Home / Diaspor / Azərbaycan İrəvanı haqqında film Amerika ictimaiyyətinə təqdim edilib

Azərbaycan İrəvanı haqqında film Amerika ictimaiyyətinə təqdim edilib

Noyabrın 19-da Nyu-Yorkun Bruklin meriyasında (Brooklyn Borough Hall) Əməkdar jurnalist, Bakı Slavyan Universitetinin professoru, “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin sədri Şəlalə Həsənovanın müəllifi olduğu “İrsimizə atəş açmayın” adlı sənədli film ABŞ ictimaiyyətinə təqdim olunub.

Azərbaycanın ABŞ-dakı səfirliyinin dəstəyi və Azərbaycan-Amerika Qadınlar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Minəvvər Vahabova hər daşında əcdadlarımızın irsi uyuyan İrəvan haqqında faktların Amerika ictimaiyyətinə çatdırılmasının zəruriliyini vurğulayıb. Bildirib ki, Şəlalə Həsənovanın hazırladığı filmin gücü və təsiri onun təməlini təşkil edən təkzibolunmaz faktlardadır. Belə ki, Azərbaycan İrəvanının tarixi, məscid arxitekturası fransız, rus, ingilis, erməni alimləri, səyahətçiləri, yazıçılarının xatirələrində canlandırılır. Bununla yanaşı, film Ermənistan-Azərbaycan “Sülh platforması”nın fəaliyyətini işıqlandıraraq Azərbaycanın sülhməramlı çağırışlarını, tolerant mövqeyini geniş xarici ictimaiyyətə bəyan edir.

Filmin nümayişindən sonra çıxış edən BMT-nin qeyri-hökumət təşkilatları ilə əlaqələr üzrə baş meneceri Jon Lieçti, Bruklin prezidentinin rusdilli icmalar üzrə köməkçisi Marietta Rozental, Amerikada dağ yəhudiləri icmasının rəhbəri Yakov Abramov, Özbəkistan icmasından Gülşən Marşall, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının rəhbəri İradə Axundova, Türkiyə icmasından Tulin Corakçı Anit, Florida-Azərbaycan Amerika Assosiasiyasının rəhbəri Töhfə Eminova və başqaları filmin sülhməramlı ovqatını, nadir kitabların və sənədlərin yer almasını, dağıdılmış İrəvan məscidlərinin şəhərin xəritəsində dəqiq yerləri göstərilməklə canlandırılmasını önəmli xüsusiyyət kimi qeyd ediblər.

Təbir çərçivəsində Florida, Texas, Meyn, Şimali Karolina, Minnesota ştatlarından gəlmiş Azərbaycan diasporasının nümayəndələri maraqlı ictimai müzakirəyə qatılıblar.

Tədbirdə Azərbaycanın ABŞ-daki səfirliyinin əməkdaşları, Diasporla İş üzrə Dövlət Komitəsinin məsul işçiləri Vüqar Məmmədov və Səlhət Abbasova iştirak ediblər. Komitənin Amerika regionu şöbəsinin müdir müavini S. Abbasova filmlə bağlı fikirlərini bölüşüb, xarici ölkələrdə bu kimi ictimai müzakirələrin önəmini vurğulayıb.

Sonda çıxış edən Şəlalə Həsənova “İrəvan haqqında filmin Amerikada təqdimatı və ictimai müzakirənin təşkili” layihəsinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirildiyini bildirərək, milli donora, tədbirin təşkilatçısına, Azərbaycanın ABŞ-dakı səfirliyinə, Diasporla İş üzrə Dövlət Komitəsinə, qonaqlara təşəkkürünü bildirib.

Tədbirin sonunda Şəlalə Həsənovaya Nyu-York şəhəri Bruklin bölgəsinin başçısı Erik Adamsın təşəkkürnaməsi təqdim olunub.

DiasporNews

Check Also

Vaşinqtonda Parlamentin 100 illiyi qeyd edilib – FOTOLAR

ABŞ-ın paytaxtında məşhur Hərbi Dəniz Qüvvələrinin Mərkəzində Azərbaycan Parlamentinin 100-ci ildönümü ilə əlaqədar ziyafət təşkil …