Home / Diaspor / Gürcüstandakı soydaşlarımıza kitablar hədiyyə edilib

Gürcüstandakı soydaşlarımıza kitablar hədiyyə edilib

Gürcüstanda yeni dərs ilinin başlanması ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənov azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda bir neçə məktəbdə olub, müəllimlər, valideynlər və məktəblilərlə görüşüb.

Səfir əvvəlcə Qardabani rayonunda Gürcüstanın Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyinin Qaracalar kənd ictimai məktəbdə olub. Bildirilib ki, 2010-cu ildə “Təhsilə dəstək” layihəsi çərçivəsində Heydər Əliyev Fondu tərəfindən inşa olunan bu məktəbdə 750 şagird təhsil alır. Bu gün 70 şagird birinci sinfə qədəm qoyur. Məktəbdə şagirdlər Azərbaycan və gürcü sektorlarında təhsil alırlar. Onların təhsil, təlim və tərbiyəsi ilə 53 müəllim məşğul olur.

Məktəbin 1-ci və 2-ci sinif şagirdləri qonaqlar qarşısında Azərbaycana aid şeirlər söyləyiblər. Dursun Həsənov şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, müəllimlərlə görüşüb.

Azərbaycan dövlətinin Gürcüstanda yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərdiyini vurğulayan səfir hər il olduğu kimi, bu il də Azərbaycan Təhsil Nazirliyi tərəfindən soydaşlarımıza 25 minə yaxın dərsliyin göndərildiyini bildirib. Məktəbin kollektivi göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə, xüsusilə də Prezident İlham Əliyevə minnətdarlıq edib.

Sonra səfir Qardabani rayonunun Qaratəhlə kənd ictimai məktəbində olub. Diplomat burada da müəllim və valideynləri, şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib. Məlumat verilib ki, bu məktəbdə 250 şagird təhsil alır. Bu il 20 nəfər birinci sinfə qədəm qoyur. Şagirdlərin təlim-tərbiyəsi və təhsili ilə 34 müəllim məşğul olur. Səfir məktəbdə yeni yaradılan kitabxanaya 300 bədii kitab hədiyyə edib.

Məktəbin direktoru Bəhram İsayev, Qardabani sakrebulunun deputatı Rəfi Orucov çıxış edərək Azərbaycan-Gürcüstan dostluq münasibətlərindən danışıb, göstərilən diqqət və qayğıya, hədiyyə olunmuş kitablara görə minnətdarlıq ediblər.

Azərbaycan səfiri həmin gün Qardabani rayonunun Ağtəhlə kənd ictimai məktəbində olub.

Məktəbin direktoru Mtvanisa Babanaşvili təhsil ocağında 145 şagirdin oxuduğunu, daha 17 nəfərin birinci sinfə gədəm qoyduğunu bildirib. Qeyd olunub ki, şagirdlər iki növbədə Azərbaycan və gürcü bölmələrində təhsil alacaqlar.

Dursun Həsənov müəllimlər qarşısında çıxış edib, onları yeni dərs ilinin başlanması münasibətilə təbrik edib.

Qeyd edək ki, səfirliyin əməkdaşları da bu gün paytaxt Tbilisidəki Mirzə Fətəli Axundov adına 73 saylı Azərbaycandilli orta məktəbdə, Marneuli, Bolnisi və Dmanisi rayonlarındakı məktəblərdə olub, yeni dərs ilinin başlanması ilə əlaqədar təşkil olunmuş tədbirlərdə iştirak ediblər.

DiasporNews

Check Also

RAİ-nin Rauf Əzizovun həbsi ilə bağlı açıqlaması

“Azərbaycan məhkəməsinin qərarının ədalətli olacağına inanıram” Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) prezidenti Füzuli Məmmədov Dağıstanda fəaliyyət …

160*600