Home / Hadisə / “Bəzən bir siqaret kötüyü böyük bir yanğına səbəb ola bilir…”

“Bəzən bir siqaret kötüyü böyük bir yanğına səbəb ola bilir…”

“Obyektlərdə elektrik təchizatlarının saz vəziyyətdə olmasına fikir verilməlidir

Ticarət mərkəzlərində çalışanların, eləcə də bu yerlərə alış-veriş üçün gedən vətəndaşların təhlükəsizliyi ən önəmli məsələdir. Buna görə də ticarət mərkəzlərində, xüsusən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır. Təklükəsizlik sahəsi üzrə ekspert Elmar Nurəliyev
“Report”a bildirib ki, son zamanlar baş verən genişmiqyaslı yanğınlar ticarət mərkəzlərində yanğın təhlükəsizliyi qaydalarına bir daha nəzər yetirilməsini vacib edir: “Yanğın təhlükəsizliyinə dair texniki bazanın normalara uyğunluğuna, siqnalizasiya sisteminin, yanğınsöndürmə qurğularının, yanğın dolablarının, yanğın hidrantlarının, yanğınsöndürən balonların, ehtiyat çıxışın, təxliyyə planı və bunu göstərən lövhələrin, ehtiyat yanğın su çəninin olmasına, nasos və qurğularının daim işlək və saz vəziyyətdə saxlanılmasına nəzarət edilməlidir. Burada əsas məsuliyyət həmin obyeklərin rəhbərliyinin özərinə düşür. Obyektin rəhbəri yaxud müqavilə əsasında icarə götürüb işlədən şəxs obyektdə yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına, obyektdə fəaliyyət göstərənlərin bu qaydalara əməl etməsini tələb etməlidir. Əks halda, onlar ilə bağlanılmış müqaviləni ləvğ edə bilər. Çünki burada söhbət insan həyatından və külli miqdarda maddi ziyandan gedir. Bu tədbirlər mərkəzin tikintisindən tutmuş sonrakı təyinatına qədər bütün təhlükəsizlik tədbirləri nəzərə alınmaqla həyata keçirilməlidir. Bina fasadında asan yanan materiallardan istifadə edilməsi, satılan malların materialının tez alışan olması, məişət cihazlarından və elektrik alətlərindən istifadə edilməsi ani bir qığılcımda böyük yanğına səbəb ola bilər. Ona görə də ticarət mərkəzinin rəhbərliyinin özü yanğın təhlükəsizliyi qaydalarına, binanın yanğın təhlükəsizliyinə dair standartlara cavab verməsinə əmin olmalıdır və orada olan icarədarlardan da bu qaydalara ciddi riayət edilməsini tələb etməlidir. Yeni tikilən ticarət mərkəzlərində bu qaydalara riayət olunduğu görünsə də, bəzilərində demək olar ki, əməl olunmur. Ticarət mərkəzinin içərisində xüsusi ayrılmamış yerdə siqaret çəkəndən tutmuş, kustar üsulla düzəldilmiş elektrik, qaz cihazlarında yemək, çay qızdıranlara qədər rast gəlmək olar. Yanğınların əksəriyyəti elektrik qısaqapanmasından baş verdiyi üçün obyektlərdə elektrik təchizatlarının saz vəziyyətdə olmasına, həmçinin təmizliyə fikir verilməlidir. Bazarlarda məişət tullantıları ətrafa atılır, satıcılar, müştərilər siqareti çəkib yerə atırlar. Bəzən bir siqaret kötüyü böyük bir yanğına səbəb ola bilir…”

Ekspert qeyd edib ki, ticarət mərkəzlərində həm öz işçilərindən, həm də orada fəaliyyət göstərən obyektlərin işçilərindən ibarət yanğın qrupları fəaliyyət göstərməlidir. “Bunlara “könüllü yanğın dəstələri” də deyilir. Bu qruplarda müvafiq dövlət qrumları tərəfindən xüsusi hazırlıq kursu keçmiş və fövqəladə vəziyyətdə davranış qaydalarını bilən şəxslər olur. Yəni “könüllü yanğın qrupu”nun üzvlərinə təlimlər keçdikdən sonra onlar fövqəladə vəziyyətdə nə etmək lazım olduğunu, insanları və əmlakı necə təxliyyə etməli olduğunu, ilkin yanğınsöndürmə vasitələrindən istifadə edərək yanğının söndürülməsinə necə müdaxilə etməli olduğu barədə anlayışları olur. Onlar fövqəladə vəziyyətdə yanğın söndürmə və xilasetmə qrupu gələnə qədər vəziyyətə nəzarət edərək, həm insanların təhlükəsiz təxliyyə edilməsinə, həm də yanğının vəziyyətə uyğun söndürülməsinə kömək edə bilərlər. Təsəvvür edin, ticarət mərkəzində yaxud bazarda fövqəladə vəziyyət vaxtı nə etmək lazım olduğunu bilən şəxslər var… Görün, onların nə qədər faydası olar. Hesab edirəm ki, bu cür qrupların olması vacibdir”.

E.Nurəliyev əlavə edib ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də insanlar yol kənarında, binaların və su hidrantlarının qarşısında avtomobilləri park edirlər: “Bu da yanğınsöndürən maşınların hadisə yerinə yaxınlaşmasına və su hidrantlarından istifadə etməsinə mane olur”.

Check Also

Rusiyada azərbaycanlı qardaş və bacının meyitləri tapılıb

Rusiya Federasiyasının Samara vilayətinin Çapayevsk şəhəri yaxınlığında azərbaycanlı bacı və qardaşın meyitləri tapılıb. Bunlar 17 …

160*600