Home / İqtisadiyyat / Latviya-Azərbaycan iqtisadi əməkdaşlığı genişlənir

Latviya-Azərbaycan iqtisadi əməkdaşlığı genişlənir

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun başçılığı ilə Riqada səfərdə olan Azərbaycan nümayəndə heyəti iyulun 24-də Latviyanın Azərbaycanla əməkdaşlıqda marağı olan iri şirkətlərinin rəhbərləri ilə görüşüb.

Görüşdə Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizdə yaradılmış əlverişli biznes mühiti, mövcud potensial və investisiya imkanları barədə məlumat verib. S.Məmmədov latviyalı biznesmenləri ölkəmizə gəlməyə, Azərbaycanda yaradılmış sənaye parklarından, sənaye məhəllələrindən və aqroparklardan istifadə etməyə, habelə təklif olunan güzəştlərlə iqtisadi fəaliyyətin müxtəlif növləri ilə məşğul olmağa dəvət edib. Sonda latviyalı biznesmenlərin suallarına cavab verilib.

Elə həmin gün Azərbaycan nümayəndə heyəti Latviyanın nəqliyyat naziri, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının həmsədri Uldis Auqulis ilə görüşüb.

Latviyalı nazir deyib ki, nəqliyyat sahəsində ikitərəfli əməkdaşlıq iqtisadi proseslərlə sıx bağlıdır. U.Auqulis qeyd edib ki, dünən Riqada Azərbaycan Ticarət Evinin açılması ikitərəfli əməkdaşlığa yeni təkan verib. O, əmin olduğunu bildirib ki, Ticarət Evi inkişaf etdikcə ölkələrimiz arasında daşımaların həcmi yalnız artacaqdır.

Azərbaycan mallarının Avropa İttifaqı bazarına ixracı üçün nəqliyyat logistikası sahəsində azərbaycanlı sahibkarlara Latviyanın tranzit dəhlizinin – limanların, dəmir yolların, aeroportun, avtonəqliyyatın imkanlarından istifadə etmək təklif olunub. Qeyd edilib ki, Azərbaycanın Avropa ölkələrinə göndərilən xarici ticarət yüklərinin saxlanması və emal edilməsi məqsədilə Latviya ərazisində yeni nəqliyyat–logistika mərkəzləri, terminallar, anbarlar yaratmaq üçün geniş imkanlar var.

Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib ki, iyulun 23-də Avropa paytaxtında Azərbaycan Ticarət Evinin açılması Riqa ilə Bakı arasında ticari-iqtisadi əməkdaşlığı genişləndirməyə qarşılıqlı marağı əks etdirir. S.Məmmədov qeyd edib ki, qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanan Azərbaycan-Latviya əlaqələri strateji tərəfdaşlıq səviyyəsində uğurla inkişaf edir. Əminlik bildirilib ki, iqtisadi və ticari əlaqələrin möhkəmlənməsi həm sərnişin, həm də yük daşımalarına müsbət təsir göstərəcək.

Nazir müavini vurğulayıb ki, Azərbaycan investisiya sahəsində Latviya ilə əməkdaşlığın genişləndirilməsinə və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə böyük əhəmiyyət verir. Görüşlərdə Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov iştirak edib.

DiasporNews

Check Also

ATV SƏHƏR İSTİRAHƏTƏ DƏVƏT EDİR-“HARA GEDƏK?”

Azad Azərbaycan Televiziyasında yayımlanan ATV SƏHƏR verilişi “Hara gedək? adlı maraqlı bir layihə təqdim edib. …

160*600