Home / Diaspor / Kiyevdə Azərbaycanla bağlı tədbir keçirilib

Kiyevdə Azərbaycanla bağlı tədbir keçirilib

Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycanı dünyada tanıtmaq məqsədilə həyata keçirilən layihənin təqdimatı olub. Ukrayna Regionlararası İşçiləri İdarəetmə Akademiyasında keçirilən təqdimat mərasimində Azərbaycanın bu ölkədəki səfirliyinin nümayəndələri, tanınmış ictimai-siyasi xadimlər, tələbələr iştirak ediblər. Ukraynanın və Azərbaycanın dövlət himnləri səsləndirildikdən sonra videoçarx nümayiş etdirilib.

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Düşüncə” Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən layihəyə əsasən hazırlanmış videoçarxda Konqo, Çin, Ekvador, Fələstin, Ukrayna, Belarus, Moldova, İraq, Türkiyə və digər ölkələrin vətəndaşları tanınmış şairimiz Səməd Vurğunun “Azərbaycan” şerini səsləndiriblər.

Ukrayna Regionlararası İşçiləri İdarəetmə Akademiyasının rektoru Mikola Kurka bildirib ki, bu cür layihələrin həyata keçirilməsi Azərbaycan və Ukrayna arasında dostluğun bariz nümunəsidir. Belə sosial-mədəni layihələr dünya xalqlarının inteqrasiyasına təkan verir.

Layihənin reallaşmasına görə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və “Düşüncə” Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinə təşəkkür edən səfirliyimizin müşaviri Vüsal Süleymanov qeyd edib ki, ölkəmiz bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirir. Müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları ilə inkişaf edir. Bu gün onun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici və daxili siyasət Azərbaycanı daha da qüdrətli edib. V.Süleymanov Azərbaycanın keçdiyi inkişaf yolu, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumat verib.

Ukrayna Regionlararası İşçiləri İdarəetmə Akademiyasının Beynəlxalq Münasibətlər və Sosial Elmlər İnstitutunun direktoru İvan Bidzura layihənin əhəmiyyətindən, Azərbaycan-Ukrayna strateji münasibətlərindən, ümummilli lider Heydər Əliyevin Ukrayna xalqı qarşısındakı xidmətlərindən danışıb.

DiasporNews

Check Also

RAİ-nin Rauf Əzizovun həbsi ilə bağlı açıqlaması

“Azərbaycan məhkəməsinin qərarının ədalətli olacağına inanıram” Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) prezidenti Füzuli Məmmədov Dağıstanda fəaliyyət …

160*600