Home / İdman / Bakıda beynəlxalq pauerliftinq turnirinin açılış mərasimi keçirilib

Bakıda beynəlxalq pauerliftinq turnirinin açılış mərasimi keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə “AAAF Park” Yaşayış Kompleksinin yarış zalında pauerliftinq, benç-press və dedlift üzrə beynəlxalq turnir keçirilib.

DiasporNews AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan ilə yanaşı, İran, Rusiya, Türkiyə və Gürcüstandan yüzdən çox idmançının qatıldığı yarışı böyük maraqla izləyən tamaşaçılar maraqlı və gərgin idman mübarizəsinin şahidi olublar.

Turnirin açılış mərasimində Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri, Olimpiya çempionu Fərid Mansurov Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini bildirib. Qeyd edib ki, idmançılarımızın beynəlxalq arenalarda qazandıqları qələbələr sayəsində bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.

“Beynəlxalq arenada qazanılan nailiyyətlərlə yanaşı, Azərbaycan mötəbər turnirlərə yüksək səviyyədə ev sahibliyi edir. Birinci Avropa, IV İslam Həmrəyliyi oyunları, dünya və Avropa çempionatları, Formula 1 yarışlarını buna misal göstərmək olar. Bu mühüm yarışların ölkəmizdə təşkili dünya idman ictimaiyyətinin Azərbaycana göstərdiyi etimaddır. Biz bu etimadı daim layiqincə doğrultmuşuq. Azərbaycanda inkişaf edən idman növlərindən biri də pauerliftinqdir. Belə yarışlar pauerliftinqin inkişafında böyük rol oynayır. Təşkilatçılıq ən yüksək səviyyədədir və əminəm ki, bu turnir ənənəvi hal alacaq”, – deyən F.Mansurov iştirakçılara uğurlar arzulayıb.

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) birinci vitse-prezidenti, “Zirvə” beynəlxalq idman klubunun prezidenti Tofiq Heydərov pauerliftinqin inkişafına göstərilən diqqət və qayğının önəmini vurğulayıb. Qeyd edib ki, bu yarış ötən il Naxçıvanda keçirilib. Builki yarışın keçirildiyi “AAAF Park” kompleksi ağır atletlər üçün nəzərdə tutulub. Ötən il İslamiadadan əvvəl 50-dən çox ölkənin ağır atletika federasiyalarının rəhbərləri, həmçinin Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti burada olarkən yaradılmış yüksək şəraitdən heyranlıqlarını bildiriblər. Onlar ağır dünyada ağır atletikanın mərkəzinin məhz Azərbaycan olduğunu qeyd ediblər. Azərbaycan yalnız ağır atletika yox, idmanın digər növləri üzrə də dünyada mərkəzə çevrilməkdədir.

Azərbaycan idmanın sürətli inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə minnətdarlığını bildirən Tofiq Heydərov diqqətə çatdırıb ki, AAAF ağır atletika ilə yanaşı, pauerliftinqin də inkişafına töhfə verməyə, idmanın bu növü üzrə dünya çempionatlarının ölkəmizdə keçirilməsinə, mütəmadi təlim-məşq toplanışlarının təşkil olunmasına töhfə verməyə çalışır.

Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyev çıxışında federasiyanın fəxri prezidenti Sevil Əliyevanın mərasim iştirakçılarına və idmançılara təbrikini çatdırıb. Ulu öndər Heydər Əliyevin vətəndaşlarımızın sağlamlığına, ölkəmizdə bədən tərbiyəsinin inkişafına daim xüsusi qayğı göstərdiyini vurğulayan Ə.Əliyev dahi şəxsiyyətin layiqli davamçısı, dövlətimizin başçısı Prezident İlham Əliyevin bu sahəyə yüksək diqqəti nəticəsində Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını bildirib. Qeyd edib ki, Azərbaycanda digər idmançılar kimi, pauerliftinqçilər də dövlətin diqqət və qayğısını daim hiss edirlər. Bu diqqətdən ruhlanan idmançılarımız beynəlxalq yarışlarda uğurla çıxış edərək mühüm nailiyyətlər qazanırlar. Federasiya prezidenti ölkəmizə uğur qazandıran idmançılardan Rüfət Ağayevin, Azər Əliyevin, Jiraf Əliyevin, Bəxtiyar Quliyevin, Vüqar Namazovun, Rüstəm Musayevin və digərlərinin adlarını xüsusi qeyd edib.

Çıxışlardan sonra beynəlxalq turnir açıq elan edilib və Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə müxtəlif çəki dərəcələrində qalib gələn idmançılara mükafatlar təqdim olunub.

DiasporNews

Check Also

Bakıda Braziliya Ciu-Citsu üzrə beynəlxalq seminar təşkil olunub

“Zabit Samedov Fight Club”da Braziliya Ciu-Citsu üzrə beynəlxalq seminar təşkil olunub. Avropa.info xəbər verir ki, …

160*600