Home / İqtisadiyyat / Bolqarıstanda Azərbaycan istehsalı olan şərabların təqdimatı keçirilib

Bolqarıstanda Azərbaycan istehsalı olan şərabların təqdimatı keçirilib

“Made in Azerbaijan” brendinin Bolqarıstanda təbliğinin davamı olaraq Azərbaycanın Bolqarıstandakı səfirliyi, “Tovuz Baltiya” LTD və “İsmayıllı Sharab-2” ASC şirkətlərinin birgə təşkilatçılığı ilə Bolqarıstanın Plovdiv şəhərində təşkil edilmiş “VİNARİA” 26-cı Beynəlxalq Üzümçülük və Şərab İstehsalı Sərgisi çərçivəsində Azərbaycan istehsalı olan şərabların və spirtli içkilərin təqdimatı (master-klass) keçirilib.

Bolqarıstanın şərabçılıq və spirtli içkilər üzrə eksperti tərəfindən aparılmış təqdimat zamanı ölkəmiz haqqında ətraflı məlumat verilib, Azərbaycanın şərabçılıq tarixi, içkilərin müxtəlifliyi və xüsusiyyətləri, ölkəmizin üzümçülük ənənələri, eləcə də “Made in Azerbaijan” brendinə daxil olan şərab və içkilər barədə danışılıb.

Təqdimatla yanaşı, “Tovuz Baltiya” LTD şirkətinin “Tovuz Nar”, “Pomegranate Wine” və “AzerNar” nar şərabları, “Tovuz Granatium” brendi, “Tovuz Al-Kuhulu Ayva” heyva arağı, “İsmayilli Sharab-2” ASC-nin “Chabiant Vino Nuovo” və “Chabiant Madrasa” şərabları, “Aspi Agro” MMC-nin “Savalan” şərabları və “Agro-Azerinvest” LTD şirkətinin “Gold Baku” konyakının dequstasiyası keçirilib. Təqdimat zamanı xüsusi diqqət Azərbaycanda yetişdirilmiş yerli üzüm sortlarından hazırlanan şərablara və Bolqarıstan üçün səciyyəvi olmayan nar, heyva, alma, qarpız, tut və digər meyvələrdən hazırlanan şərablara və spirtli içkilərə ayrılıb. Bundan əlavə, Ermənistan istehsalı kimi təqdim olunan bir sıra içkilərin məhz Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni yetişdirilmiş məhsuldan hazırlandığı iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirdə iştirakçı qismində Bolqarıstanın şərab və spirtli içkilərinin istehsalçıları, mütəxəssislər, içkilərin Bolqarıstanda satışını həyata keçirən mağaza və ticarət şəbəkələrinin nümayəndələri iştirak ediblər. Təqdimat böyük marağa səbəb olub, təqdim edilən içkilər iştirakçılar tərəfindən bəyənilib.

“VİNARİA 2018” sərgisində, həmçinin Azərbaycanın “Aznar” şirkətinin istehsal etdiyi məhsulların (nar şirəsi, narşərab, narın digər meyvələr ilə qarışıq şirəsi) Bolqarıstana idxalını həyata keçirən “Naturalis” şirkəti stendlə çıxış edərək sözügedən məhsulların satışını həyata keçirib.

Sərgi Bolqarıstanın ikinci ən iri şəhəri olan Plovdivdə illik əsasda keçirilən aqro-biznes, kənd təsərrüfatı, qida və şərab sahələrini əhatə edən nadir meqa-forumun bir hissəsidir. Cari ildə 33 ölkədən 700 şirkətin qatıldığı bu meqa-forumu 5 gün ərzində 47 min insan ziyarət edib. “VİNARİA 2018” zamanı təşkil olunmuş dequstasiyalarda 63 min 183 qədəh içki istifadə olunub ki, bu da Bolqarıstanda keçirilən bütün müvafiq tədbirlərlə bağlı rekord göstəricidir.

Qeyd edək ki, ötən il keçirilmiş “VİNARİA” 25-ci Beynəlxalq Üzümçülük və Şərab İstehsalı Sərgisi çərçivəsində baş tutmuş “WİNERY 2017” şərab müsabiqəsində “Gəncə şərab 2” şirkətinin istehsalı olan “Hillside” qırmızı quru şərab müsabiqənin “Köhnə üzüm yığımı olan qırmızı şərablar” kateqoriyası üzrə gümüş medala və sertifikata layıq görülüb.

Check Also

Şamaxıda müharibə veteranlarının və əlillərin toplantısı olub

“Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişаfı” İctimаi Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi …

160*600