlik olanda hüquqlarımızı da istədiyimiz şəkildə müdafiə edə bilərik. Mən Krasnoyarsk vilayətinin “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədri, Krasnoyarsk Deputatlar Şurasının millət vəkili Taleh Mahmudovla əməkdaşlıq edirəm. Onun və komandasının fəaliyyətini çox yüksək qiymətləndirirəm. Bununla yanaşı, Ələkbər və Səadət Qarayevaların fəaliyyətini bəyənirəm. Onlar azərbaycanlılar üçün çox iş görürlər. Krasnoyarsk və Tuvada diaspor düzgün və şəffaf fəaliyyət göstərir. Həm də Krasnoyarskda “Odlar yurdu” ansamblı var. Uzun illərdir ki, Səadət Qarayevanın rəhbərliyi ilə bu ansambl Azərbaycanı uzaq Sibirdə, eləcə də, digər ölkələrdə təmsil edir. Mən hər zaman bu insanlara sayğı və hörmət göstərirəm, onlarla çox yaxın ünsiyyət qururam. Digər bölgələrdə isə diasporun başında duranlardan, demək olar ki, heç birini tanımıram. Ümumi olaraq, demək olar ki, hər şəhərdə dostlarım var. Xaricdə xalqımızın layiqli nümayəndələri çoxdur.
-Deputat olaraq soydaşlarımıza nə kimi dəstək göstərirsiz?
-Mən, öncə idmançı idim və bacardığım qədər həmyerlilərimizə kömək edirdim. Hal-hazırda isə mən deputatam və şəhərimizin bütün vətəndaşları kimi, həmyerlilərimlə də bir cərgədə durmağa çalışıram. Həmyerlilərimiz tez-tez mənə müxtəlif məsələlərlə bağlı müraciət edirlər və mən də onlara lazımi dəstək göstərirəm. Ümumiyyətlə, mən insanlar üçün faydalı olmağı xoşlayıram. Çünki fərqi yoxdur, millət vəkiliyik və ya məmuruq. Əvvəlcə Allah qarşısında, sonra da xalq qarşısında cavabdehik. Ona görə də istəyirəm hər zaman hər kəsin yanında olum.
– Gələcək üçün hansı planlarınız var?
-Sözün həqiqi mənasında, planlarım yaxşı və perspektivlidir, lakin indi onlar haqqında geniş danışmayacam… Mən fikirləşmirəm ki, Napoleonam, həm də düşünmürəm ki, planlarım yoxdur… 
Əlbəttə, ilk növbədə karate üzrə olimpiya idmançısı hazırlamaq istəyirəm. Bu gün Tuvadakı bir çox idmançının potensialı buna imkan verir. Gələcəkdə nə olacğını Allah bilir. Amma hər zaman millətimiz və ölkələrimiz üçün çalışmaq istəyirəm. Mən buna hər zaman hazıram.

Check Also

RAİ-dən kosmopolitlərə çağırış – “Milli düşüncəniz yoxdursa, millətin yolundan çəkilin”

“Xeyriyyəçi, ictimai xadim Fizuli Məmmədovun rəhbərliyi ilə başladılan diasporların birləşdirilməsi prosesini tənqid edənlərin bəziləri politoloq …

160*600