Home / Diaspor / Çinin Liaonin vilayəti ilə Azərbaycan arasında forum keçirilib

Çinin Liaonin vilayəti ilə Azərbaycan arasında forum keçirilib

Çinin Şenyan şəhərində Liaonin vilayəti ilə Azərbaycan arasında iqtisadi və mədəni forum keçirilib.

Liaonin vilayətinin Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin sədri Li Çenci rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verərək deyib ki, onlar müxtəlif layihələr vasitəsilə xarici ölkələrlə əlaqələrin hərtərəfli inkişafına çalışırlar.

Li Çenci Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Li Syaolinin bu yaxınlarda Azərbaycana səfər etdiyini, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə əməkdaşlıq məsələlərini müzakirə etdiyi xatırladıb. O, belə forumların Liaonin vilayətində Azərbaycanın daha yaxşı tanıdılması baxımından əhəmiyyətini vurğulayıb.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov iki ölkə arasında münasibətlərin müxtəlif sahələr üzrə inkişaf etdiyini, bu məsələdə yüksək səviyyəli səfərlərin vacib rol oynadığını deyib. Bildirib ki, Azərbaycanın xarici siyasətində Çin ilə əlaqələrin genişlənməsi prioritet istiqamət kimi müəyyən edilib. O, ölkələrimizin müxtəlif bölgələri arasında da əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu deyərək, iqtisadi layihələrin icrasının, mədəni tədbirlərin təşkilinin bu əməkdaşlığa böyük töhfələr verdiyini deyib.

Qaradağ rayonu haqqında məlumat verən S.Mikayılov bildirib ki, əlverişli coğrafi mövqeyi olan rayon respublikanın iri neft-qaz və qeyri-neft müəssisələrinin yerləşdiyi sənaye mərkəzlərindən biridir. O, çinli iş adamlarını Azərbaycandakı əlverişli biznes və sərmayə mühitindən yararlanmağa, Qaradağ rayonu ərazisində yaradılmaqda olan Ələt Azad İqtisadi Zonasında istehsal və xidmətlərin qurulmasında yaxından iştiraka dəvət edib.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin nümayəndəsi Rəşad Kərimov liman və Ələt Azad İqtisadi Zonası haqqında təqdimatla çıxış edib. Bildirib ki, Ələt qəsəbəsindəki yeni müasir limanın illik aşırma potensialı 15 milyon ton yük, həmçinin 100 min TEU konteyner təşkil edir. İkinci mərhələdə limanın imkanları 25 milyon ton yükə və 500 min konteynerə çatacaq, növbəti mərhələdə isə 1 milyon konteynerədək artacaq. Ən son texnoloji avadanlığın quraşdırıldığı liman Şimal və Cənub, Şərq və Qərb arasında, habelə Çin yüklərinin müxtəlif istiqamətlərdə daşınmasında əhəmiyyətli rola malikdir. Diqqətə çatdırılıb ki, çinli sahibkarlar Ələt Azad İqtisadi Zonasının imkanlarından istifadə edərək, burada istehsal sahələri yaradaraq öz məhsullarını qonşu ölkələrə ixrac edə bilərlər.

Tədbirdə Azərbaycanın muğam üçlüyü xalq mahnılarımızı, muğamlarımızı ifa edib.Sonra çinli iştirakçıların Azərbaycanla bağlı sualları cavablandırılıb, ölkəmizə dair videoçarxlar nümayiş olunub, broşürlər paylanılıb.

Azərbaycan nümayəndə heyəti Şenyan şəhərindəki istehsal müəssisələrindən birinə baş çəkib, əməkdaşlıq məsələlərini müzakirə edib.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov yerli kütləvi informasiya vasitələrinə müsahibələrində Azərbaycan-Çin münasibətlərindən, ölkəmizin biznes və sərmayə mühitindən danışıb.

DiasporNews

 

Check Also

“Sabantuy Moskva” festivalına “Rusiya Azarbaycanlıları Platformu” da qatılıb

İyulun 6-da Rusiyanın paytaxtdı Moskva şəhərində “Sabantuy Moskva” beynəlxalq festivalı keçirilmişdir. “Rusiya Azarbaycanlilari Platformu” mətbuat …

160*600