Home / Diaspor / Azərbaycan diasporu Moskvada beynəlxalq konfrans keçirib

Azərbaycan diasporu Moskvada beynəlxalq konfrans keçirib

İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetində “Balaxanı-Qara şəhər” ilk neft kəmərinin istismara verilməsinin 140 illiyi və görkəmli alim, Dövlət mükafatı laureatı, Əməkdar elm və texnika xadimi, akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan “Rusiya-Azərbaycan. Dünya neft sənayesinin inkişafı. Hadisələr və insanlar” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbir Azərbaycan diasporu, Rusiya Dövlət Neft və Qaz Universiteti, Beynəlxalq Şuxov Fondu, Rusiya Milli Mühəndislər Palatası tərəfindən təşkil olunub.

Konfransı Rusiya Dövlət Neft və Qaz Universitetinin rektoru Viktor Martınov açaraq Bakını dünyanın neft hasilatı mərkəzlərindən biri adlandırıb. Bakıda neft istehsalının tarixindən bəhs edən rektor, bu sahədə Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın inkişafından danışıb: “Xalqlarımız arasında dostluq münasibətlərinin zaman həddi yoxdur və biz ümid edirik ki, bu əlaqələr bundan sonra da möhkəmlənəcək”.

V.Martınov akademik A.Mirzəcanzadənin elmi irsinin neft-qaz sahəsində gənc kadrların yetişdirilməsindəki əhəmiyyətindən danışıb, Rusiya Dövlət Neft və Qaz Universitetində məşhur alimin adını daşıyacaq auditoriyanın yaradılacağını deyib: “2019-cu ildə universitetimizdə neftçi-alim A.Mirzəcanzadənin adını daşıyacaq auditoriyanın yaradılmasını planlaşdırırıq. Düşünürəm ki, bu, gənc mütəxəssislərin neft və qaz elminin baniləri haqqında daha geniş biliklərə malik olmasına kömək edəcək”.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Böyük Vətən Müharibəsi illərində məhz Bakı neftinin cəbhəni yanacaqla təmin etdiyini vurğulayıb: “Bütün hərbi sərkərdələr, o cümlədən Georgi Jukov hər zaman xatırladıblar ki, Bakı nefti olmasa idi, müharibənin nə ilə bitəcəyi məlum deyildi”.

Neft tariximizin görkəmli şəxsiyyətlərinin bizə qarşılıqlı fəaliyyətin, əməkdaşlığın nümunəsi olan bir platforma miras qoyduqlarını deyən səfirin sözlərinə görə, incəsənət adamları kimi, neftçilər də siyasi şəraitdən asılı olmayaraq, əməkdaşlıq əlaqələrini hər zaman qoruyub saxlayırlar. P.Bülbüloğlu qeyd edib ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyev A.Mirzəcanzadə ilə şəxsən tanış idi və onun fəaliyyətini daim dəstəkləyirdi. Səfir deyib: “Biz, əlbəttə ki, Rusiya Dövlət Neft və Qaz Universitetinin auditoriyalarından birinə görkəmli alimin adının verilməsi ideyasını məmnuniyyətlə dəstəkləyirik. Düşünürəm ki, biz də öz tərəfimizdən A.Mirzəcanzadə adına təqaüd təsis edilməsi təşəbbüsünü irəli sürəcəyik”.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademiki professor Fazil Qurbanov Azərbaycanda 1878-ci ildə Balaxanı və “Qara şəhər” neftayırma zavodları arasında çəkilmiş ilk boru kəmərinin tarixindən danışıb. Akademik A.Mirzəcanzadənin elmi fəaliyyətini yüksək qiymətləndirən F.Qurbanov bildirib ki, həm elmi yaradıcılıq, həm də pedaqoji fəaliyyətlə məşğul olmuş alimin yüksəkixtisaslı kadrların hazırlanmasında böyük xidmətləri olub: “O, 400-ə yaxın elmi əsərin, 50-dən çox ixtira və patentin müəllifi olub. Neft və qazın çıxarılması proseslərinin optimallaşdırılması, dəniz neft yataqlarının işlənilməsinin dinamik metodlarının hazırlanması, tətbiq edilməsi və s. alimin başlıca elmi nailiyyətləri sırasındadır”.

Sonra Rusiyanın bir sıra elmi və ictimai təşkilatlarının nümayəndələrinin çıxışları dinlənilib. Konfrans işini bölmələrdə davam etdirib.

DiasporNews

Check Also

İsraildə Qara Yanvarla bağlı anım mərasimi keçirilib

İsraildə fəaliyyət göstərən Azİz təşkilatı 20 yanvar faciəsi ilə bağlı tədbir təşkil edib. Tədbirdə şəhidlərin …