Home / Lobbi fəaliyyəti / “Azərbaycan sülhməramlıları nümunəvi xidmətləri ilə fərqlənirlər” – ABŞ generalı

“Azərbaycan sülhməramlıları nümunəvi xidmətləri ilə fərqlənirlər” – ABŞ generalı

Noyabrın 9-da Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Azərbaycanda səfərdə olan ABŞ Nəqliyyat Komandanlığının komandanı general Stefen Lyonsun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyindən DiasporNews-a verilən məlumata görə, qonaqları salamlayan Baş Qərargah rəisi yeni vəzifəyə təyin olunması münasibətilə general S.Lyonsu təbrik edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb. Regiondakı hərbi-siyasi və cəbhə xəttindəki hazırkı vəziyyətə toxunan general-polkovnik N.Sadıkov Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinin davam etdiyini bildirərək münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinin mümkün olduğunu diqqətə çatdırıb.

Azərbaycan-ABŞ münasibətlərinin ikitərəfli və NATO-nun müxtəlif proqramları çərçivəsində, o cümlədən təhsil sahəsində inkişaf etdiyini qeyd edən general-polkovnik N.Sadıkov bildirib ki, ölkələrimiz arasında müdafiə sahəsində, xüsusilə nəqliyyat komandanlığı ilə əməkdaşlıq yüksək səviyyədə davam etdirilir.

Dövlət Bayrağı Günü münasibəti ilə Azərbaycan tərəfini təbrik edən ABŞ generalı yeni vəzifədə ilk rəsmi xarici səfərini məhz ölkəmizə etməsindən məmnun olduğunu ifadə edib. Qonaq ölkəmizin Əfqanıstandakı sülhməramlı missiyaya verdiyi töhfəni yüksək qiymətləndirərək bu sahədə fəal əməkdaşlığa görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.

Azərbaycan sülhməramlılarının xidmətini nümunəvi adlandıran general S.Lyons Əfqanıstanda həyata keçirilən missiyanı Azərbaycan-ABŞ və Azərbaycan-NATO əməkdaşlığının əhəmiyyətli hissəsi olduğunu da vurğulayıb. Görüşdə ikitərəfli hərbi əməkdaşlığa dair fikir mübadiləsi də aparılıb.

DiasporNews

Check Also

Lüksemburqda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb

Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi və Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Mədəniyyət …