Home / Diaspor / Danimarkada dərnək rəhbərinə Azərbaycan bayrağı hədiyyə edilib

Danimarkada dərnək rəhbərinə Azərbaycan bayrağı hədiyyə edilib

Kopenhagendə bu ölkədə fəaliyyət göstərən “Danimarka uşaqlılar kültür və dayanışma dərnəyi” diaspor təşkilatı tərəfindən uşaqlara həsr olunan tədbir keçirilib. Təxminən 1200 insanın qatıldığı tədbirdə ölkəmizi burada fəaliyyət göstərən Vətən Cəmiyyəti təmsil edib.

Bir sıra yerli türkdilli icma və diaspor təmsilçilərinin, siyasətçilərin, parlament üzvlərinin, yerli KİV nümayəndələrinin qatıldığı tədbir uşaqlara həsr olunmaqla yanaşı, tutduğu siyasi mövqedən asılı olmayaraq Danimarkada yaşayan bütün türkdilli xalqların vahid ideya ətrafında birləşərək fəaliyyət göstərməsi çağırışları ilə yadda qalıb.

Tədbirdə çıxış edən “Danimarka uşaqlılar kültür və dayanışma dərnəyi”nin rəhbəri Ömər Kantin, türk xalqlarını birləşdirən birgə dəyərlərdən danışıb. Xaricdə yaşayan türk əsilli uşaqların milli ideya və amal əsasında düzgün tərbiyə olunmasının xalqlarımızın gələcəyi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Sonra çıxış edən Danimarka Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi keçirilən tədbirin əhəmiyyətini qeyd edib. O, qardaşlıq rəmzi olaraq “Danimarka uşaqlılar kültür və dayanışma dərnəyi”nin rəhbəri Ömər Kantinə Azərbaycan bayrağını təqdim edib.

Uşaqlara sevgi və diqqətdən danışan Səfər Sadiqi Danimarka Vətən Cəmiyyətinin də uşaqların vətənpərvər tərbiyə olunması istiqamətində bir sıra addımlar atdığını diqqətə çatdırıb, Cəmiyyətin nəzdində yaradılan “Cırtdan” yaradıcılıq qrupunun fəaliyyətindən söz açıb.

Qeyd edək ki, tədbirin bədii hissəsində “Cırtdan” uşaq yaradıcılıq qrupunun çıxışları mərasimdə iştirak edənlərin böyük marağına səbəb olub.

DiasporNews

Check Also

Azərbaycanlı xanım Kamçatka gözəli seçilib

Rusiyanın Kamçatka diyarında ilk dəfə keçirilən “2018-ci ilin etno-gözəli” müsabiqəsinin qalibi azərbaycanlı Ruhiyyə Mustafayeva olub. …