Home / Lobbi fəaliyyəti / Moskvada “Yeddi gözəl” sərgisi açılacaq

Moskvada “Yeddi gözəl” sərgisi açılacaq

2018-ci ilin noyabrın 21-dən 2019-cu il fevralın 3-dək Ümumrusiya Dekorativ Sənət Muzeyində “Yeddi gözəl” sərgisi keçirilcək. Tədbir Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin dəstəyi ilə Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyi tərəfindən təşkil edilib. Sərginin ekspozisiyasında Heydər Əliyev Fondunun, Azərbaycan Xalça Muzeyinin və Azərbaycanın Dövlət Musiqi Mədəniyyəti Muzeyinin kolleksiyalarından seçilmiş eksponatlar nümayiş etdiriləcək.

Ekspozisiyanın konsepsiyası XII əsrdə yaşayıb yaratmış dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poeması və dünyaşöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevin eyniadlı baleti əsasında yaradılıb. Layihədə Azərbaycan mədəniyyəti xalçaçılıq, zərgərlik, miniatür, milli klassik musiqi, klassik rəqsin və müasir incəsənətin sintezi nəticəsində hərtərəfli təqdim edilib.

Ümumrusiya Dekorativ Sənət Muzeyinin bu sərgi haqqında məlumatında deyilir: “Sərgiyə gələn tamaşaçı sanki yeddi gözəl və şah Bəhram haqqında əfsanədə təsvir edilən məkana düşür. Sərgidəki xalçaların, kitab miniatürlərinin, dekorativ-tətbiqi incəsənət nümunələrinin və installyasiyalarının köməyi ilə Azərbaycan mədəniyyəti üçün böyük əhəmiyyət kəsb edən bu ədəbi əsərin fəlsəfi dünyası canlanacaq. Ekspozisiyaya Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında Qara Qarayev tərəfindən yazılmış eyniadlı baletdən səhnələr və bu balet tamaşasına həsr edilmiş arxiv materialları daxildir”.

DiasporNews

Check Also

Azərbaycanlı xanım Kamçatka gözəli seçilib

Rusiyanın Kamçatka diyarında ilk dəfə keçirilən “2018-ci ilin etno-gözəli” müsabiqəsinin qalibi azərbaycanlı Ruhiyyə Mustafayeva olub. …