Home / Diaspor / Fərhad Həmidov: Məqsədimiz ölkəmizin tarixi həqiqətlərini və həmçinin hazırki gücünü Polşa ictimaiyyətinə çatdırmaqdır

Fərhad Həmidov: Məqsədimiz ölkəmizin tarixi həqiqətlərini və həmçinin hazırki gücünü Polşa ictimaiyyətinə çatdırmaqdır

DiasporNews olaraq yeni layihəmizi sizlərə təqdim edirik! Bu layihəmizdə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları haqqında məlumat, həmçinin həmin təşkilatların rəhbərlərindən aldığımız müsahibələrlə tanış olacaqsınız.

Layihəmizin ilk qonağı Polşanın Vroçlav şəhərində, “Vroçlav Azərbaycanlılar Birliyi” adı altında fəaliyyət göstərən diaspor təşkilatının rəhbəri Fərhad Həmidovdur.

– Xoş gəlmisiniz Fərhad bəy, özünüz haqqında bizə məlumat verə bilərsiniz?

– Xoş gördük. Təbii ki, Həmidov Fərhad Elşad oğlu  1998-ci ildə Bakıda anadan olmuşam. Orta təhsilimi Atatürk liseyində, “Dədə Qorqud” Türk Liseyində və 177 saylı məktəbdə almışam. Hal-hazırda Polşada Vrotslav İqtisadiyyat universitetində(Wroclaw University of Economics) Biznes İnformatika fakültəsində təhsilimi davam etdirirəm.

– Çox gözəl. Bəs niyə Polşanı seçdiniz? Seçiminizin məhz Polşa olmasında əsas rolu nə oynadı?

–  Polşanı seçməyimin səbəblərindən biri Polşada yaşayan bir yaxınım mənə buranı tövsiyyə etməsi oldu. Bir digər və əsas səbəbi də yaşadığım şəhərdə dünya texnologiya liderlərinin mərkəzlərinin olması və mənim sahəmdə vakansiyaların bol olmasıdır. Coğrafi cəhətdən də şəhərin Almaniyaya yaxın olması da bir digər müsbət cəhətlərindən biridir.

– Bəs Polşa sizi qane edirmi? Nələrdən razı, nələrdən narazısınız?

– Polşada ən çox nəqliyyat sisteminin səlisliyi, universitetlərdə xarici tələbələrə yaradılan imkanlar və qiymətlərin münasib olmasından çox razıyam. Razı olmamaq deməzdim, bir cür başa düşə bilmədiyim yeganə bir şey var ki, o da yerli inslanların ətraf mühitə o qədər də müsbət enerji saçmamalarıdır. Ola bilsin ki, bu burada normal haldır. Azərbaycanda, əsasən də regionlarda yaşayan insanların qonaqpərvərliyi və istiliyinin yerini heç bir şey tuta bilməz.

– Səmimi cavablarınıza görə minnətdaram Fərhad bəy. İndi isə bu görüşümüzün əsas məğzi haqqında sual ünvanlamaq istəyirəm. “Vroçlav Azərbaycanlılar Birliyi”ni niyə yaratdınız? Bu qərarı necə verdiniz?

– Vroçlava ilk gəldikdə barmaqla sayıla biləcək qədər azərbaycanlı tanıyırdım. birliyimizi gücləndirmək, Azərbaycanı Polşaya tanıtmaq, Dağlıq Qarabağ problemini Vroçlav ictimaiyyətinə çatdırmaq, erməni yalanlarını üzə çıxarmaq adına axtarışlara başladım. Axtarışlar nəticəsində bir çox azərbaycanlı ilə əlaqə saxlayıb cəmiyyəti qurmaq qərarına gəldik. Cəmiyyətimiz “Polşada Azərbaycanlı Gənclər Şurası”nın nəzdnində ərsəyə çıxdı və fəaliyyətimizi birlikdə aldığımız qərarlar əsasında davam etdiririk.

– Vroçlav Azərbaycanlılar Birliyi olaraq nə və yaxud da nələr etmisiniz?

– Vroçlav Azərbaycan Cəmiyyəti olaraq ilk tədbirimiz 21 May tarixində cənab səfir, Həsən Həsənovun da iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılışının 100 illiyinə həsr olunan tədbir olmuşdur. Tədbirdə azərbaycanlı tələbələrimiz və onların xarici dostları milli musiqilərimizi ifa etmiş, qonaqlara Azərbaycan mətbəxindən yeməklər, eləcə də səfirliyin dəstəyi ilə Azərbaycan haqqında polyak dilinə tərcümə olunmuş kitablar qonaqlara təqdim edilmişdir.

– Vroçlav Azərbaycanlılar Birliyinin gələcək planları nələrdir?

– Gələcək üçün planlarımız, dəqiq desək məqsədimiz ölkəmizin Polşa xalqına mükəmməl şəkildə tanıtmaq, turizm sahəsində vətənimizin imkanlarını təqdim etməkdir, mənfur qonşumuzla aramızda olan müharibəmizdə haqlı olduğumuzu Polşanın müəyyən dövlət təşkilatlarına bildirməkdir.

– Polşada Azərbaycan diasporası nə vəziyyətdədir? Sizin bu barədə səmimi fikirlərinizi bilmək bizə maraqlıdır. 

– Müşahidələrimə əsasən deyə bilərəm ki, Polşada Azərbaycan diasporası son 4-5 ildə yüksək səviyyədə inkişaf edir. Son 2 ayda Polşada Azərbaycanlı Gənclər Şurasının nəzdnində “Vroçlav Azərbaycan Cəmiyyəti” daxil, Polşanın 4 müxtəlif şəhərində yaranan yeni birliklərimiz də buna nümunədir. Eləcə də bütün şəhərlərdəki birliklərimiz arasında sıx əlaqələr diasporamızın gələcəkdə daha da çox inkişaf etməsinə yol açacaqdır.

Söhbətimizin sonunda Fərhad bəyə öz fəaliyyətində uğurlar arzulayır və ən qısa zamanda ölkəmiz və Polşada Azərbaycan diasporası adına uğurlu layihələrə imza atmağı diləyirik!

DiasporNews

Check Also

Lüksemburqda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb

Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi və Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Mədəniyyət …