Home / Diaspor / Moskvada Heydər Əliyevin xatirə gecəsi keçirilib

Moskvada Heydər Əliyevin xatirə gecəsi keçirilib

Moskvada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirə gecəsi keçirilib. Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən təşkil edilmiş tədbirin qonaqları arasında məşhur siyasi və ictimai xadimlər, Heydər Əliyevin dostları və məsləkdaşları, dost ölkələri səfirləri vardı. Tədbirin əvvəlində Ulu Öndər haqqında Heydər Əliyev Fondu tərəfindən hazırlanmış film nümayiş etdirilib.

Gecəni Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu açıb. O, tədbir iştirakçılarının hamısına təşəkkür bildirərək qeyd edib ki, bu gün görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günüdür. Səfir deyib: “Buraya Heydər Əliyevi şəxsən tanıyan, onunla dəfələrlə görüşmüş insanlar toplaşıb. İnanmaq çətindir ki, artıq 15 ildir Heydər Əliyev aramızda yoxdur. Mən fəxr edirəm ki, 10 il Heydər Əliyevlə işləmişəm, onun dövründə mədəniyyət naziri olmuşam. Bu, çox mürəkkəb dövr idi, çünki Sovet İttifaqı dağılandan sonra Azərbaycan Respublikası qonşu ölkə tərəfindən təcavüzə məruz qalmışdı. Bu şəraitdə Azərbaycan öz əlaqələrini, o cümlədən beynəlxalq əlaqələrini nizamlamalı, artıq suveren ölkə kimi özünü göstərməli idi. Ən mürəkkəb vaxtda Azərbaycanın firavanlasan ölkəyə çevrilməsi üçün bütün zəruri tədbirlər Heydər Əliyevin bilavasitə rəhbərliyi altında görülürdü. Müasir Azərbaycanın memarı Heydər Əliyevdir”.

Diplomat 10 il ərzində Heydər Əliyevlə işlədiyini vurğulayaraq deyib: “Bu 10 il ərzində qazandığım təcrübəni mən dünyanın heç bir yerində verilməyən diplom adlandırıram. Bu, böyük məktəbdir – həm idarəçilik, həm də insanlıq məktəbi. Böyük müəllim, böyük filosof və müdrik insan Heydər Əlirza oğlu Əliyevin bizə keçdiyi dərsləri, onun bizə öyrətdiyi qaydaları onunla işləyənlərin hər biri kimi, mən də daim yadda saxlayacağam”.

Səfir xatırladıb ki, Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda və Sovet İttifaqında səhiyyə, tikinti, mədəniyyət sahələrində nəhəng layihələr həyata keçirilib. Heydər Əliyev fövqəladə hallarla bağlı, o cümlədən “Admiral Naximov” paroxodu, Volqada teploxodun qəzaya uğraması ilə bağlı və bir sıra başqa komissiyalara rəhbərlik edib. P.Bülbüloğlu deyib: “1993-cü ildə Azərbaycan xalqının təkidli xahişi ilə Heydər Əliyev Naxçıvandan Bakıya qayıtdı və çox mürəkkəb bir dövrdə respublikaya rəhbərlik etdi. O vaxt çoxları inanmırdı ki, Azərbaycanı bu ağır vəziyyətdən xilas etmək və müstəqil, suveren respublika qurmaq mümkün olacaq. Heydər Əliyev buna parlaq şəkildə nail oldu”.

Səfir daha sonra vurğulayıb: “Siz Heydər Əliyev haqqında Heydər Əliyev Fondunun hazırladığı kiçik filmə baxdınız. Buna görə biz çox təşəkkür edirik. Yaxşı deyiblər ki, ot kökü üstündə bitər. Biz indicə xatırladıq ki, Heydər Əliyevin fenomenal yaddaşı vardı, kağıza baxmadan danışmağı, bəzən rəqəmlərin, faktların çox mürəkkəb ardıcıllığını yadda saxlamağı bacarırdı. İlham Heydər oğlu Əliyev də bütün bunları öz dahi atasından mənimsəyib və artıq 15 ildir ki, ölkəni qətiyyətlə firavanlığa doğru aparır. Bu gün Azərbaycan dünyanın siyasi xəritəsində layiqli yer tutur”.

P.Bülbüloğlu xatırladıb ki, bu yaxınlarda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda böyük Azərbaycan şairi Nəsiminin büstünün açılışı olub. Həmin tədbirdə Heydər Əliyevin nəvəsi Leyla Əliyeva iştirak edib. Diplomat çıxışını bu sözlərlə bitirib: “Büstün açılışında fikirləşdim ki, Heydər Əliyev mədəniyyət xadimlərinə, klassiklərə çox diqqət göstərirdi. Nizami, Füzuli, Nəsimi kimi dahi şəxsiyyətlərə və Azərbaycan torpağının dünyaya bəxş etdiyi bir sıra başqa mütəfəkkirlərə xüsusi diqqət yetirilirdi. İndi Heydər Əliyevin nəvəsi Moskvada Nəsimiyə abidənin açılış mərasimini keçirir, yəni Heydər Əliyevin işini davam etdirir. Mən Heydər Əliyevə ehtiram bəsləyən və onu xatırlayan bütün rusiyalılara, bütün moskvalılara bir daha təşəkkürümü bildirmək istəyirəm”.

Rusiya Prezidentinin Xəzər regionu dövlətləri ilə humanitar və iqtisadi əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov deyib: “Hesab edirəm ki, Heydər Əliyev bütün Qafqazın tarixində görkəmli simalardan biridir. O, keçmiş Sovet İttifaqında nüfuzlu adam idi. Müasir Rusiyada onun xatirəsini ehtiramla yad edirlər. Prezident Vladimir Putin Heydər Əliyevə həmişə çox böyük hörmət bəsləyib”.

Ramazan Abdulatipov bildirib ki, özünü Heydər Əliyevin şagirdi hesab edir. Onun sözlərinə görə, Dağıstanda Əliyevlər nəslinə böyük ehtiram bəsləyirlər. O deyib: “Bu, Dağıstan üçün xüsusi əhəmiyyət kəsb edir, çünki müharibənin ən mürəkkəb dövründə Dağıstanın rəhbəri Əziz Əliyev olub. Dərbənddə bir küçəyə Heydər Əliyevin adının verilməsi təşəbbüsünü irəli sürənlərdən biri mən olmuşam. Bu küçənin abadlaşdırılması üçün İlham Heydər oğlu çox iş görüb. Mahaçqalada Əziz Əliyevə abidə qoyulması təşəbbüsünü irəli sürənlərdən də biri mən olmuşam. Demək istəyirəm ki, bizim ölkələr tarixən Dağıstan vasitəsilə, digər regionlar vasitəsilə bir-birinə bağlı olub. Heydər Əliyevin xatirəsi bizim üçün müqəddəsdir”.

Şimali Qafqaz məsələləri üzrə nazir Sergey Çebotaryov öz çıxışında Ulu Öndərin həyat yolu barədə danışıb. O deyib: “Bu böyük siyasi xadimi, son dərəcə qeyri-ordinar insanı sizinlə birlikdə xatırlamaq mənim üçün böyük şərəfdir. Onu Azərbaycanda da, Rusiyada da xatırlamalıdırlar. Heydər adının bir mənası “irəlidə gedən” deməkdir. Həqiqətən o, bütün həyatı boyu irəlidə olub. O, çox istedadlı idi, uşaqlıqda yaxşı rəsmlər çəkirdi. Bakıda onun karandaşla və ya qələmlə çəkdiyi gözəl rəsmləri görmüşük”.

S.Çebotaryov xatırladıb ki, Heydər Əliyev Sov. İKP MK-nın Siyasi Büro üzvü olub. Nazir vurğulayıb: “O, Sovet İttifaqının daxili siyasətinin əsas istiqamətlərinə görə cavabdeh idi, o cümlədən Baykal-Amur Magistralının (BAM) tikintisinə nəzarət edirdi. Mən özüm Uzaq Şərqdənəm, bunun nə demək olduğunu bilirəm. Əsrin tikintisi sayılan bu magistralı Sovet İttifaqı dağılandan sonra lağa qoyurdular. Lakin indi zaman göstərir ki, Sovet Hökumətinin və Heydər Əliyevin bu qərarı çox müdrik qərar olub, bu insan strateji təfəkkürə malik idi. İndi BAM yenidən tikilir ki, məhz bu dəmiryol magistralı Uzaq Şərqin və bütün Rusiyanın iqtisadiyyatının inkişafına kömək etsin”.

S.Çebotaryov qeyd edib ki, Heydər Əliyev Azərbaycan üçün ən çətin illərdə məsuliyyəti öz üzərinə götürərək ölkəyə rəhbərlik edib. Nazir deyib: “Heydər Əliyev Azərbaycan xalqını səfərbər etdi, respublikanın inkişafı üçün strateji prioritetləri müəyyənləşdirdi. Bu gün respublikanın firavanlaşması da Heydər Əliyevin xidmətidir.

… 1948-ci ildə Heydər Əliyev Kislovodskda Zərifə adlı gözəl bir gənc alim, oftalmoloq-həkimlə tanış olur. Bu görüş sonradan Azərbaycanın inkişaf yolunu müəyyən etdi. Onlar evləndilər, Sevil və İlham adlı övladları dünyaya gəldi. Mən fəxr edirəm ki, bu gün Azərbaycana İlham Heydər oğlu Əliyev rəhbərlik edir”.

Nazir qürurla bildirib ki, Heydər Əliyev dünyasını dəyişəndən illər sonra Şimali Qafqazda onu unutmurlar, ona abidələr ucaldılır, küçələrə və bağlara onun adı verilir.

S.Çebotaryov deyib: “Bu il mayın 10-da biz Rusiya Prezidentinin tapşırığına əsasən, Rusiya Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernovun rəhbərliyi ilə Azərbaycandan olan həmkarlarımızla birlikdə Heydər Əliyevə həsr edilmiş çox gözəl bir sərgi təşkil etdik. Bu sərgidən sonra bizim kiçik bir qrup Rusiyadan Bakıya getdi. Dağıstanda Vladimir Vasilyevlə görüşdük. Dərbəndin mərkəzində, beş il bundan əvvəl Heydər Əliyevin adı verilmiş küçədə gəzişdik. Bu küçə bizi birləşdirir. Mənim fikrimcə, bu, Heydər Əliyevin şərəfinə adlandırılan sonuncu küçə olmayacaq. Biz bu böyük insanı xatırlayırıq və həmişə xatırlayacağıq, onun barəsində xatirələrimizi şagirdlərimizə və bir-birimizə söyləyəcəyik ki, hələ uzun illər boyu görüşüb onun haqqında birlikdə danışmaq imkanı olsun”.

Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina Heydər Əliyev haqqında xatirələrini bölüşüb. Heydər Əliyevlə və Zərifə xanımla şəxsən tanış olduğunu qeyd edən T. Tatyana deyib: “Heydər Əliyev özü çox təvazökar insan idi, övladlarını da bu ruhda tərbiyə edirdi. Son dərəcə sadə və humanist idi. Moskvada hakimiyyətin gözündən düşdüyü dövrdə biz onunla görüşür, telefon söhbətləri edirdik. O soruşurdu: “Tatyana, sən qorxmursan?” Mən cavab verdim ki, heç nədən qorxmuram. Bir neçə ildən sonra Heydər Əliyev Azərbaycana qayıtmağa hazırlaşanda mən ondan soruşdum ki, qayıtmağa qorxmurmu? O dedi: “Axı, sən özün dedin ki, heç nədən qorxmursan. Nəyə görə hesab edirsən ki, mən öz Vətənimdə nədənsə qorxa bilərəm!”.

RF Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy qeyd edib ki, Heydər Əliyevin vəfatı təkcə Azərbaycan sakinləri üçün deyil, Rusiyada və postsovet məkanındakı digər ölkələrdə onu tanıyanların hamısı üçün böyük faciə olub. Ona görə ki, Heydər Əliyev təkcə respublika miqyaslı şəxsiyyət deyildi. Heydər Əliyev öz vətənini sevən və onun tarixdə qalması üçün əlindən gələni etmiş azərbaycanlı idi”.

Mixail Şvıdkoy deyib: “O, Sovet İttifaqı kimi böyük ölkənin siyasətini çox cəhətdən müəyyən edən insan idi. Əlbəttə, biz hamımız onun həm ittifaq hökumətində tutduğu vəzifələrdə, həm də partiyanın ali rəhbərliyinin üzvlərindən biri kimi çox iş gördüyünü xatırlayırıq. Bununla bərabər, mən çox yaxşı başa düşürəm ki, Heydər Əliyev, ilk növbədə, Azərbaycanın xilaskarı olub. Ölkə parçalanma və vətəndaş müharibəsi həddində olduğu faciəli dövrdə Heydər Əliyev öz iradəsi, enerjisi, istedadı, strateji uzaqgörənliyi sayəsində bu ölkəni yenidən qurmağa nail oldu”.

RF Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi çıxışının sonunda deyib: “Bu gün İlham Heydər oğlu Əliyevin rəhbərliyi ilə firavanlasan Azərbaycanda həyat tərzi, əlbəttə, ötən əsrin 90-cı illərinin ortalarındakı həyat tərzindən tamam fərqlidir. Aydındır ki, yeni Azərbaycanın, onun firavanlığının, dövlətçiliyinin, onun dünyada yerinin təməli əlbəttə, Heydər Əliyev tərəfindən qoyulub – onun gərgin əməyi, sarsılmaz iradəsi, hədsiz zəhməti bahasına. Heydər Əliyev həqiqətən mərd insan idi. O, öz xalqına çox gərək idi və məhz lazımi məqamda gəldi. Ona görə bu gün – Heydər Əliyevin dünyasını dəyişdiyi gün çox kədərli gündür, lakin bu, həm də hərtərəfli böyük şəxsiyyət, öz xalqı üçün, postsovet məkanında yaranmış bütün yeni ölkələrin xalqları üçün çox gərəkli bir insanın xatirə günüdür. Ruhu şad olsun”.

MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedevin sözlərinə görə, ona Heydər Əliyevlə dəfələrlə görüşmək səadəti nəsib olub. S.Lebedev vurğulayıb: “Mən, MDB İcraiyyə Komitəsinin sədri kimi, demək istəyirəm ki, Heydər Əliyevin xatirəsi bütün MDB məkanında ehtiramla yad edilir. Rusiyada Azərbaycan diasporunun, MDB ölkələrinin səfirliklərinin nümayəndələri ildə iki dəfə – mayda və dekabrda toplaşaraq Azərbaycan xalqının dahi liderini birlikdə yad edirlər. O, təkcə Azərbaycan xalqının lideri deyildi, bütün Sovet İttifaqında hörmət qazanmış məşhur və böyük dövlət xadimi idi.

S.Lebedev qeyd edib ki, Moskvada Heydər Əliyevi şəxsən tanıyanlar da, onu yalnız qiyabi tanıyanlar da bu böyük siyasi xadim və dövlət xadimi haqqında səmimiyyətlə danışırlar. MDB İcraiyyə Komitəsinin sədri sonda deyib: “Bu gün də burada Moskva ictimaiyyətinin nümayəndələri toplaşıb, burada MDB ölkələrinin çoxsaylı diplomatlarını görürəm. Bu gün biz də Heydər Əliyevin dünyasını dəyişməsinin 15 illiyi ilə əlaqədar belə səmimi şəraitdə onu xatırlayırıq”.

UNESCO işləri üzrə komissiya sədrinin müavini, Rusiya Beynəlxalq Məsələlər Şurasının vitse-prezidenti Aleksey Dzasoxov, Rusiya Neft-Qaz Sənayeçiləri İttifaqının prezidenti Gennadi Şmal və başqaları da Azərbaycan xalqının Ümummilli Lideri haqqında xatirələrini bölüşüblər.

Tədbirin sonunda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu rejissor Tofiq Şahverdiyevə və müğənni Sərxan Sərxana “Azərbaycanın Xalq artisti” fəxri adının döş nişanlarını və vəsiqələrini təqdim edib.

DiasporNews

Check Also

“Sabantuy Moskva” festivalına “Rusiya Azarbaycanlıları Platformu” da qatılıb

İyulun 6-da Rusiyanın paytaxtdı Moskva şəhərində “Sabantuy Moskva” beynəlxalq festivalı keçirilmişdir. “Rusiya Azarbaycanlilari Platformu” mətbuat …

160*600