Home / Diaspor / İsmayıl Zalov: İsrail-Azərbaycan arasında turizmin inkişafı üçün perspektivli layihələr prioritetdir

İsmayıl Zalov: İsrail-Azərbaycan arasında turizmin inkişafı üçün perspektivli layihələr prioritetdir

DiasporNews olaraq yeni layihəmizi sizlərə təqdim edirik! Bu layihəmizdə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları haqqında məlumat, həmçinin həmin təşkilatların rəhbərlərindən aldığımız müsahibələrlə tanış olacaqsınız.

Layihəmizin üçüncü qonağı unikal bir şəxsdir. O, Azərbaycanda Yəhudi icmasının fəal üzvüdür həmçinin İsraildə Azərbaycan diasporu ilə birgə fəaliyyət göstərir. Hüquq eksperti olan İsmayıl Oktay oğlu Zalovla müsahibəmizi siz dəyərli oxucularımıza təqdim edirik.

– Salam İsmayil bəy, xoş gəlmisiniz. Öncəliklə özünüz və fəaliyyətiniz haqqında oxucularımıza məlumat verməyinizi xahiş edəcəm.

– Xoş gördük, mən İsmayıl Oktay oğlu Zalov, İsrail və Azərbaycan Respublikaları üzrə Hüquq Eksperti olaraq fəaliyyət göstərməkdəyəm. 1980-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşam. 1986- cı ildə 190 saylı orta məktəbə qəbul olunmuş və 1997-ci ildə həmin məktəbi əla qiymətlərlə yanaşı, qızıl medalla bitirmişəm.

1997-ci ildə ABU-nun hüquq fakültəsinə daxil olmuş və həmin fakültədə, 2001-ci ildə Qırmızı Diplomla bakalavr təhsilini başa vurmuşam.

2001-2003-ci illərdə Bakı Dövlət universitetinin hüquq fakültəsində magistratura təhsilimi fərqlənmə diplomu ilə bitirmişəm.

2003-cü ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında, “N” saylı hərbi hissəsində Əks-kəşfiyyatda bir illik nümunəvi hərbi xidmət keçmişəm. Xidmət dövrümdə səkkiz Təşəkkürnamə və beş Fəxri Fərmanla təltif olunmuşam.

Hərbi xidmətdən sonra Beynəlxalq Hüquq üzrə elmi işimi İsrail dövlətində müvəffəqiyyətlə davam etdirmiş və Elmi Rəhbərim Alek Şapiro tərəfindən Hüquq Eksperti kimi daimi Beynəlxalq Lisenziyasına sahib oldum.

Moskva şəhərində Fəxri vəkil statusu adına, Gürcüstan Respublikasında dünya səviyyəli Hüquq Doktoru İya tərəfindən “Qızıl Qələm” mükafatına layiq görülmüşəm.

ABŞ-da Beynəlxalq Hüquq Assambleyasının, Krım Respublikasında “Gənclər Diplomatik Dostluq Mərkəzi”nin, Gürcüstan Respublikası Gənclər Təşkilatının Fəxri Üzvü, Azərbaycan Respublikasında “20 Yanvar Cəmiyyətinin Fəxri Üzvü kimi adlara layiq görülmüşəm.

Siyasi fəaliyyətim haqqında onu deyə bilərəm ki, 1996-cı ildən etibarən Yeni Azərbaycan Partiyasının aktiv üzvüyəm.
Prezident Seçkiləri kompaniyası ərəfəsində Beynəlxalq Müşahidəçi kimi aktiv fəaliyyət göstərmişəm.

2009-cu ildə Moskva şəhərində rus və ivrit dilində müəllifi olduğum “Hüquq Psixologiyası” adlı kitabımı 5000 (beş min) nüsxə ilə məhşur tərcüməçi  professor Sergey Vladimiroviçin tərcüməsilə dərc edilmişdir.

Yəhudi İcmasının fəal üzvüyəm.

Şəxsi həyatım barədə isə bunu qeyd edim ki, ailəliyəm və bir övladım var.

– Azərbaycanda yaşayan Yəhudi icmasının yerli əhaliyə inteqrasiyası hansı səviyyədədir? Nə kimi problemlər mövcuddur sizcə?

– Hörmətli Rəsul müəllim, Azərbaycanda yaşayan Yəhudi icması özlərini tam yerli əhali kimi hiss edirlər. Qarşılıqlı isti münasibətlər çox yüksək səviyyədə olmaqla bərabər, ölkəmizin bütün ağrı-acısını və şad-xürrəm həyatını birgə yaşayırlar. Bu sahədə Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Yevdayev Milix İlxanonoviç, İsrailin Azərbaycan Respublikasındakı Səlahiyyətli Səfiri Dan Stav, Beynəlxalq Münasibətlər Üzrə Ekspert _ Israildə yaşayan Bakı Yəhudisi politoloq Arye Qut və digərlərinin təqdirəlayiq fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Amma, Dövlət Başçımız _ Zati-Aliləri Cənab İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Xanım Əliyevanın Azərbaycan-İsrail dostluq və qardaşlıq münasibətlərinin ən yüksək səviyyəyə qalxmasında rolu əvəzsizdir. Ona görə də yəhudilər və azərbaycanlılar ölkəmizdə dost və qardaş kimi birgə yaşayış şəraitində formalaşıblar.

– Azərbaycan və İsrailin hüquq üzrə eksperti olaraq ölkələrimizin və xalqlarımızın hazırki münasibətini necə qiymətləndirirsiniz?

–  İsrail və Azərbaycan Respublikaları Üzrə Hüquq Eksperti kimi ölkələrimiz və xalqlarımızın tarixi isti münasibətlərinin pik səviyyəyədək inkişaf etməsində məhz Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin təşkilatçılığı və şəxsi dəstəyini xüsusilə vurğulamağı özümə mənəvi borc bilirəm.

– Səmimi fikirlərinizə görə minnətdaram İsmayıl bəy. Dünyada Azərbaycan və Yəhudi diasporasının fəaliyyətini necə qiymətləndirirsiniz? Sizcə nə kimi çatışmazlıqar mövcuddur? Diaspor sahəsində daha da yaxşı olmaq üçün nələr etmək olar?

– Beynəlxalq aləmdə Azərbaycan və İsrail diasporasının birgə münasibətlər zəminində fəaliyyətini bu gün üçün qənaətbəxş hesab edirəm. Bunun davamlı, uğurlu və perspektivli olması üçün sizli və bizli hər birimiz Dövlət Başçımız, Cənab İlham Əliyevin ictimai-siyasi, mədəni-iqtisadi, hüquqi-sosioloji, turizm və milli müdafiə konsepsiyasına uyğun olaraq, öz qarşıdakı işlərimizi səmərəli şəkildə qurmalıyıq və bu sahədə rentabelli nəticələr əldə etmək üçün öz səylərimizi təcili qarşılıqlı əlaqələr yaratmaqla formalaşdırmalıyıq.

– İsraildə yaşayan azərbaycanlılarla əlaqələriniz varmı? İsraildəki azərbaycanlıların təşkilatlanması hansı səviyyədədir?

– Israildə yaşayan azərbaycanlılarla sıx və intensiv əlaqələr yaratmışıq. Israildə yaşayan azərbaycanlılara İsrail Dövlətinin diqqət və qayğısını qənaətbəxş hesab edirəm. Belə ki, orada yaşayan həmvətənlərimiz əsasən siyasi, ticari, mədəni, turizm və idman sahələri üzrə münasibətlərdə təşkilatlanmışlar.

– Yəhudi xalqının azərbaycanlılara qarşı müsbət münasibəti heç kimə sirr deyil. Cənab A. Liberman və cənab B. Nethanyahu çıxışları zamanı İsrail dövlətinin və Yəhudi xalqının Azərbaycan dövlətinə və xalqına qarşı olan dəstəyini xüsusi qeyd etmişlərdir. Bu barədə siz nə düşünürsünüz?

– A. Liberman Bakı Yəhudisidir, Israildə Müdafiə Naziridir. İsrail-Azərbaycan dostluq münasibətlərinin və Azərbaycanın hərbi-müdafiə sahəsində oynadığı xarakterik roluna görə öz sözünü demiş bir Azərbaycansevərdir.

B. Netanyahu İsrailin Baş Naziri kimi, Cənab İlham Əliyevlə bütün sahələrdə strateji əməkdaşlıq çərçivəsində öz dəstəyini qarşılıqlı olaraq göstərməkdədir. İki ölkə vətəndaşları bu xoşməramlı tendensiyanı yalnız alqışlamaqla deyil, həm də bu müqəddəs yolda Onlara daim dəstək verirlər.

– İsrail vətəndaşlarının turizm xəritəsində Azərbaycanın yeri nə dərəcədə mövcuddur və Yəhudi xalqında turistik səfər məqsədi ilə Azərbaycana maraq oyatmaq üçün nə etmək lazımdır?

– İsrail və Azərbaycan arasında turizm əlaqələri qarşılıqlı münasibətlər çərçivəsində mövcuddur. Turizm sektorunda daha sürətli inkişaf mərhələsinə artıq start verilibdir. İki ölkə arasında turizm sektorunun sürətli inkişafı üçün perspektivli layihələr gündəlikdə olan prioritet mövzulardan biridir.

–  Son olaraq oxucularımıza, dünya Azərbaycan diaspora təşkilatlarına, onların üzvlərinə və rəhbərlərinə olan ürək sözlərinizi bilmək istərdik.

– Hörmətli Rəsul müəllim, Diasporla İş Üzrə Dövlət Komitəsi 2002-ci il iyul ayında Ümummilli Lider, Ulu Öndərimiz  Heydər Əliyev tərəfindən yaranmışdır. Həmin vaxt Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsi adlandırılan quruma Nazim Ibrahimov, Fuad Muradovun təyinatınadək rəhbərlik etmişdir. Bu sahədə görüləsi işlər və rentabelli layihələrin həyata keçməsi kimi yeni planlar irəlidədir.

Zənnimcə, diaspor fəaliyyətinin daha uğurlu həyata keçirilməsi üçün, digər dövlətlərdə olan soydaşlarımız beyin mərkəzləri yaradaraq, yeni uğurlara imza ata bilərlər. Məhz beyin mərkəzləri, mədəniyyət dərnəkləri və lobbi mərkəzləri ilə təmsil olunduqları ölkələrin hökumətlərinə ölkəmizin dövlət maraqları baxımından təsir edə bilərlər.

Bu tip dövlət təşkilatının ən uğurlu forması Israildə fəaliyyət göstərir. İsrail İnformasiya və Diaspora Nazirliyi 2009-cu ildə yaradılıb. Nazirlik İsrail səfirlikləri, konsulluqları və Soxnut ilə birlikdə işləyir. Fikrimcə, dünyada ən effektiv diaspor forması məhz İsrail Dövlətinin qurduğu nazirlikdir.

Bu gün Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev diasporanın iş qabiliyyətini daha yüksək səviyyədə gücləndirmək üçün rəhbərliyə gənc kadr  Fuad Muradovun timsalında yeni nəfəs vermişdir. Fuad Muradovun zəngin həyat fəaliyyətinə nəzər saldıqda, diasporanın iş qabiliyyətinin güclənməsi üçün yaxşı zəmin olduğunu və özünün də bu sahədə yorulmadan əzmlə fəaliyyət göstərəcəyinə tam inanıram. Bu yolda Fuad Muradov və onun sizin kimi çalışqan regional diaspora rəhbərlərinə öz adımdan və rəhbəri olduğum təşkilatın adından yeni-yeni uğur və nailiyyətlər arzulayıram!
Bu müqəddəs və çətin işinizdə yaradan daim yardımçınız olsun! Amin!

Son olaraq biz də öz növbəmizdə İsmayıl bəy Zalova öz fəaliyyətində uğurlar arzu edir və səmimi müsahibəyə görə dərin minnətdarlığımızı bildiririk!

DiasporNews
Rəsul Məmmədov

Check Also

Lüksemburqda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb

Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi və Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Mədəniyyət …