Home / Diaspor / Azərbaycanlı xanım Kamçatka gözəli seçilib

Azərbaycanlı xanım Kamçatka gözəli seçilib

Rusiyanın Kamçatka diyarında ilk dəfə keçirilən “2018-ci ilin etno-gözəli” müsabiqəsinin qalibi azərbaycanlı Ruhiyyə Mustafayeva olub. Diasporla İş üzrə Dövlət Komitəsindən DiasporNews-a verilən məlumata görə, müsabiqəyə yarımadadakı rus, çukça, ukrayn, belorus, tatar, buryat, qırğız və digər millətləri təmsil edən 16-30 yaş arasında 14 iştirakçı qatılb. Onların hər biri milli yaradıcılıq nümunələri ilə çıxış edib, özü və xalqı haqqında məlumat verib, milli geyim defilesinde iştirak edib.

İştirakçıların bütün çıxışları münsiflər heyəti tərəfindən qiymətləndirildikdən sonra yakut və azərbaycanlı gözəlin balları eyni olduğu üçün açıq səsvermə keçirilib. Nəticədə 13 nömrə altında müsabiqəyə qatılan soydaşımız Ruhiyyə Mustafayeva 2018-ci ildə Kamçatkanın etno-gözəli seçilib.

Kamçatkada Azərbaycanın diaspor təşkilatı olan “Dostluq” İctimai Birliyinin sədri Ramazan Hüseynov “Etno-gözələ” tac və 50 min rubl dəyərində sertifikat təqdim edib. Ruhiyyə Mustafayeva həmçinin, “Xalq mahnıları” nominasiyasında ən yaxşı ifaçı seçilib və “Tamaşaçı simpatiyası” mükafatında səslərin çoxunu qazanıb.
Tədbir “Dostluq” İctimai Birliyinin təşkilatçılığı, eləcə də Kamçatkanın Mədəniyyət Nazirliyi və Daxili Siyasət Agentliyinin dəstəyi ilə baş tutub.

DiasporNews

Check Also

Kaliforniyada ilk azərbaycanlı diş həkimi – FOTOLAR

Çox şən, gülərüz, mehriban xanımdır. Onlunla söhbət zamanı vaxtın necə keçdiyini hiss etmədim. Amerikaya gələndən …

160*600