Home / İqtisadiyyat / Çində Azərbaycana dair təqdimat olub

Çində Azərbaycana dair təqdimat olub

Çinin iqtisadi cəhətdən ən inkişaf etmiş şəhərlərindən olan və ölkənin texnologiya mərkəzi hesab edilən Şencendə Azərbaycanın investisiya imkanlarına dair təqdimat olub.

Şencen Regional İqtisadi Əməkdaşlıq Assosiasiyasının binasında təşkil olunan təqdimatda Şencen şəhəri və ümumilikdə Quandun vilayətinin, habelə Honqkonq Xüsusi İnzibati Rayonunun tanınmış şirkətlərinin rəhbərləri və təmsilçiləri iştirak ediblər.

Şencen Regional İqtisadi Əməkdaşlıq Assosiasiyasının prezidenti Çen Ciyun son illər Azərbaycanın sürətli iqtisadi inkişafı ilə xarici investorların, nüfuzlu şirkətlərin, o cümlədən Çin sərmayəçilərinin diqqətini cəlb etdiyini bildirib.

Çen Ciyun öz ətrafında 100-dən çox şirkəti birləşdirən Assosiasiyanın Çin investorlarının Azərbaycana artan marağını nəzərə alaraq, xüsusi təqdimat keçirməyi qərara aldığını bildirib, rəhbərlik etdiyi təşkilatın Azərbaycanla olan əlaqələrindən bəhs edib. Qeyd olunub ki, Şencen Regional İqtisadi Əməkdaşlıq Assosiasiyası Bakının Qaradağ rayonunda “Azərbaycan-Çin Azad İqtisadi Sənaye Şəhərciyi” yaratmaqla bağlı planları var. Bu istiqamətdə artıq Assosiasiya ilə Qaradağ Rayon İcra Hakimiyyəti arasında şəhərciyin yaradılması sahəsində əməkdaşlıq haqqında sənəd də imzalanıb.

Azərbaycan ilə Çin arasında ikitərəfli münasibətlərin tarixindən və hazırkı vəziyyətindən danışan ölkəmizin Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı bildirib ki, tarixi İpək Yolu vasitəsilə əsası qoyulan əlaqələrimiz müasir dövrdə daha da möhkəmlənib. Dövlət başçıları İlham Əliyevin və Si Cinpinin ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq hər iki ölkənin müvafiq qurumları səmərəli fəaliyyət göstərir.

Səfir Ə.Zeynallı ölkəmizin iqtisadi inkişafından söz açaraq, regionun lider dövləti olan Azərbaycanın son illər əldə etdiyi nailiyyətlərdən, uğurlu neft strategiyası və həyata keçirilən islahatlar nəticəsində ölkənin hərtərəfli tərəqqisindən, Azərbaycanın liderliyi ilə icra olunan irimiqyaslı enerji və nəqliyyat layihələrindən, səmərəli biznes və sərmayə mühitindən, respublikanın əlverişli coğrafi-iqtisadi mövqeyindən, ölkəmizdən keçən Şərq-Qərb, Cənub-Şimal nəqliyyat dəhlizlərindən, o cümlədən Avropa ilə Asiya arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars xəttindən danışıb.

Bildirib ki, Azərbaycan dövləti ölkədə qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə böyük əhəmiyyət verir, xarici şirkətlərin fəaliyyəti üçün hər cür şərait yaradıb.

Səfir Əkrəm Zeynallı Azərbaycanda Çin şirkətlərinin uğurla fəaliyyət göstərdiklərini qeyd edərək, daha çox çinli investorun ölkəmizə sərmayə yatırmasının, yeni müəssisələr yaradaraq, istehsal olunan məhsulların daxili bazar ilə yanaşı, qonşu ölkələrə ixracının səmərəli olacağını qeyd edib.

Təqdimat mərasimində Azərbaycanın müasir inkişafına, iqtisadi potensialına dair videoçarxlar nümayiş olunub. Sonra Bakının Qaradağ rayonunda inşası nəzərdə tutulan “Azərbaycan-Çin Azad İqtisadi Sənaye Şəhərciyi”nin tikintisinə dair Şencen Regional İqtisadi Əməkdaşlıq Assosiasiyası ilə Çin Dəmir Yolunun XIX Bürosu, habelə şəhərcikdə istehsal müəssisələri yaratmaq istəyən şirkətlər arasında niyyət protokolları imzalanıb.

Qeyd edək ki, Şencen Regional İqtisadi Əməkdaşlıq Assosiasiyasının binasında ölkəmizə Çin sərmayəçilərinin cəlb olunması üçün xüsusi Azərbaycan investisiya mərkəzi yaradılıb.

Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı assosiasiyanın prezidenti Çen Ciyun, Çin Dəmir Yolunun XIX Bürosunun icraçı direktoru Cao Quoçi, müxtəlif şirkətlərin rəhbərləri ilə görüşlərində Azərbaycan ilə Çin arasında iqtisadi sahədə əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, çinli sahibkarların iki ölkənin iqtisadi əməkdaşlığında daha fəal rol oynamasının əhəmiyyəti vurğulanıb.

DiasporNews

Check Also

“Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişаfı” İctimаi Birliyinin layihəsi davam edir

“Cəmiyyətin və vətəndаş münаsibətlərinin inkişаfı” İctimаi Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi …

160*600