Home / Diaspor / ABŞ Konqresində 20 Yanvarla bağlı bəyanat verildi

ABŞ Konqresində 20 Yanvarla bağlı bəyanat verildi

23 yanvar 2019-cu il tarixində, ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri Tennesi ştatını təmsil edən konqresmen Stiv Kohen (Demokrat) və ABŞ Konqresinin Xarici Məsələlər Komitəsinin üzvü Stiv Şabot (Respublikaçı – Ohayo) tərəfindən 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı ayrı-ayrılıqda bəyanat verilib.

ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupunun həmsədri qismində bəyanat verən Konqresmen Stiv Kohen ilk öncə Azərbaycan tarixində ən faciəvi hadisələrdən olan “Qara Yanvar” qırğınının 29-cu ildönümünün yad edilməsi məqsədilə bəyanat verdiyini diqqətə çatdırır.

Bəyanatda bildirilir ki, 20 yanvar gecəsi təqribən 26 minlik sovet ordusu tank və zirehli texnika ilə Azərbaycanın paytaxtı Bakı şəhərinə hücum edib. Həmin gecə, Sovet hərbçiləri məsum Azərbaycanlılara zor tətbiq edib, qadın və uşaqlar da daxil olmaqla dinc nümayiş iştirakçılarını fərq qoymadan atəşə tutub. Bu qəddar hərəkətlər nəticəsində 147 insan həlak olub, 800-ə yaxın yaralanıb, 841 nəfər həbs edilib, 5 nəfər isə itkin düşüb.

Konqresmen Human Rights Watch təşkilatının “Azərbaycanda Qara Yanvar” adlı hesabatına istinadən vurğulayır ki, Bakıya hücum zamanı ən mənfur insan hüquqları pozuntularına tibb işçilərinə, təcili tibbi yardım avtomobillərinə və hətta xəstəxanalara qarşı hücumları misal göstərmək olar. Hesabatda, Sovet ordusu tərəfindən törədilmiş zorakılığın kollektiv cəza üsulu olduğu və Azərbaycan da daxil olmaqla SSRİ-nin digər ittifaq respublikalarındakı millətçilik hərəkatları üçün xəbərdarlıq kimi qiymətləndirildiyi Konqresin diqqətinə çatdırılır. Konqresmen Kohen Azərbaycanın müstəqilliyi uğrunda öz həyatlarını qurban verən şəxslərin ailələri ilə öz dualarını və kədərli düşüncələrini bölüşdüyünü bəyanatda xüsusi vurğulayır.

ABŞ və Azərbaycanın strateji müttəfiq, regionda və dünyada ortaq maraqlara malik olduqları konqresmen tərəfindən bildirilir. Azərbaycanın ABŞ təhlükəsizliyinə verdiyi töhfə alqışlanır. Sonda konqresmen Kohen Azərbaycanın azad bazar iqtisadiyyatı və demokratiya istiqamətində verdiyi qurbanların nəzərə alınmasının önəmli olduğunu vurğulayıb.

Konqresin digər üzvü Stiv Şabot da bəyanatında ilk öncə 29 il əvvəl Sovet qəddarlığı nəticəsində qətlə yetirilmiş insanları xatırlayıb və Azərbaycanın bu tarixi və faciəvi gününü yad edib.

Stiv Şabot bəyanatında 1990-cı ilin 20 yanvar gecəsi 26 minlik sovet qoşunlarının Bakı və ətraf ərazilərə hücumu nəticəsində 147 mülki əhalinin həlak olduğu və yüzlərlə insanın yaralandığını diqqətə çatdırır. “Qanlı Yanvar” kimi Azərbaycan tarixinə və əhalisinin yaddaşına həkk olunan bu faciəvi hadisələrin Azərbaycan Respublikasının yenidən formalaşması kimi anlaşıldığı vurğulanır. Bu hücumun Azərbaycanda müstəqillik hərəkatını boğmağa və Sovet İttifaqını qorumağa naçar cəhd olmasına baxmayaraq, əslində Azərbaycan və digər respublikaların müstəqillik hərəkatlarına təkan verdiyi qeyd olunur.

Bəyanatda həmçinin məlumat verilir ki, Azərbaycan əhalisinin təzyiqləri nəticəsində Azərbaycan Parlamenti 1991-ci ilin 30 avqust tarixində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası haqqında Bəyannaməni, 18 oktyabr 1991-ci il tarixində isə Azərbaycan Respublikası Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını təsdiq edib. 1991-ci ilin noyabr ayından etibarən Azərbaycanın müstəqilliyi tanınmağa başlanıb, gənc ölkənin müstəqilliyini tanıyan ilk ölkələrdən olan ABŞ 1992-ci ilin 28 fevral tarixində Azərbaycanla diplomatik münasibətlər quraraq mart ayında Bakıda Səfirlik təsis etdiyi Konqres üzvü tərəfindən diqqətə çatdırılır.

ABŞ və Azərbaycanın region üzrə ortaq maraq və məramlara malik olduğunu, ölkələrin xüsusilə enerji resurslarının inkişafı və təhlükəsizlik təhdidləri ilə mübarizə sahəsində əməkdaşlığını vurğulayan Stiv Şabot, digər Konqres üzvlərini Azərbaycanın bu faciəvi gününü yad etməyə çağırıb.

Bəyanatların Konqresin rəsmi gündəliyində qeydiyyata alınmış ingilis dilində mətnləri ilə müvafiq olaraq https://www.congress.gov/116/crec/2019/01/23/CREC-2019-01-23-pt1-PgE75-4.pdf və https://www.congress.gov/116/crec/2019/01/23/CREC-2019-01-23-pt1-PgE81-4.pdf internet səhifələrində tanış olmaq mümkündür.

DiasporNews

Check Also

“MeqaFon-un Qarabağı müstəqil dövlət sayması Rusiya-Azərbaycan münasibətlərinə təhlükədir”

Rusiya Azərbaycanlılar İttifaqı MeqaFon mobil operatorundan qərarın dərhal dəyişdirilməsini tələb edir “Rusiyanın ikinci böyük mobil …

160*600